Həyatda filmlərdəkindən də pis insanlar görən romantik qəhrəman - Fotolar
Bir neçə
il əvvəl türklərin "Yeşilçam” filmlərini izləyir, demək olar ki, hər birini əzbər
bilirdik. Artıq yeni dönəmə qədəm qoyduq, filmlər, seriallar çəkilməyə başladı.
Çəkilən yeni filmlər "Yeşilçam” filmlərini
kölgədə qoydu desək, yəqin ki, yanılmarıq. Həmin dövrdə filmlərdə rol alan
aktyorlara bu gün film sektorunun ata-anası kimi qəbul edirlər. Onlardan biri də "Yeşilçam”ın bir çox filmlərində baş rolları
canlandıran Ediz Hundur. "Yeşilçam”ın əfsanəvi
aktyorlarından olan Ediz Hun yeni layihələri
ilə qarşınıza çıxmağa hazırlaşır. Türkiyənin "Akşam” saytında Mehmet Emin
Demirezenə verdiyi müsahibədə, aktyor
bir çox məsələlərə aydınlıq gətirib.
- Nə üçün sizi nə gündəmdə, nə də ekranlarda görə
bilmirik?
- İşimdə
çox məsuliyyətliyəm. Xalqın çox sevdiyi bir xarakter olduğumdan, tamaşaçıların
qarşısına ancaq yaxşı bir rol təklifi alandan sonra çıxa bilərəm. Ancaq onu
deyim ki, həsrət tezliklə bitəcək. Belə ki, yaxın zamanlarda tamaşaçıların
qarşısına Cem Yılmazın çəkdiyi "Arif V216” filmində sürpriz aktyor olaraq
çıxacağam.
- Necə oldu ki, belə bir filmdə oynamaq qərarına gəldiniz?
- Cem
Yılmaz gəlib mənə dedi ki, filmin sonunu səninlə bitirmək istəyirəm. Biz də
onunla danışdıq, belə məsləhətə gəldik ki, bu filmdə mən çəkilim. O, mənə çox
mülayim və mehribanlıqla filmdə oynamağı təklif etdi, mən də qəbul etdim.
- Çəkiləcəyiniz necə bir film olacaq?
- Filmin
çox əyləncəli bir ssenarisi var. Cem Yılmaz çox ağıllı və böyük-kiçik yerini
bilən bir insandır. Bundan əlavə, o, həyat doludur. İnsanlarla danışarkən gözlərinin
içinə baxır. Bu da önəmli bir şeydir. Onun komandası və aktyorları çox peşəkar
insanlardır. O, ətrafına istedadlıları və
ən səriştəli insanları cəlb edib. Təsəvvür
edin ki, günəşin altında işləyərkən belə çəkiliş fasilələrində mənə çətir və sərinlənmək
üçün çadırlar təklif edir. Çadırların üzərində də Ediz Hun yazıblar. Mən də Cemə
dedim ki, indiyə qədər belə diqqət və qayğı görməmişəm, məni utandırırsınız”.
- Filmdə necə bir obraz canlandıracaqsınız?
- Mənim
rolum film boyu iştirak etməyəcək. Filmin sonunda sadəcə olaraq, Ediz Hun
xarakteri olaraq yer alacağam. Tamaşaçılar "Ediz Hun da burada oynayıb” - deyəcəklər.
- Qeyd etdiniz ki, hər rolda oynamaram, bəs
sizin sənətdə standartlarınız nələrdən ibarətdir?
- Tamaşaçılar
mənə romantik rolların atası deyirlər. Mən indiyə qədər təkcə romantik aktyor
olmadım, dava-dalaşlı filmlərdə də yer aldım. Hətta indi sağ qolum tam açılmır.
Keçmişdə oynadığım filmlərdə çəkiliş prosesində kadrların təbii alınması üçün o
qədər qollarıma stulları vurublar ki...
Dava-dalaş səhnələrində yumruq atmaqdan daha önəmlisi isə o yumruğu öz
üzərində tətbiq etmək idi. Aldığın yumruğun təsiri ilə yerə düşə bilmək üçün hər
şeyi edirdim. Yerə düşərkən isə dizimizlə özümüzü müdafiə etdiyimiz üçün
qolumda bir zəiflik və problem yarandı. Hər aktyorun özünə görə bir standartı
olur. Bu, sadəcə, bizdə belə deyil, Amerikada da belədir. Misal üçün, Keri
Qrant və Klark Qeybl. Bunlar sadəcə, filmlərdə romantik obrazlar
canlandırıblar. Skott Rendolf, Qeri Kuper isə kovboy filmlərində yer alan
aktyorlardır. Buna görə də qeyd edirəm ki, hər bir aktyorun öz standartı
olmalıdır. Bu məsələdə əlbəttə ki, tamaşaçılar da çox önəmlidir. Çünki
tamaşaçılar sizi öz fantaziyasına görə gördüyü tipə uyğun beyinlərinə həkk
edir. Biz də məcburən vəziyyətlə razılaşırıq. Məndən pis adam olarmı? Olmaz.
- Bu günə qədər bir çox "Yeşilçam” filmində yer alıbsınız.
Keçmişə baxanda, oynadığınız filmlər sizə nə öyrədib?
- İş həyatına
22 yaşında atılanda qayda-qanuna və zamanı qavramağa alışdım. Çəkiliş prosesinə
daha tez gedirdim və komanda heyətinə hörmət edirdim. Məndən 25-30 yaş böyük
olan aktyorların heç biri çılğın biri olduğumu heç zaman üzümə vurmayıblar.
Onların əlləri daima mənim kürəyimdə olub. Bu da məni bir gənc aktyor olaraq
çox sevindirirdi. Bir neçə yaxşı filmdə rol aldıqdan sonra gördüm ki, artıq bu aləmin
içindəyəm. Daha sonra isə bu aləmdə insanlığın nə demək olduğuna səbir etməyi
öyrəndim.
- Ötən gün araşdırmalar nəticəsində məlum olub ki,
film izləyən tamaşaçıların sayı azalıb, teatr tamaşaçılarının sayı ilə günü-gündən
artır. Sizcə, bu, nədən qaynaqlanır?
- Teatr
tamaşaçısı daha səviyyəli və mədənidir. Teatr aktyorları daha çox peşəkar və
istedadlıdırlar. Filmlə teatr arasında böyük fərq var. Teatrda rolun içinə girə
bilmək və tamaşaçıya qarşı canlı vəziyyətdə oynamaq heç də asan deyil. Filmdə
isə məsələ belə deyil. Filmlərin hamısı bir-birinə bənzəyir. Bu araşdırmadan
çıxan nəticəni də normal qarşılayıram. İndi çəkilən filmlər əvvəlkilərin yerini
vermir. Ancaq komediya filmləri çəkilərkən ondan daha çox şey gözləyirik. Misal
üçün əvvəlki romantik filmlər bu gün çəkilsə, baxılarmı? Baxılmaz.
- Görəsən biz nə üçün yaşayan sənətçilərimizin qiymətini
bilmirik?
- Elədir.
Yaşayarkən qiyməti bilinməyən sənətçilərin dəfninə çox adamlar gəlir. Mən bunun
fəryadını çox verdim. Rəhmətlik Orhan Günşiray Hollivud aktyoru kimi yaşadı.
Ancaq vəfat edəndə "Atlas” kinoteatrına 50 nəfərdən artıq adam gəlmədi.
Kinoteatrın ancaq beşdə biri doldu. Bizdə belə hallar tez-tez olur. Təşkilatçılara
dedim ki, bu insandan çox faydalandınız, bəs indi hardasınız? . Belə hallar bu
günümüzdə də yaşanır. Onsuz da biz saxta bir dünyada yaşayırıq.
- Bəs siz, yoldaşlarınızın xeyrinə, şərinə
gedirsiniz?
- Mən hər
bir insanın pis günündə yanında olmuşam. İnsanların pis günlərində onları tərk
edib getməməlisiniz. Əgər gedərsinizsə, bu, siz tərəfdən eqoist bir davranış
olar. 15 yaşım olarkən, atam məni amerikan filmlərinə aparardı. O zaman sual
verərdim ki, görəsən doğurdan da həyatda belə insanlar varmı? O, mənim qəlbimə
dəyməmək üçün "yox” deyirdi. Amma sonra gördüm ki, həyatda o filmlərdəkindən də
pis insanlar var.
- Köhnə dostlarınızla görüşürsünüzmü?
- Hamımız
müəyyən bir yaşa qədər gəlib çıxmışıq. Əlbəttə, əvvəlki kimi olmasa da, tez-tez
görüşür, söhbət edirik. Xüsusən də Türkan Şorayla. Bizim yaşda olan insanlar
artıq hər şeyi normal qəbul edir. Görüşməmək də onlardan biridir. Onsuz da 10
ildən sonra heç birimiz yaşamayacağıq.
- Bundan sonra "Yeşilçam” anlayışı davam edəcəkmi?
- Təəssüflər
ki, artıq "Yeşilçam” bitdi.
- İndi iki günlük aktyorlar belə "Ulduz oldumsa, hər
şey mənimdir” deyir.
- Kim, "mən
aktyor oldum, mükəmməl bir sənətçiyəm” deyirsə, ona inanmayın. Bu yaşımda belə
heç bir zaman "mən ulduzam” kəlməsini işlətməmişəm. Hər zaman öyrənən biri
olmuşam. Çəkildiyim filmlərdə oxuduğum hər bir ssenari mənim üçün bir dərs
olub. Buna görə də dünən bu sənətə gələn insanların belə fikir söyləməsi
yanlışdır. Bunu deyə bilmək ixtiyarı olan tək insan isə xalqdır.
- Yaxşı, bəs "ulduz” kimə deyirlər?
-
Lokomotivə, yəni filmin bütün yükünü üzərinə götürən insana. Əvvəllər star,
ulduz sistemi dediyimiz bir sistem vardı. Bölgələrdən bizə təkliflər gəlirdi.
Bu aktyorlarla film çəkilsin deyə, göstərişlər verilirdi. Filmi məhz aktyora
görə çəkirlər. Ancaq indi belə bir şey yoxdur.
- Necə?
- Ulduzluq
iddiasına qapılarsansa, bu sektordan əlini tez üzərsən. Bu aləmdən getməmək
üçün isə aktyorluğunun yaxşı olmağı ilə bərabər, düzgün bir ailə yaşamının
olmağı da önəmlidir.
- Bəs modellərin
aktyor olmasını aktyorluq sənətinin zəifləməsi hesab edirsinizmi?
- Xeyr.
"Yeşilçama” görə, indiki aktyorların oynadığı rollar daha yaxşıdır. İndikilər
bizi keçib. "Yeşilçam” sinifdə qalıb.
Xəyalə Rəis