• cümə axşamı, 28 mart, 23:49
  • Baku Bakı 13°C

“Heç bir ölkə Azərbaycan kimi qonaqpərvər deyil” - Səyyah

08.09.17 10:45 3447
“Heç bir ölkə Azərbaycan kimi qonaqpərvər deyil” - Səyyah
20 yaşı var. Yaşı qədər ölkələri səyahət edib. Məktəbdə və universitetdə aktiv fəaliyyəti onu bütün arzularına sürətlə qovuşdurub. İstəyi, əzmi və məqsədi ona 20 yaşında Gənc Avropa Səfiri olmağı qazandırıb. Hətta aktiv səfirlik fəaliyyətinə görə, Avropada mükafatlandırılıb.

Müsahibimiz 20 yaşlı səyahətçi Sara Rəcəblidir. Sara Azərbaycan Turizm və Menecment Universitetində turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alıb. Birinci kursdan Mədəniyyət və Turizm Nazirliyi, Avropa İttifaqı səfirliyi, Fairmont oteli, "Fireflies” turizm şirkətində könüllü və təcrübə proqramlarında iştirak edib. Hazırda "Free to Travel” və "Buta Art & Sweets” layihəsinin təsisçisi, NAYORA-nın Gənc elçilər proqramının üzvü, "EU Neighbours East” layihəsinin gənc avropalı səfiri kimi fəaliyyət göstərir.

- Sara, 20 yaşında 18 ölkədə səfərdə olubsan. Səyahət etmək sənin üçün nə vaxtdan hobbiyə çevrilib?

- Uşaqlıqdan səyahət etmək istəyirdim, lakin beynimə səyahətlərin çox pul tələb etdiyi yeridilmişdi. Əgər imkanlı deyilsənsə, dünyanı kəşf edə bilməzsən. Amma universitetdə oxuyarkən maraqlandım və xaricdə təqaüd proqramlarına müraciət etdim. Xaricdə isə aşağı büdcəli səyahətləri araşdırırdım. İnsan bir dəfə səyahət edirsə, artıq bu tələbata çevrilir. Hər fürsətdə səyahət etmək istəyirsən. Birinci kursda oxuyarkən Almaniyada təqaüd proqramı qazandım. Orada gənclər 5-ci gün dərsə çantalarla gəlirdilər, dərsdən çıxıb həftəsonu başqa ölkəyə səyahət edirdilər. 18 yaşım var idi və bu mənə təəccüblü gəldi. Mən də tək səyahət etmək qərarına gəldim. Onlayn turlarla maraqlandım. Hətta bir xidmət var idi ki, şəhər adı yazmaqla sizi evində qonaq edəcək insanları tapırsan. Avstriyada və Lüksemburqda həmin xidmətdən istifadə etdim. Çünki orada hostellərin qiyməti çox bahadır.

-18 yaşında başqa ölkədə tək və tanımadığınız şəxsin evində qalmaq çətin deyildi ki?

- Tək səyahətimdə çox böyük risklər etdim. Bu turu təşkil edəndə valideynlərimə deməmişdim. 18 yaşım var idi və əmin idim ki, valideynlərim bilsəydi, icazə verməzdi. Onlar düşünürlər ki, qarşıma manyak çıxa bilər (gülür-A.Ə). Almaniyada onlayn şəkildə səyahəti planlaşdıranda hər dəfə fikirləşirdim ki, bəlkə imtina edim. Sonra dedim ki, yox, bu mənim arzumdur və mütləq getməliyəm. Bir daha belə şansım olmayacaq. Əlbəttə valideynlərim bilsəydi ki, mən tək səyahət edirəm, icazə verməzdilər. Amma ehtiyat edirdim və çalışırdım ki, 6-dan sonra çölə çıxmayım. 8 Avropa ölkəsini 16 günə tək gəzdim. Hər birində 1-2 gün qaldım, ancaq gəzirdim. Çox insanlarla tanış oldum. Almaniyaya başqa bir insan kimi qayıtdım. Tək getməsəydim, o qədər insan tanımazdım. Rastlaşdığım bütün turistlərə Azərbaycan haqqında danışırdım. İndiyə kimi də əlaqə saxlayıb, səfərlər haqqında məlumatlar alırıq.
- Səfərlərdə gecələməyə yer tapmadığınız olubmu?

- Belə hadisə ilə bir dəfə rastlaşdım. Biletimi səhər 4-5 üçün götürürdüm və ucuz başa gəldiyindən kiçik aeroportlardan istifadə edirdim. Hər dəfə də 2 saat tez gəlirdim. Hava limanının tək problemi 12-yə kimi bağlanması idi. Gecə saat on iki olan kimi bağlanırdı və heç kimi içəri buraxmırdılar. Elə bilirdim ki, uçuş vaxtım çatana kimi orada gözləyə bilərəm. Amma polislər icazə vermədilər. Məni qovdular və cibimdə də pulum az idi. Ətrafdakı otellər isə 5 ulduzlu idi. Orada balaca kottec kimi evlər var idi. Yanvar ayı idi. Bir-bir camaatın qapısını döyüb evlərində qalmaq istədiyimi bildirirdim. 15 qapını döydüm, məni qovdular. Axırıncı qapını döyəndə yaşlı bir kişi açdı və dedi ki bir şərtlə səni evimə qəbul edəcəyəm, mənimlə ingilis dilində danışacaqsan. Təsəvvür edin, kişi tək idi. Ailəsi harasa istirahətə getmişdi. Mənə qızının gecə paltarlarını və yemək verdi. Kişi dedi ki çox xahiş edirəm sən mənim evimi çox tez tərk elə, çünki mənim həyat yoldaşım gəlsə, pis başa düşəcək. (gülür-A.Ə)

- Tək səyahət etmək necə hissdir, darıxdırıcı deyil ki?

- Əvəzolunmazdır. Mən hamıya tövsiyə edərdim ki, heç olmasa bir şəhərə tək səyahət etsinlər. Həqiqətən, inanılmaz təəssüratlar olur . Düzdür, xüsusən qadınlar üçün çox risklidir, hər şeyə diqqət etmək lazımdır. Amma onun təcrübəsi əvəzolunmazdır. Etdiyim risklər mənə gələcək həyatımda da kömək etdi. Özümü həqiqətən güclü hiss edirəm və hər maneə ilə mübarizə apara biləcəyimə inanıram.

- Mühafizəkar ailəniz var. Bəs onları xaricdə təhsil üçün necə razı saldınız?

- Ailəmlə aramda xaricdə təhsillə bağlı çox problemlər olub. Amma sonda mənə inanıblar. Qohumlar, qonşular onlara psixoloji və emosional təsir göstərirlər ki, sən necə olur ki, qızını xaricə göndərirsən. Mənim istəklərim, məqsədlərim onlar üçün qohum-qonşudan önəmlidir. Öz ailəmə buna görə təşəkkür edirəm. Güvəni ailədə yaratmaq lazımdır. İnsanlar özlərini ölkələrində aktiv göstərmirlərsə, başqa ölkələrdə mütləq çətinlik çəkərlər. Ailən problemlərini həll edə bilmək qabiliyyətində olduğunu mütləq görməlidir ki, sənə də inansınlar.
- Gənclər pulsuz və aşağı büdcəli səyahətləri necə reallaşdıra bilər?

- "Free to travel" layihəsində sosial şəbəkələrdə bütün proqramları və ucuz səyahət imkanlarını paylaşıram. Layihəm 1 il ərzində Avropa İttifaqının müəyyən proqramlarında da təmsil olunub. Layihə məhz maarifləndirmə xarakteri daşıyır və heç bir qazanc yoxdur. Heç bir investisiya qoyulmadan "Facebook”da 55 ölkədən 1900-dan çox izləyici toplaya bilib. Əsas məqsəd gəncləri pulsuz və aşağı büdcəli səyahətlərə ruhlandırmaqdır. Bu günə qədər 40 şəhərdə pulsuz səyahət imkanları haqqında postlar paylaşılıb və 20-dən çox gəncə imkanların və proqramların tapılmasına kömək edilib.

- Səni hansı ölkələr daha çox təəccübləndirdi?

- Avropa ölkələri bir-birinə çox oxşayır. İspaniya daha çox qayğıkeşdir. İsveç bizim ağlımıza çox soyuq ölkə kimi gəlir. Amma onlar məncə, çox qonaqpərvərdirlər. Məni ən çox Mərakeş təəccübləndirmişdi. "Klon” serialındakı kimi Mərakeş gözləyirdim. Amma çox müasirləşib və dəyişib. Mərakeşin Aqadir şəhəri Bakıya çox oxşayır. Bakının dağüstü parkdan görüntüsünü mərakeşlilərə göstərəndə çox təəccüblənmişdilər.

- Səncə, hər bir insanın mütləq görməsi lazım olan şəhər hansıdır?

- Barselona. Mütləq hamı ora getmlidir. Mən orada elə bilirdim nağıllar aləmindəyəm. Elə bir formada yaradılıb ki, insan özünü nağıllarda hiss edir. Bütün dizayn fərqlidir. Üstəlik, Azərbaycan orada çox məşhurdur. Məncə, ən dadlı yeməklər Hindistandadır. Hər kəs Hindistan və Mərakeşin yeməklərini dadmalıdır.

- Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Avropada təəccüblə qarşılanır?

- Heç bir ölkə Azərbaycan kimi qonaqpərvər deyil. Qadına, uşaqlara, hətta hamilə qadınlara belə ictimai nəqliyyatda yer vermək Avropada yaxşı qarşılanmır. Orada feminizm kampaniyası çox sərtdir. Bir də restoranlarda hesabı ödəmək məsələsi fərqlidir. Bizdə əksər hallarda masada oğlanlar varsa, mütləq hesabı onlar ödəyirlər. Amma onlarda hər kəs öz hesabını ödəyir.

- Sonda həmyaşıdlarınıza nə demək istərdiniz?

- Gənclərə demək istəyirəm ki, "yox” cavabı almaqdan qorxmasınlar və mütləq bütün proqramlara müraciət etsinlər. Seçilməmək sizin güclü-gücsüz olduğunuzu göstərmir. "Yox”dan qorxmayın və heç vaxt təslim olmayın. Mən indiyə qədər 60-a yaxın "yox” cavabı almışam və bu, məni qoxutmayıb. Düzdür, səyahətlərdə neqativ hallarla da rastlaşırsan. Amma mən səyahətlərin neqativlərini də sevirəm çünki onlar mənə kritik düşünməyi də öyrədirlər. Komfort zonadan çıxmaqdan və yeni insanları tanımaqdan qorxmayın.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər