İdeya hər an yarana bilər
Brayan Mos 1950-ci ildə İngiltərədə
anadan olub. Yaradıcılığının ilk illərində daha çox uşaqlar üçün şeirlər yazan
şair sonralar mövzularını ağırlaşdırıb, özünü yeni formalarda da sınayıb.
200-dən çox nəşrin müəllifi olan şair dünya uşaq ədəbiyyatının nüfuzlu
nümayəndəsi kimi tanınır. "MacMillan” nəşriyyatı üçün hazırladığı şeir
topluları və antologiyalar bir milyon nüsxədən çox satılıb. Kraliçanın 80 illik
yubileyində CBBC telekanalı üçün hazırlanan verilişlərin mətni və xüsusi bir
şeir məhz ona həvalə olunub. 67 yaşlı Brayan həm də ədəbi redaktor kimi nüfuz
qazanıb. Birləşmiş Krallıqlar və Avropanın yüzlərlə məktəb, lisey və
universitetində poeziya haqqında mühazirələr oxuyub, 2500 dəfə kürsüyə çıxıb.
Müəllimlər onun bədii təlimlərindən və pedaqoji mənbə sayılan kitablarından
yararlanırlar. 1988-ci ildən sonra 13 il ancaq professional yazarlıq təlimləri
keçib. 2007-ci ildən isə Şahzadə Çarlzın şəxsi dəvəti ilə "Prince’s Summer
School”-da pedaqoji fəaliyyətə başlayır. "Macmillan”, "Hachette”, "Puffin”,
"OUP”, "Collins”, "Longman”, "Heinemann” kimi nəşriyyatların sevilən
müəllifidir.
14 yaşında Bob Dilanın musiqiləri ilə
tanış olur və elə o andan musiqiçi olmağa qərar verir. Şairin "Guardian”-da yer
almış müsahibəsindən: "Dəli kimi vurulmuşdum onun musiqilərinə, tərzinə,
imicinə. Ondan sonra da roka yaxın qrupları tanımağa başladım. İllər sonra Bob
həm musiqinin, həm ədəbiyyatın nəhəngi oldu. Mən isə hələ də başladığım yerdə –
uşaqların arasındayam”.
Brayanın fikrincə, dünya uşaq
ədəbiyyatının ən güclü təhkiyəçisi Mişel Morpurqodur (İngilis dramaturq –
1943-cü ildə anadan olub – red.): "Nitqindən insanı hekayəyə bağlayan çox güclü
eniş-yoxuşlar var. Robert Uestalın (ingilis yazar-publisist – 1993-cü ildə
vəfat edib – red.) yaradıcılığını isə bir başqa cür sevirəm. Sanki duyğular
çəkilir, bir müddət sonra daha böyük dalğalarla qabarıb, dinləyicini ağuşuna
alır”.
Şairin "poetryarchive” saytında yayımlanmış
müsahibəsini təqdim edirik.
–
Nə zaman yazmağa başladınız?
–
Yazmağa başlayanda on altı yaşım vardı. Mahnı sözləri yazmaq istəyirdim. Çünki
o zamanlar gitara çalırdım və düşünürdüm ki, özüm yazıb-bəstələyə bilərəm. Amma
işlər elə gətirdi ki, zamanla musiqi aləti çalmaqda heç də mahir olmadığımı
anladım. Sonra baxdım ki, elə ətrafımda hamı mənim nə vaxtsa bir rok-star
olacağıma ehtimal belə etmirmiş. Odur ki, elə özüm əl çəkdim bu həvəsdən.
Gitarımı bir küncə qoydum, əbədiyyən tərk etdim. Amma yazdığım mahnı sözlərini
özümlə götürdüm. Sonrakı dönəmlərdə bu mahnı sözləri şeirə çevrildi, elə tutduğum
yola buradan başladım.
–
Niyə şeir yazmağı seçdiniz?
–
Şeir yazmalıydım, mən şeir oxumağı, əzbərləməyi sevirdim. Şeir oxumağı sevən
adam niyə roman yazsın ki?! Şeirdə sözlərin bir-birinə zəncirlənmək üsulunu, zəncirlədiyimiz
sözlərin bir misrasından onlarla roman səhifəsinin ifadə edə bilmədiyi mənanın
alınmasını, şeirdəki ritmikliyi, rəngliliyi sevirdim. Şeirin demək istədiyin
hər şeyi qısa yolla çatdıran strukturunu və formasını sevirəm. İnsanda oyanan
güclü, bəzən həmişəyaşar duyğular əksərən şeirdən qidalanır. İddia etmirəm ki,
mən belə şeirlər yazıram. Amma bütün şairləri şeirə cəlb edən ilk səbəb budur.
–
Bir şeir yazmaq nə qədər zamanınızı alır?
–
Şeir yazmaq elə bir şeydir ki, 5 dəqiqədən bir ilə kimi vaxt apara bilər. Mənim
ən çox vaxt sərf etdiyim şeirimin yazılma müddəti 9 ay olub. Kanadanın Vankuver
şəhərində idim, bir neçə günlük getmişdim. Yoldan keçən bir maşın küçə itini
vurdu, itin can verməsi bir xeyli çəkdi. Bir kafeyə girib kofem gələnə kimi 3-4
sətir yazdım. 2-3 sətir də otelə gələndə yazdım. Qayıdana kimi hadisə yadımdan
çıxmadı, qaraladım, yazdım. Təyyarədə də yazdım. Doqquz il gündəlik işlərdən
vaxt tapan kimi hər dəfə bu şeiri çıxardıb, üstündə işlədim. Bitmirdi,
tamamlanmırdı. Sondakı ideya heç cür gəlib, yerinə oturmurdu. O şeir mənə
öyrətdi ki, bəzən ideyanın tam oturuşmasını, demək istədiyin şeyin tamamilə
aydınlaşmasını gözləmək lazımdır. Bəzən isə duyğular o qədər qəti, dərin, coşqun
olur ki, oturub duyğuları yazsam, şeir yazmaqdan daha uzun çəkər. Belə şeirlər
dəqiqələr içində yazılır.
–
Şeirlərinizi necə yazırsınız?
–
Əksər hallarda, çox tez-tez diktofondan istifadə edirəm. Məsələn, sükan
arxasındayamsa, ya da ictimai nəqliyyatda, ya da yazmaq imkanı olmayan bir
yerdəyəmsə, tez diktofonu çıxarıb ağlıma gələn sətirləri, düzəlişləri, hansısa
ideyanı, hadisəni ona danışıram ki, unutmayım. Faydasını görmüşəmmi – bəli,
illərdir ki, bu mənim üçün ən yararlı üsuldur. Bəzən də ideyalar ümumiyyətlə
yaradıcılıq, şeir, iş haqqında düşünmədiyim zamanlarda gəlir ağlıma – ağacları
sulayanda, qab yuyanda, yatmazdan əvvəl duş alanda və s. Dərhal evin demək olar
ki, hər otağına yapışdırdığım "reminder” kağızlara qeyd edirəm. Səhər durub
yazdıqlarımı yığıb, işə gəlirəm. Məlumatları diktofondan kağızlardan bir-bir
qeyd dəftərimə köçürürəm. Beynimi çox məşğul edənləri dərhal işləyirəm.
Qalanlarını bir müddət sonra kompüterə köçürürəm, bu arada bəziləri
əhəmiyyətini, dəyərini itirir, bəziləri isə eyni qalır. Qalanlar üzərində isə
işləməyə və ya hardasa yararlanmağa başlayıram. Yazdığım hər şeyi mütləq çap
edir, kağız üstündə necə durduğuna baxır, bir də oxuyuram. Bu mənim üçün vacib
mərhələdir. Adətən, bu mərhələdə çoxlu dəyişiklik, əvəzləmə olur. Şeirim məni
qane edənə kimi silib-yazmaqü təkrarlanır.
–
Adətən, harada yazırsınız?
–
Adətən, hər gün ofisdə işlərim olduğu üçün şeirlərimin çoxu elə burda yazılır.
Əksər hallarda komputerdən istifadə edirəm, amma harada olsa, yaza bilərəm.
Hara getsəm, yanımda diktofonum və ya qeyd dəftərim mütləq olur. Qatarda da
yaza bilərəm, səyahətə çıxdığım təyyarədə də. Oturduğum kafe də, restoran da
mənə mane olmur, yazıram. Avtobus, otel otağı, çimərlik… Məncə, şair üçün yerin
bir fərqi yoxdur.
–
İdeyalarınız haradan, nədən qaynaqlanır?
–
Bu suala heç vaxt konkret bir cavab vermək olmur. İşin qəribəsi yazarlara,
xüsusilə də, şairlərə ən çox verilən sualdır. İdeya hər yerdə, hər an yarana
bilər. Sadəcə ədəbiyyat adamı duyğu, ideya detektivi olmalıdır. Yeni bir şeirə
başlamaq üçün ehtiyacı olan nöqtənin ovunda, izində irəliləməlidir,
axtarmalıdır. Məsələn, bir hadisəni danışmaq istəyirəm. Bir dəfə görüşdən çıxıb
küçə ilə üzüaşağı düşürdüm. Qarşıdan bir qadın gəlirdi, yanında isə hardasa
dörd yaşlı oğlu var idi. Nədənsə danışırdılar, mənə çatanda uşaq anasından
soruşdu: "Ana dəniz quldurları da dırnaqlarına rəng vurur?”. "Nəəəə?” az qaldım
uşağın qolundan tutub, soruşam ki, bu onun ağlına hardan gəlib. Cavabı eşitmək
üçün addımlarımı ləngitdim, amma görünür, anasının da cavab üçün düşünməyə
ehtiyacı vardı. Yenə də təəssüflənmədim, elə bu cümlə özü bir şeirin girişi ola
bilərdi. Bu hadisədən sonra, dəniz quldurlarının həyatına, uşaqların xəyal
dünyasına işıq tutan bir şeir yazıldı. Başqa bir maraqlı hadisə isə məktəbin
müəllim otağında baş vermişdi. Ümumiyyətlə, belə yerlər maraqlı ideyalar
toplamaq üçün uğurlu hesab olunur, çünki müəllimlər çox maraqlı şeylər
danışırlar, danışılanlara olduqca qəribə reaksiyalar verilir. Bir dəfə altı
müəllimə gecə paltarlarını, pijamaları müzakirə edir, bir-birlərinə sevdikləri
paltarları, modelləri göstərirdilər. Mən isə yazar marağı ilə gözümü dəftərə
zilləyib, qulağımı müzakirəyə kökləmişdim. Onlar danışıb qurtaranda, mən də
şeirimi tamamladım – "Müəllimlərin sirli həyatı” ("The secret lives of
teachers”).
–
Musiqi poetik irsinizdə necə yer tutur?
–
Əlbəttə ki, bir zamanlar musiqiçi olmaq istəyən biri kimi mənim üçün ciddi mahiyyət
daşıyır. Ritm, ahəng mənimçün poeziyanın ən vacib hissəsidir. Ritmi, ahəngi
xüsusilə vurğulayıram. Bəlkə də, ifa edə bilmədiyim alətin ritmi qalıb
xatirəmdə. Həm də mənə elə gəlir ki, bu halda şeir daha tez yadda qalır.
–
Başqa nələrlə məşğul olmağı sevirsiniz?
–
Hamını dəhşətli dərəcədə təəccübləndirəcək şeylərlə məşğul deyiləm. Nə bilim,
aktiv vulkanlar mənə həmişə maraqlı gəlib, Birləşmiş Krallıqlar və Avropanın
nisbətən yaxın yerlərdəki aktiv vulkanların kəşfinə çıxıram. Xüsusilə, tez-tez
Şotlandiyaya səfər edirəm, mənim ən böyük ilham mənbəyidir bu ölkə. Kitab
kolleksiyam var, hara getsəm, mütləq ilk növbədə ikinci əl kitablar satan
mağazalara baş çəkirəm. Yağışlı havalarda velosiped sürməyi, suya, palçığa
bulaşmağı sevirəm.
İngilis
dilindən tərcümə edən: Elcan SALMANQIZI