• cümə, 29 Mart, 02:21
  • Baku Bakı 7°C

Həkim: "COVID-19 immuniteti zəif olanlarda bir çox hallarda ölümlə nəticələnir"

28.04.21 13:37 424
Həkim: "COVID-19 immuniteti zəif olanlarda bir çox hallarda ölümlə nəticələnir"
"İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiə sistemidir. İmmunitet və ya immun sistemi orqanizmi bütün yad parazitlərdən, viruslardan, mikroblardan, göbələklərdən və hətta təhlükə yaradan öz toxumalarımızdan qoruyur”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, ümumi cərrah Namiq Novruzov deyib.
Onun sözlərinə görə, immunitet təbii və süni ola bilər ki, bunlardan hər biri öz növbəsində "passiv” və "aktiv” olur: "Təbii (passiv) immuniteti insan hələ doğulmamış, ana bətnində və ana südü əmdiyi zaman əldə edir. "Aktiv” immunitet isə yaşadığı dövrdə infeksion xəstəliklərə yoluxub sağaldıqdan sonra yaranır.
Süni immunitet vaksinasiya hesabına formalaşır. Süni (passiv) immunitet orqanizmə hazır anticimlərin (zərdab) yeridilməsi nəticəsində əldə edilir. Süni (aktiv) immunitet isə orqanizmə ölmüş, zəiflədilmiş və ya geni dəyişdirilmiş mikrobların yeridilməsindən sonra immun sisteminin özünün hazırladığı anticisimlər vasitəsilə yaranır. Hazırda COVID-19 pandemiyası dövründə yaşayırıq. Günümüzün ən aktual məsələlərindən biri də immunitetimizin möhkəmləndirilməsidir”.
Həkim qeyd edib ki, COVID-19 xəstəliyi immuniteti zəif olan insanlarda daha ağır və fəsadlarla keçir, bir çox hallarda ölümlə nəticələnir: "Yeni növ koronavirus insan orqanizminə düşərkən onun immun sistemi digər infeksion xəstəliklərdə olduğu kimi, anticisim və immunoqlobulin hazırlamaqla reaksiya verir. COVID-19 üçün həmin anticisimlər xəstəliyin 7-14-cü günündə hazırlanır və bir qayda olaraq, infeksiyanın kəskin dövrünə düşür. Hazırlanmış anticisimlər orqanizmdə uzun müddət qalır. Bu, onu göstərir ki, insan COVID-19-a qarşı təbii aktiv immunitet qazanıb".
N. Novruzovun sözlərinə görə, vaksinasiyadan sonra sabit immun cavab orqanizmdə peyvənddən 42 gün sonra əmələ gəlir: "Peyvənd olunduqdan sonra insan orqanizmində yaranan anticisimlərin səviyyəsi, xəstəlikdən sonra olan səviyyədən də qat-qat yüksək olur və bu, həmin orqanizmi bir neçə il infeksiyadan qorumaq qabiliyyətinə malik olur”.
Həkim bildirib ki, günümüzün aktual məsələlərindən biri yenə də COVID-19 xəstəliyindən necə qorunmaqdır: "Mən bir həkim kimi tövsiyələrimi bildirmək istəyirəm: tibbi maskalardan istifadə edin, sosial məsafə saxlayın, gigiyenik qaydalara ciddi riayət edin və özünüzdə hər hansı narahatlıq - öskürək, temperatur, təngnəfəslik və s. hiss etdikdə, dərhal həkimə müraciət edin. Yuyulmamış əllərinizlə gözlərinizə, ağzınıza və burnunuza toxunmayın. İmmunitetiniz nə qədər möhkəm olarsa, təhlükəli viruslardan bir o qədər qorunmuş olarsınız”.

banner

Oxşar Xəbərlər