• bazar ertəsi, 07 oktyabr, 18:26
  • Baku Bakı 23°C

İpoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir 

30.03.24 00:13 2579
İpoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir 

“Ölkədə nə qədər sayt, sayt rəhbəri var. Əməkhaqqısı yüksək olan jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir”.

“Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir”. “Report”un məlumatına görə, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
“Dövlət, dövlət başçısı istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın. Əfsuslar olsun ki, ipoteka kreditlərindən daha çox dövlət qulluğunda çalışanlar geniş şəkildə istifadə edə bilirlər. Digər şəxslərin ipoteka kreditlərindən bəhrələnməsi çətindir. Götürək bənna, zərgər, bərbər, çilingər və digər sahələr üzrə çalışanları - heç biri ipoteka götürə bilmir. Halbuki bunlar hamısı vergi ödəyicisidir”, - S.Novruzov qeyd edib.
Deputatın fikrincə, cəmi 3 nəfər (bu il - red) jurnalist ipoteka krediti ala bilib: “Ölkədə nə qədər sayt, sayt rəhbəri var. Əməkhaqqısı yüksək olan jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir. Jurnalist var 20 ildir eyni saytda işləyir, lakin bu günə qədər ipoteka krediti ala bilmir”.

S.Novruzov hesab edir ki, bundan əlavə kənd yerlərində yaşayanlara verilən ipoteka ilə şəhərdə yaşayanlara verilən ipoteka krediti arasında fərq olmalıdır: “Gənc ailə, gənc müəllim kənddən ev alıb yaşaya bilməlidir”.

 “Heç bir müəllim təqaüdə getmək istəmir”

S.Novruzov pensiya yaşı məsələsindən də danışıb. Bildirib ki, Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar da bununla razılaşmır. Deputatın sözlərinə görə, onlar xahiş edirlər ki, yaş həddi artırılsın. “Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahə var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmirlər. 65 yaşında kişi gedib bina tikə, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”, - S.Novruzov qeyd edib.

“Gənc qızlar ana olmaq istəmirlər”

Millət vəkili Sabir Rüstəmxanlı isə ailə institutu ilə bağlı problemlərə toxunub. O qeyd edib ki, sosial problemlər ucbatından gənc qızlar ana olmaq istəmirlər. S.Rüstəmxanlı təqaüd yaşının azaldılmasına nəzər salınmasını da təklif edib: “Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə, anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidirlər. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.

“Bu məhdudiyyət aradan qaldırılsın”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təklif edib ki, şəhid ailələrinin üzvləri və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün dövlət hesabına təhsilalma ilə bağlı tətbiq edilən yaş məhdudiyyəti aradan qaldırılsın.
“Çox yaxşı haldır ki, müharibə veteranı olmuş şəxslərə bununla bağlı heç bir yaş məhdudiyyəti yoxdur, istər 30 yaşında universitetə girsinlər, dövlət onların təminatını verəcək”, - deyə deputat bildirib. Onun sözlərinə görə, şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsilinə dövlət dəstəyinin son yaş həddi 23-dür: “Təklif edirəm ki, bu məhdudiyyət aradan qaldırılsın. Bu kateqoriyadan olan şəxslər istənilən yaşda təhsil ala bilməlidirlər”.

banner

Oxşar Xəbərlər