AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İnanc yerlərinə qarşı erməni saxtakarlığı və vəhşiliyi

İnanc yerlərinə qarşı erməni saxtakarlığı və vəhşiliyi

Mədəniyyət
20 Fevral 2021, 13:00 531
Ermənilərin tarixi saxtalaşdırmaq üçün Qarabağda tikdikləri kilsələrinin sayı Ermənistan ərazisindəki kilsələrin sayından iki dəfə çoxdur
 
 
Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistan həmin ərazilərin bütün milli-mədəni dəyərlərinin planlı və sistemli şəkildə məhv edilməsini həyata keçirib. Azərbaycanın memarlıq sənəti nümunələrini, inanc və ibadət yerlərini, musiqi əsərlərini, tətbiqi sənət numunələrini, folklorunu, toponimlərini, eləcə də tarixi əsərlərimizi və yazılı nümunələrinimizi birdəfəlik və ya tədricən yox edilməsini və mənimsənilməsini hədəf götürüb. Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hazırladığı hesabatında vandalizim aktlarına faktlarla yer ayırıb. İB-nin sədri Faqi İsmayılov bildirir ki, erməni işğalı altında olan Azərbaycan ərazilərinin mənimsənilməsi üçün mədəni irs nümunələrinin məhv edilməsi erməni din xadimlərinin və Ermənistan hökumətinin dövlət siyasətinin əsas xətti olub. Belə ki, Ermənistanın bu fəaliyyəti beynəlxalq hüquqda vandalizm aktı hesab olunur. "Ermənilıər işğal altında saxlanan Dağlıq Qarabağ və ətraf rayonların  ərazilərində Azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdıb, tamamilə məhv edib, vandalizmə uğradıblar. "Qarabağda və onun ətraf ərazilərində mövcud olan VIII-IX, XIII-XVI, XVII-XX əsrlərə aid olan məscid memarlığını məhv edərək, bu torpaqlarda dövlət yaratmaq istəyi heç bir qanuna və insanlığa sığmayan hadisədir”.
 
200-dən çox dağılmış məscid
 
F.İsmayılovun araşdırmalarına görə,  Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 72 müsəlman məscidi və 140 inanc yeri və ziyərətgah olub. Belə ki, Şuşada 17 məhəllə məscidi, Ağdamda 5 məscid, 18 inanc yeri və ziyarətgah, Füzulidə 17 məscid, 20 inanc yeri və ziyarətgah, Zəngilanda 12 məscid, 19 inanc yeri və ziyarətgah, Cəbrayılda 5 məscid, 37 inanc yeri və ziyarətgah, Qubadlıda 8 məscid 20 inanc yeri və ziyarətgah, Laçında 9 məscid 21 inanc yeri və ziyarətgah, Kəlbəcərdə 2 məscid, 5 inanc yeri və ziyarətgah fəaliyyət göstərib. "1992-ci ildən Ermənistan Respublikasının işğalı altındakı 210 məscid və digər inanc yeri və ziyarətgahlardan yalnız 4 məscid və bir neçə türbə dağıdılsalar da, hələlik formalarını saxlayıb. Qalan 200-ə yaxın abidənin isə ermənilər tərəfindən tamamilə dağıdılaraq tarixə qovuşdurulduğunun şahidi oluruq”.
 
İB sədri qeyd edir ki, erməni vandalizminin qurbanı olan məscidlərdən biri Ağdam Cümə məscididir. Məscidi 1868-1870-ci illərdə Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği tikib.
 
Ağdam məscidi rayon 1993-cü ildə ermənilər tərəfindən işğal edilərkən çox ciddi dağıntılara məruz qalıb: "Bu məscid erməni işğalından bir ay sonra üzərinə benzin tökdürülərək yandırılıb. Ermənistanın müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatlar əldə edilib. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub və tamamilə yararsız hala salınıb. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq avadanlıqları qarət edilərək Ermənistana daşınıb. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılıb. Ermənilər 10 ildən çox bir müddət ərzində məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxlamaq üçün - yəni tövlə kimi istifadə ediblər. Bu, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşilikdir”. İB sədri qeyd edir ki, 2016-cı ildə keçmiş Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam Cümə məscidinin içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına göstəriş verilib. Bir ay ərzində məscidin içərisi və ətrafı erməni əsgərləri tərəfindən peyindən təmizlənib.
 
Yuxarı və Aşağı Gövhərağa məscidləri
 
Şuşanın Böyük Cümə Məscidi sayılan Yuxarı Gövhərağa məscidi 1883-1884-cü illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib.
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.
1992-ci il may ayının 8-dən etibarən Ermənistanın işğalı altına düşüb və dağıdılaraq yerlə yeksan edilib: "Ermənilər tərəfindən məscidin əsas binası və minarələri zirehli texnikaların atəşlərinə məruz qalıb, abidəyə ciddi ziyan dəyib. Tavanı bir neçə yerdən uçurdulub, daxildən və xaricdən divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb”. 
 
1832-ci ildə inşa edilən Aşağı Gövhərağa məscidi də eyni aqibəti yaşayıb. Abidə 1992-1994-cü illərdə dağıdılaraq yerlə yeksan edilib. Ermənilər tərəfindən məscidin əsas binası və minarələri zirehli texnikaların atəşlərinə məruz qalıb. Tavanı bir neçə yerdən uçurdulub, daxildən və xaricdən divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.  "Bu abidələrdən başqa, Şuşa şəhərində 19-cu əsrə məxsus Hacı Yusifli məscidi, Saatlı məscidi, Mamay məscidi, Çöl Qala, Xoca Mərcanlı məscidləri, 18-ci əsrə aid Quyuluq məscidi, Seyidli məscidi, o cümlədən Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı rayonlarında 18-19-cu əsrə aid məscidlər düşmən tərəfindən dağıdılaraq viran edilib.
 
Müharibənin zərər vurduğu dini abidələr
 
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı da bir sıra dini abidələrimiz ziyan çəkib. Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Gəncə şəhərindəki "İmamzadə Ziyarətgah” Kompleksi və "Aleksandr Nevski” adına rus pravoslav kilsəsinə ciddi ziyan dəyib. Belə ki, "İmamzadə”də pəncərələrin şüşəsi sınıb, insanların ziyarət etdikləri yerdə asılmış çilçıraq yerə düşərək yararsız hala gəlib, həmçinin ziyarətgahın ətrafındakı məzarlar zədələnib. Aleksandr Nevski adına kilsənin isə divarlarında çat əmələ gəlib və içərisindəki ikonalar sınıb. "Bununla yanaşı, Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlıqdakı "Şeyx Babı” türbəsinə və Tovuz rayonunun Ağdam kəndindəki "Alı Dədə” türbəsinə ciddi ziyan dəyib.  Həmçinin düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı "Cərcis peyğəmbər” ziyarətgahının yaxınlığına düşüb. Eləcə də Tərtər, Ağcabədi rayonunda qəbiristanlıqlar artilleriya atəşinə tutulub, nəticədə çoxsaylı qəbirlər ya tam dağılıb, ya da ciddi zərər görüb. Bundan əlavə, qeyd olunmalıdır ki, işğaldan azad edilmiş Zəngilan rayonundakı məsciddə ermənilərin donuz saxlaması Ermənistanın dini-mənəvi abidələrimizə qarşı vandalizmini bir daha təsdiqləyir”.

F.İsmayılovun sözlərinə görə, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində, xaraba qoyduqları inzibati yaşayış mərkəzlərinin ətrafında, xüsusi ilə yol kənarlarında, uca dağ zirvələrində, keçmiş müalicə istirahət mərkəzlərində, bulaq yaxınlıqlarında və gözəl təbiət mənzərələri ilə əhatə olunan ərazilərdə kütləvi şəkildə erməni kilsələri və dekorativ bədii həlli olan müxtəlif ölçülü xaç daşları inşa ediblər: "10 hektardan çox meşə sahəsini məhv edərək xaç qurğusu qurublar.  Laçın rayonunun Minkənd, İstisu ərazisində erməni xaç daşı,  Zəngilan şəhəri yaxınlığında 2014-cü ildə inşa edilən abidə kompleksi, keçmiş Ağdərə rayonunun Çərəkdar kəndi ərazisində 2018-ci ildə qurulan xaç daşı, Xankəndi şəhərində inşa edilən "erməni soyqırımı” xatirə kompleksi və s. buna misaldır. Ümumilikdə Ermənistan hökuməti işğal altında saxladığı ərazilərdə bu və ya digər formalı monumental qurğular və heykəltəraşlıq nümunələri və erməni terrorçularının xatirəsinə 1500-dən çox kompleks inşa ediblər. Bu tipli tədbirlər sırasına, işğal edilmiş Azərbaycan ərazilərinin xaraba qalan inzibati yaşayış məntəqələrində kilsələrin, erməni xatirə ansambllarının və xaç daşlarının tikintilərini də daxil edərək, bu iyrənc fəaliyyətlərini daha da "zənginləşdiriblər”. F.İsmayılov qeyd edir ki, tarixi baxımdan nə Dağlıq Qarabağda, və nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmayıb: "Dünyanın heç bir arxivində bunu sübut edə bilən hansısa sənədə rast gəlmək mümkün deyil. Son 20 ildə isə Ermənistan hökuməti işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını 58-ə çatdırıb. Bu, faktiki olaraq hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur”.

İB sədri bildirir ki, Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş qanunazidd əməllər beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilir: "Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir”.
 
Təranə Məhərrəmova