Hər gün təmasda olduğumuz dahi - Fotolar
Üzeyir
Hacıbəylinin Ev Muzeyi... Hər il Milli Musiqi Günü bu muzeyin divarları
arasında qeyd olunur. Muzeyə daxil olanda ziyarətçiləri ilk qarşılayan da
musiqi sədalarıdır. Dahi bəstəkarın nəfəsinin toxunduğu otaqların divarları
arasından həzin-həzin ətrafa yayılan, onun bəşəriyyətə əmanət edib getdiyi əsərlərin
yazıldığı və ilk dəfə səsləndiyi bu otaqlarda musiqi dinləməyin ayrı ahəngi
var. Bu evə tez-tez Üzeyir bəyin Azərbaycan musiqi tarixində yerini dəyərləndirən
musiqiçilər yığışır. Böyük bəstəkarın gəzib dolaşdığı otaqları görmək, uşaqlıq,
gənclik dövrünün, yaşlı çağlarının, dostları ilə çəkdirdiyi fotolarını seyr etmək,
əllərinin toxunduğu şəxsi əşyaları görmək üçün ziyarətçilər gəlir. Ömrünün 27
ilini bu evdə keçirən dahi bəstəkar haqqında qiymətli xatirələr səslənir, təkrarsız
musiqiləri eşidilir...
132 yaşlı şəxsiyyət
Bu
il Üzeyir bəyin 132 yaşı tamam olur. 63 il ömür sürən Üzeyir Hacıbəyli adını Azərbaycan
musiqi tarixinə böyük xidmətləri olan şəxsiyyət kimi yazdırıb. O, Azərbaycan
professional musiqisinin banisi olmaqla, ilk dəfə musiqili teatrın, milli opera və
operettanın yaradıcısı olub, musiqi təhsilinin təməlini qoyub, xalq musiqi
orkestrinin yaradıcısı kimi tanınıb. Dahi
bəstəkar nəzəriyyəçi, alim, musiqişünas, filosof, tərcüməçi,
ictimai xadim, həm də publisist kimi çıxış edib. Üzeyir bəyin publisistik
yaradıcılığı 1903-1948-ci illəri əhatə edib.O, hələ Qori seminariyasında
oxuyarkən özünün ilk publisistik məqaləsini «Şərqi-rus» qəzetində çap etdirib və
qəzetin baş redaktoru Məhəmmədağa Şahtağlı felyetonu yüksək qiymətləndirərək
onun gələcəyinə böyük ümid olduğunu deyib.Üzeyir bəyin publisistik
yaradıcılığı çox uğurlu olub və bəstəkar vəfat edən günə qədər qələmindən
ayrılmayıb.Dahi bəstəkar «Kaspi», «Həyat», « Yeni iqbal», «İrşad» qəzetlərində
müntəzəm çıxışlar edib, 1909-cu ildə isə «Həqiqət» qəzetini nəşr etdirib.
Üzeyir
Hacıbəyli yaradıcılığının tədqiqatçıları
"Dahi bəstəkarın yaradıcılığını nə
qədər araşdırırıqsa, yenə də bitmir.Bu tükənməz xəzinə gələcək nəsillərə
qalacaq. Hələ gələcək nəsillər onun yazdığı əsərlərin, məqalələrin kodlarını
açacaqlar. Üzeyir bəy Azərbaycan xalqı üçün böyük bir irs qoyub gedib”
yazırlar. Üzeyir bəy bir institutun görə bilməyəcəyi işləri təkbaşına
görüb.O, musiqi məktəbləri, dövlət konservatoriyası yaradıb.Musiqi
kollektivlərini - xalq çalğı alətləri, notlu orkestri, simfonik orkestri, simli
alətlər kvarteti, dövlət xoru və s. kollektivləri formalaşdırıb. 1934-cü
ildə bünövrəsi qoyulan Bəstəkarlar İttifaqının yaranması da onun adı ilə
bağlıdır.
Üzeyir bəy bütöv xalqdır
Yaradıcılığı millilik, xəlqilik və bəşərilikdən
yoğurulan Üzeyir bəy "İlk
gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə
olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə
həqiqi bədii formalar almışdır.Bəstəkarlar öz əsərlərini yaradarkən,
unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq
yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi
və musiqi əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə
yanaşır, yaxşını pisdən seçir”- deyə sənətinə həssaslıqla yanaşıb.
Üzeyir bəy
musiqi sahəsində milli kadrların yetişməsi üçün səylə çalışıb.Azərbaycanın
bütün görkəmli bəstəkarları Üzeyir bəydən dərs alıb:Qara Qarayev,
Cahangir Cahangirov, Fikrət Əmirov, Hacı Xanməmmədov, Ədilə Hüseynzadə, Niyazi,
Şəfiqə Axundova, Hökumə Nəcəfova, Ağabacı Rzayeva və b. Üzeyir bəydən musiqi sənətinin
sirlərini öyrənib və öz növbələrində musiqi tariximizə töhfələrini veriblər.
Dahi
bəstəkarın tələbələri müəllimlərini yüksək dəyərləndiriblər. Görkəmli bəstəkar
və pedaqoq Qara Qarayev "Əsil sənətkar stilini tez-tez dəyişməlidir. Üzeyir
Hacıbəyov da belə sənətkarlardandır. Bu rəngarənglik onun yaradıcılığında
görünür”- deyib.
Böyük
sənətə Üzeyir bəyin xeyir-duası ilə qədəm qoyan görkəmli bəstəkar Fikrət Əmirov
isə "Üzeyir bəyə "dahi” demək azdır. Dahi bu qədər işi görə bilməz. Üzeyir bəy
bütöv xalqdır. Yalnız xalq bu miqyasda işi görə bilər» - deyib.
Xalq artisti, tanınmış bəstəkar Tofiq
Bakıxanovun Üzeyir
bəylə bağlı xatirələri də maraqlıdır: "Evimizdə həmişə görkəmli
musiqiçiləri görmüşəm. Konservatoriyada
oxuduğum illərdə Üzeyir Hacıbəyli bizim rektorumuz olub. Mən bununla fəxr
edirəm. Biz onda akademiyanın nəzdində onillik musiqi məktəbində oxuyurduq.
Üzeyir bəy bütün konsertlərimizdə birinci sırada otururdu. Konsert qurtarandan
sonra tövsiyələrini deyirdi. Onun dediyi sözlərin hamısı yadımdadır. Üzeyir bəyin
60 illiyində mən solist kimi skripkada onun «Arşın mal alan» musiqili
komediyası üzərində yazılmış "Fantaziya”nı simfonik orkestrlə ifa etdim. Üzeyir
bəyin qarşısına çıxmaq böyük məsuliyyət tələb edirdi. Dahi bəstəkar konsertdən
sonra «Tofiq Bakıxanovun uğurlu gələcəyi var» dedi. Üzeyir bəy bizə qonşu idi. Atamla da işə
bir gedib-gələrdi. Onların söhbətləri tuturdu. Bir gün atama «Əhməd xan, gələcəyi
fikirləşib mədəniyyətimizi inkişaf etdirməliyik. Bizdə Avropa alətləri çalan
yoxdur. Sən üç övladının hərəsini bir aləti ifa etməyə yönəlt ki, qoy gələcəkdə
musiqimizə lazım olsun» dedi. Atam da onun təşəbbüsü ilə bizi Konservatoriyanın
nəzdində istedadlı tələbələr məktəbinə yazdırdı. Mən skripka sinfində oxudum və
ömrümü bəstəkarlığa həsr etdim”.
Dahi xeyirxah
Üzeyir
bəyin ad gününü vaxtilə yaşadığı, hazırda muzeyə çevrilən evdə qeyd etməyə
yığışanlar isə dahi bəstəkarın doğum gününü Milli Musiqi Gününə əsil töhfə
adlandırdılar.
Ev-muzeyin direktoru Sərdar Fərəcov dahi bəstəkarın yaradıcılığından söz
açaraq «Üzeyir bəyin irsi böyükdür. Bu irsdən bu gün də qidalanırıq, öyrənirik.
Böyük bəstəkarın həyatı davam edir, çünki onun əsərləri yaşayır. Təkcə Azərbaycanda
deyil, dünyanın müxtəlif ölkələrində səhnəyə qoyulur, səslənir, dinlənilir»
dedi.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə
müdiri Fikrət Babayev Üzeyir Hacıbəyovu Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən
biri kimi dəyərləndirdi: "Üzeyir bəy Azərbaycan xalqının bəşəriyyətə hədiyyə
etdiyi dühadır. Üzeyir bəyin adını daşıyan Ev-muzeyə hər bir azərbaycanlı baş çəkməlidir.
Çünki bu məkana gələndə insan təmizlənir, saflaşır. Bura böyük ocaqdır. Uşağın,
gəncin, böyüyün yolu bu muzeydən keçməlidir”.
Akademik E.Əliyev hər dəfə dahi bəstəkarın ev muzeyinə gələndə
kövrəldiyini dedi: «Biz hər gün Üzeyir bəylə təmasdayıq. Himnimizə qulaq
asırıq, musiqilərini dinləyirik və ona rəhmət oxuyuruq. Bu musiqiləri yazacaq
ikinci bir bəstəkar doğulmayacaq».
Professor Asif Rüstəmli Üzeyir bəyin ad gününü Milli Musiqi
Gününə töhfə adlandırdı: "Üzeyir bəy Azərbaycan xalqının musiqi zövqünün yüksəlməsində
rol oynayan bəstəkardır. O bir sıra yeniliklərə imza atmış şəxsiyyətdir:
«1917-ci ildə nəşr olunan qəzetlərdə Hacıbəyli qardaşlarının teatr truppası ilə
bağlı materiallara rast gəldim. Bu, ilk sahibkarlıq fəaliyyəti ilə məşğul olan
truppadır. Həmin truppa 1923-cü ilə qədər fəaliyyət göstərib. Məşhur rejissor və
aktyor Hüseyn Ərəblinski öldürüləndən sonra bu teatr onun həyat yoldaşına əməkhaqqı
ödəyib. Bu baxımdan Üzeyir bəy həm də dahi xeyirxah idi”. Azərbaycanın müstəqilliyinin
əldə edilməsində Üzeyir bəyin böyük xidmətləri olduğunu deyən A.Rüstəmli onu əsərlərinin
bütün dövrlər üçün əbədiyaşar olduğunu söylədi: "Üzeyir bəy Cümhuriyyətin
himninin müəllifidir. O, bütün əsərləri ilə, Azərbaycan himni ilə yaşayır».
Şair Yusif Həsənbəy dahi bəstəkarın qələmindən çıxan hər
notu əvəzolunmaz adlandırdı: «Üzeyir bəyin əsas xidməti xalqı maarifləndirmək
olub. Üzeyir bəy həmişə o yüksəklikdə qalacaq».
İranlı müğənni Yaqub Zurufçu ilk dəfə 13 yaşı olanda Üzeyir bəyin «Sevgili canan»ını oxuduğunu
dedi: «O zaman mən Üzeyir bəy haqqında Təbrizdə nəşr olunan kitabı oxudum və
heyran oldum. O vaxtdan bəri onun musiqilərini dinləyir və ifa edirəm. Mən
Üzeyir bəyin əsərlərindən ibarət disk çıxartmışam. Həmin disk Amerikada böyük
tirajla satılıb. Biz Üzeyir bəyin əsərlərini təbliğ etməliyik ki, böyüyən nəsil
böyük bəstəkarın kimliyini bilsin, onun əsərlərinə bələd olsun. Üzeyir
Hacıbəylinin adını, onun əsərlərini tanıtmaqla
Azərbaycanın mədəniyyətini tanıdırıq. Üzeyir bəy Azərbaycan xalqının mənəvi sərvətidir».
Artıq
9 ildir ki, ölkəmizdə dahi bəstəkarın adına Beynəlxalq Musiqi Festivalı
keçirilir. Dünyanın hər yerindən musiqiçilər bu festivala dəvət olunur. Bu
musiqi günləri təkcə böyük bəstəkarın əsərlərini təbliğ etmir, həm də ölkəmizi
tanıtmağa xidmət edir.
Üzeyir
bəyin əsərləri orta və ali məktəblərdə tədris olunur. Ancaq musiqiçilər hesab
edirlər ki, Azərbaycan dövlət himninin müəllifinin tanıdılması üçün daha geniş
təbliğat aparılmalıdır. Televiziya kanallarında, radiolarda böyük bəstəkara
verilişlər həsr olunmalı, musiqiləri səslənməli, mətbuat onun yaradıcılığını təbliğ
etməlidir. Böyüyən nəsil Üzeyir bəyin əsərlərini tanımalı, yaradıcılığına bələd
olmalı, şəxsiyyətinin böyüklüyündən xəbər tutmalıdır. Çünki biz Üzeyir Hacıbəylini tanıtmaqla, Azərbaycan
xalqını, onun milli musiqisini tanıdırıq.
Təranə
Məhərrəmova