Çinin Sian Universitetinin nümayəndə heyəti ADU-da olub
Çinin Sian İqtisadiyyat və Maliyyə Universitetinin
prorektoru, professor Li Jiaojuinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda
olub.
ADU-nun
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qonaqlara Azərbaycan-Çin
iqtisadi əlaqələrinin inkişafının istiqamətləri barədə məlumat verərək qeyd
edib ki, Azərbaycan Respublikası özünün coğrafi mövqeyi və zəngin ehtiyatları
ilə "İpək Yolu iqtisadi qurşağı” layihəsinin həyata keçirilməsində mühüm bir
ölkədir. O, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini xatırladaraq
onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərinə səfər etdiyini, "Şansi”
avtomobil şirkətinin texnoparkı ilə tanış olduğunu vurğulayıb.
ADU-nun
Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jihua qonaqlara Çin təşəbbüsünün
həyata keçirilməsi sahəsində araşdırma aparan Konfutsi İnstitutunun tədqiqat fəaliyyəti,
Çin iqtisadiyyatına dair tələbə elmi seminarları barədə məlumat verib.
Professor Li Jiaojui Azərbaycana səfəri barədə təəssüratlarını
bölüşərək, ADU-nun Konfutsi İnstitutu ilə elmi əməkdaşlığa maraq göstərdiklərini
bildirib.
Görüşdə iki təşkilat
arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb.
Sonda Çindən gələn
qonaqlara ADU-nun Azərbaycan və Çin dillərində nəşr etdiyi, Prezident İlham Əliyevin
fəaliyyətinə həsr olunan "İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir
davamçısı” adlı kitab hədiyyə olunub.