AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İkinci Çernobıl?

İkinci Çernobıl?

Təfsilat
01 May 2021, 13:00 677
Metsamor tək regionu deyil, ətraf ölkələri də təhlükə altında saxlamaqda davam edir

35 il əvvəl bəşər tarixinin ən faciəvi hadisələrindən biri yaşandı. Keçmiş SSRİ ərazisində, daha dəqiq desək, Ukrayna və Belarus sərhəddində yerləşən Çernobıl Atom Elektrik Stansiyasında dəhşətli qəza yaşandı. Fəlakət, özü ilə ağlasığmaz faciələr gətirdi və bu gün də onun fəsadları aradan qalxmayıb. Çernobıl AES-in nüvə reaktorunda baş vermiş fəlakətin üstündən xeyli müddət keçsə də, bu gün də onun izləri qalmaqdadır. Ən acınacaqlısı odur ki, dəhşətli qəzadan bir çox dövlətlər lazımi nəticə çıxarsa da, Ermənistan bunu etməyib. Özü ilə yanaşı, Metsamor AES-i ilə region ölkələrini təhlükə altında saxlamaqda davam edir. Hətta ambisiyalarını gizlətmir, yeni AES tikməkdən dəm vurur. Bu gün artıq əksər ekspertlər, beynəlxalq müşahidəçilər bu ölkədə fəaliyyət göstərən Metsamor AES-in regionu ikinci bir Çernobıl fəlakəti ilə üz-üzə qoyacağını irəli sürürlər. Təəssüf doğuran hal odur ki, dünya birliyi hələ də, Metsamor AES-lə bağlı Ermənistana ciddi təzyiq göstərmir. Sadəcə bəyanat və hesabatlar təqdim etməklə kifayətlənir. Məsələn, Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun son hesabatında deyilir ki, Metsamor AES tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Qeyd olunur ki, AES-in nüvə
təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsinin mümkün olmadığı üçün bu addımlara zərurət var: "Bu problemin həlli üçün tez bir zamanda yol xəritəsi və ya fəaliyyət planı qəbul edilməlidir". Lakin hələ də ortada ciddi bir nəticə yoxdur. Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb.

Partlamağa hazır, lakin...

Əksər ekspertlər hesab edir ki, bu stansiya hazırda partlamağa hazır, lakin vaxtı bilinməyən bir nüvə bombası kimi bir şeydir. Qeyd etdiyimiz kimi, Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın nələrə səbəb olduğu göz önündədir. Vaxtilə SSRİ bu problemi düzgün qiymətləndirsə idi, bəlkə də belə bir hadisə baş verməzdi. Eynilə bu gün bütün region ölkələri böyründəki potensial fəlakətin qarşısını almalıdır. Ermənistan həm region, həm də özü üçün potensial təhlükə olan Metsamor AES-i bağlamalıdır. Bu AES-in əksər qurğuları SSRİ dövründən qalmadır və istismar müddəti çoxdan başa çatıb. Bu gün rəsmi Yerevan Metsamor AES-in probemlərini bilə-bilə digər ölkələrdən gizlədir. Bu isə öz növbəsində regionu hər an yeni bir Çernobıl faciəsi ilə üz-üzə qoyur. Tək bir faktı ağlımıza gətirək - bu gün Metsamor AES-də baş verəcək Çernobıl bənzəri bir fəlakət Ermənistanı yer üzündən silə, Gürcüstan, Türkiyə, Azərbaycan ərazisindən başqa, atmosferə də ciddi ziyan vura bilər. Bu səbəbdən də Metsamor AES ciddi eko-siyasi problemdir və ən qısa müddət ərzində həll edilməlidir.
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan nüvə stansiyasının bağlanması üçün səylərin səfərbər olunmasını xahiş edib. Xarici İşlər Nazirliyinin həftənin əvvəlində Beynəlxalq Çernobıl Faciəsini Anma Günü ilə əlaqədar açıqlamasında deyilir ki, Çernobıl nüvə stansiyasında baş verən qəzanın 35-ci ildönümü və Beynəlxalq Çernobıl faciəsini anma günü ilə əlaqədar olaraq, bu faciədən təsirlənən bütün ölkələr və insanlarla həmrəy olduğunu bildirir. XİN Ermənistandakı nüvə stansiyası ilə əlaqəli təhdidlərin beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli nəzərdən keçirilməli olduğunu vurğulayır. Seysmik zonada yerləşən nüvə elektrik stansiyasının 1976-1980-ci illərdə Çernobıl nüvə stansiyası ilə eyni texnologiyadan istifadə edilərək tikildiyi də qeyd olunur. Nazirlik, köhnəlmiş texnologiyanın və yerləşmənin Ermənistan AES-i dünyanın ən təhlükəli nüvə stansiyalarından birinə çevirdiyini əlavə edib.

Rusiyalı ekspert: Metsamorun fəaliyyəti ekoloji fəlakətlə təhdid olunur

2016-cı ildən bəri Ermənistan nüvə stansiyası problemini araşdıran hərbi ekspert, siyasi məsləhətçi Oleq Kuznetsov "Vestnik Kavkaza"ya bildirib ki, Metsamor AES-in fəaliyyəti ekoloji fəlakətlə təhdid olunur. Stansiyasının mövcud vəziyyətini xatırladan ekspert bildirir ki, 1989-cu il zəlzələsindən sonra nüvə elektrik stansiyasının enerji bloku tamamilə sıradan çıxdı və bərpa oluna bilmədi. Zədələndiyi üçün tam enerji nəql edə bilmir. Metsamordakı mövcud qurğu Çernobıldakı kimi partlaya bilməz, ancaq digər problemlər mövcuddur: "Birincisi, metalın yaşlanmasıdır. Sovet İttifaqında qəzalı vəziyyətdə olan üç AES var idi - Yakutiyada Bilibinskaya, Murmansk bölgəsində Kola və Ermənistanda Metsamor. Bilibino nüvə stansiyası 2010-cu ilə qədər tamamilə söküldü, indi onun yerində başqa stansiya var. İkincisi, yeni metod və texnologiyaların işlənildiyi və enerji istehsal olunmadığı bir tədqiqat mərkəzinə çevrilib. Yalnız 2015-ci ildə avadanlıqların enerji texnologiyası mənbəyi tükənən Metsamor qaldı. "Rosatom” bu AES üçün sertifikatı 2017-ci ilə qədər uzadıb. Yerevanın nüvə elektrik stansiyasında dərin bir yenidənqurma işləri aparacağı, reaktor çubuqlarının blokunu əvəz edəcəyi və orada yeni bir enerji mənbəyi quracağı şərtdir. Ancaq 2017-ci ilə qədər Ermənistan hökuməti yenidənqurma işləri üçün pul tapa bilmədi və nəticədə müvafiq razılaşma ilə "Rosatom” müqaviləyə xitam verdi. Nüvə elektrik stansiyası indi Ermənistan hökumətinin balansındadır və "Rosatom”un bununla heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, əvvəllər istehsalında Rusiya korporasiyası 40% -ə qədər paya sahib idi. Metsamor Fukusima kimi bir fəlakət deməkdir - reaktorun, soyuducuların partlaması və radioaktiv suyun tökülməsi yaşanır. Texnoloji olaraq reaktorları soyutmaq üçün istifadə olunan bütün su, qapalı bir dövrədədir və reaktorda drenaj üçün bir nasazlıq meydana gəlsə, su nüvə stansiyasının kontur xaricində sərbəst buraxıla bilər ki, bu da Ermənistan ərazisindəki ekoloji fəlakəti təhdid edə bilər”.
Onu da qeyd edək ki, Vyanadakı Avstriya Tətbiqi Ekologiya İnstitutundan Antonia Veniç özünün "National Geographic” də dərc olunan məqaləsində Metsamor AES-i "hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri” kimi göstərib. Bəzi hesabatlara görə, Ermənistan radioaktiv tullantıları vaxtilə Azərbaycanın işğal olunmuş Qarabağ zonasında basdırıb. Həmin AES-dən yeraltı boru kəməri ilə Dağlıq Qarabağa radioaktiv tullantıların axıdılması barədə etibarlı məlumatlar da mövcuddur. Onu da qeyd edək ki, Metsamor AES-in fəaliyyətinin seysmik zonada yerləşməsi də ciddi problem hesab olunur. Metsamor AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır: AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Çünki Metsamor AES Türkiyə sərhədlərindən 16, İran sərhədlərindən 60, Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km məsafədə yerləşir.

Paşinyan Rusiyanın iştirakı ilə Ermənistanda yeni AES tikilməsini istəyir

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimri Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanda Rusiyanın iştirakı ilə yeni atom elektrik stansiyasının (AES) tikintisini müzakirə etmək niyyətində olduğunu bildirib.
Lakin bu məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. 20 ildir ki, yeni bir AES-in inşası müzakirə olunur, lakin son vaxtlara qədər erməni səlahiyyətlilərin son qərarı verməyə tələsməməsi diqqət çəkir. Səbəblər ciddidir. 2018-ci ilin mart ayında o zamankı Ermənistanın Enerji infrastruktur naziri Aşot Manukyan parlament müxalifətinin o zamankı lideri Paşinyanın sualını cavablandırarkən məsələyə belə aydınlıq gətirmişdi. "Nüvə texnologiyaları çox sürətlə inkişaf edir. Əgər 5 il əvvəl iki fərqli texnologiya arasında seçim etmə imkanımız vardısa, bu gün hər biri daha ucuz və etibarlı olan 5 seçim alternativimiz var. Bu səbəbdən hökumət mövcud enerji blokunu ehtiyatları tükənənə qədər istifadə etmək üçün aydın bir qərar verib. O vaxta qədər isə yeni enerji blokunun hansı texnologiya ilə necə qurulacağına dair qərar veriləcək”, - deyə o qeyd edib.
Yeni nüvə elektrik stansiyası tikmək məsələsi sonuncu dəfə 2016-cı ilin fevralında Ermənistan hökumətində ciddi müzakirə edilib. O zaman Ermənistanın Enerji Nazirliyi tərəfindən təqdim edilmiş 5 milyard dollarlıq layihənin yenidən baxılması üçün geri qaytarılmasına qərar verilmişdi. Bir neçə əsas düzəliş var idi.
Hər şeydən əvvəl, gələcək stansiyanın gücü yenidən işlənərək 1000 Mvt-dan 600 Mvt-dək endirildi (bu, ilk növbədə xərclər smetasının 1,5-2 milyard dollar azaldılmasına imkan verəcək). İkincisi, inşaat üçün kredit götürmək niyyətindən imtina edilməsi və dövlət zəmanəti ilə birbaşa investisiyalara üstünlük verilməsinə qərar verilmişdi. Əvvəlcə Ermənistan hökuməti nüvə elektrik stansiyasının inşası üçün vəsait cəlb etmək məqəsdilə Ümumdünya İnvestorlar Konqresini keçirməyi planlaşdırırdı. Ancaq bu fikirdən imtina etməli oldular. Stansiyanın inşasını bacaranların arasında investor axtarmağın daha asan olduğu aydın oldu. Başqa sözlə, layihənin, çox güman ki, şirkətlər və banklar tərəfindən deyil, tərəfdaş ölkələrin dövlət və ya dövlətə yaxın olan strukturlar tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu.
Beləliklə, yeni AES məsələsi iqtisadi çətinliklər içində çabalayan ermənilər üçün hələ ki, arzudur. Əsas problem hazırda Metsamorun bağlanmasıdır. Və bütün səylər region dövlətlərinin, beynəlxalq ictimaiyyətin iştirakı ilə problmin həllinə yönəlməlidir Əks təqdirdə ikinci Çernobılın baş vermə təhlükəsi artmış olacaq.

Azər NURİYEV