AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İmkan daxilində piyada gəzin ki...

İmkan daxilində piyada gəzin ki...

Təfsilat
10 Aprel 2021, 10:30 724
Metro bağlı, avtobuslarda sıxlıqdırsa, özümüzü koronovirusdan bu yolla qoruya bilərik
 
"Sıxlaşın”, "mehriban olun”, "hamı işə gecikir, yol verin camaat minsin” kimi avtobuslarda eşitdiyimiz müraciətlər təəssüf ki, pandemiya dövründə də davam edir. Sosial məsafə ictimai nəqliyyatın "sıxlaşın”la əvəzlədiyi ifadəyə çevrilib. "Mehribanlaşan” insanlar maska taxsalar da yoluxur, yoluxdururlar. Biz də hər gün yoluxma nəticələrini baxıb, rəqəm sayırıq. Təsadüfi deyil ki, bu qədər tədbir görülür, qapanmalara gedilir, demək olar ki, hamı maskalardan istifadə edir, amma bütün hallarda yoluxma sayında azalma müşahidə olunmur. Mütəxəssislər bunu ictimai nəqliyyatdakı sıxlıqla əlaqələndirirlər.  Problem aşkarlanıb, səbəb də bilinir, lakin həll edilmir. İctimai nəqliyyatdakı sıxlıqla bağlı heç bir irəliləyiş yoxdur.

Bütün dünya sosial məsafə saxlamağın əhəmiyyətindən danışır. Avtobusda sürücülərin "sıxlaşın” dediyi və sərnişinlərin sıxlaşmağa məcbur olduğu vaxtda sosial məsafə necə qorunmalıdır? Ən əsası, belə bir vəziyyətdə tək alternativ ictimai nəqliyyat vasitəmiz olan metro niyə bağlıdır? Avtobuslar metrodan azmı xəstəlik yayır? Metro bağlı olduğu üçün metrodan istifadə edən insanlar da avtobuslara yönəlir, nəticədə yoluxmanın çoxalması üçün münbit şərait yaranır. İnsanlar əziyyət çəkir və tıxac səbəbindən saatlarla yollarda qalırlar. Nəinki, avtobuslar, günün pik saatlarında dayanacaqlardakı sıxlıq insanı dəhşətə gətirir.  Bu problem nə üçün həll olunmur?
 


 "Metro fəaliyyətini davam etdirməlidir”

Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, ictimai nəqliyyatdakı sıxlığı aradan qaldırmaq üçün metro birmənalı olaraq, fəaliyyətini davam etdirməlidir. Bu olmadığı təqdirdə nə avtobuslardakı sıxlığı, nə də yollardakı tıxacı tənzimləmək mümkündür: "Bakıda elə bir vəziyyət yaranıb ki, imkanı olan hər kəs fərdi avtomobillərdən istifadə edir. Ona görə də tıxacların sayı çoxalıb. Xatırlayırsınızsa, pandemiyadan əvvəl həftə sonları tıxac müşahidə edilmirdi. Lakin həftəsonu avtobuslar işləmədiyi üçün hazırda sıxlıq müşahidə olunur. Bayram günlərində nadir hallarda tıxac olardı. Amma indi elə deyil. Düzdür, insanlar maksimum dərəcədə avtobusdan qaçmağa çalışırlar. Təbii ki, bu, həmişə alınmır. Çünki hamının avtomobili yoxdur. Həmçinin hər kəsin də taksi xidmətindən istifadə etməyə imkanı çatmır. Bu səbəbdən işə getməyə məcbur olan insanlar mənzil başına çatmaq üçün koronavirusa belə, məhəl qoymurlar”.

Ekspert deyir ki, günün pik saatlarında avtobusların hamısını marşruta çıxarmaq lazımdır: "Avtobuslarda sıxlıq olmaması üçün hazırda istifadədə olan avtobusların sayını 5 dəfə artırmaq lazımdır. Bu da mümkün deyil. Ona görə də yoluxmanın artmasını istəmiriksə, metronun fəaliyyətini bərpa etmək, orada da müəyyən olunan sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır. Pik saatlarda avtobusların hamısı marşruta çıxmalıdır. Burada insanların da öhdəliyində olan məsələlər var. Hamı işə görə avtobusa minmir. Elə adam var ki, qonaq gedir, dostları ilə görüşür. Bu insanlar günün pik saatlarında avtobusdan istifadə etməməlidirlər. Çünki onlar vaxtlarını idarə edə bilirlər. Amma işə gedib, işdən gələnlər o saatlarda istifadə etməyə məcburdurlar. Ən əsası isə imkan daxilində piyada gəzmək lazımdır”.
 


"Yoluxma riski hansı nəqliyyat növündə daha çoxdur?”

Nəqliyyat eksperti Elməddin Muradlı də bizimlə söhbətində vurğuladı ki, hazırda metronun bağlı qalmasının heç bir izahı yoxdur: "Sadəcə deyirlər ki, yoluxma riski var və metro bağlı qalmalıdır. Metronun bağlı qalmasının nəticəsində sərnişinlər avtobusda "qucaq-qucağa” gedir, daha sıx məsafədə mənzil başına çatırlar. İnsanlar yollarda qalır, dayanacaqlar dolu olur. Avtobusların sayı yetərincə deyil. Buna görə də ciddi problemlər yaşanır. Yoluxma mənbəyinə görə, metro ilə müqayisədə avtobus daha təhlükəlidir. Metroda təxminən bir qatar 5 vaqondan ibarətdir. Bu 5 vaqon 15 avtobusun tutumundan daha çox sərnişin tutur. Təsəvvür edin ki, qatarın 5 dəqiqə ərzində getdiyi yolu Bakının nəqliyyat infrastrukturunu nəzərə alsaq, avtobus yarım saata gedir. Özünüz müqayisə edin, görün yoluxma riski hansı nəqliyyat növündə daha çoxdur?”.

Ekspertin sözlərinə görə, metronu sərnişinlərin sıxlığını azaltmaq, hissə-hissə buraxmaq şərtilə açmaq olar, bu qaçılmazdır və lazımdır: "Qapanmaya gediriksə, hamı birdəfəlik bilsin ki, tam qapanmaya gedirik. Yox əgər belə olacaqsa, bu məsələdən nəticə çıxarılmalıdır. Əgər metropoliten iddia edirsə ki, havalandırma ilə bağlı heç bir problem yoxdur, hər şey qaydasındadır, o zaman nə problem var? Niyə açılmır? Avtobusları artırmaq mümkün deyil. Digər tərəfdən də metro qapalıdır. İctimai nəqliyyatın alternativ növləri yoxdur. Nə trolleybusumuz var, nə də tramvay. Pandemiya ilə mübarizə çərçivəsində müəyyən şərtlər daxilində metronun fəaliyyəti bərpa edilməlidir”.

Metro virus mənbəyidirmi?

Tədqiqatlar göstərir ki, koronavirus ilə metro səyahətləri arasında heç bir əlaqə yoxdur. "New York Times” (NYT) yazır ki, pandemiya dövründə ictimai nəqliyyatda səyahət, fikirləşdiyimizdən daha təhlükəsiz ola bilər. Mütəxəssislər bildiriblər ki, metro ilə səyahət qapalı yerdə yemək yeməkdən daha az risklidir.

Koronavirus pandemiyasında azalma olan ölkələrdə ictimai nəqliyyatla əlaqəli xəstəliyin nəzərəçarpacaq dərəcədə yayılması müşahidə edilməyib. Tədqiqatlara görə, metroda səyahət göründüyündən daha təhlükəsizdir.

Araşdırmanın nəticələri metro, şəhərətrafı dəmir yolu və avtobusların virusun yayılma mənbəyi olmamasını göstərir. Bu, ən azı sərnişinlər məsafə saxladıqda və maska taxan təqdirdə həqiqətdir. Mütəxəssislər NYT-yə metro gəzintisinin küçədə gəzməkdən daha çox riskə səbəb ola biləcəyini, ancaq qapalı yerdə yeməkdən daha az olduğunu söyləyib.

NYT izah edir ki, insanlar ofisdə olduqları müddətdə və kafeyə getməklə müqayisədə qatarda və ya avtobusda nisbətən daha az vaxt keçirirlər. Sərnişinlər də ictimai nəqliyyatdan istifadə edən vaxt danışmırlar, bu da havaya daha az maye çıxması ilə nəticələnir.

Eyni zamanda, ictimai sağlamlıq mütəxəssisləri, bu dəlillərlə hələlik ehtiyatla davranılması lazım olduğunu xəbərdar edir. İctimai nəqliyyatdan istifadə edən iri şəhərlərin sakinlərinin sayı hələ də pandemiyadan əvvəl müşahidə edilənlərdən xeyli azdır. Bundan əlavə, nəqliyyatda istifadə olunan havalandırma sistemlərinin keyfiyyəti böyük rol oynayır.

Bizdə isə əksinə, metro olmadığı üçün avtobuslardan istifadə edənlərin sayı daha çoxdur. Üstəlik nə sosial məsafə var, nə də gigiyenik tədbirlər... Avtobus və dayanacaqlarda sosial məsafəni "sıxlaşın”, "mehriban olun”la əvəzləmişik. Ümid edirik, bu "mehribançılığımız” başımıza bəla olmaz.

Aygün ƏZİZ