Hazırladığı silah YUNESKO-nun yarışında birinci olan azərbaycanlı
Emin Məmmədov:
"Bu sahədə olan məlumatları gələcək nəsillərə çatdırmaq üçün əlimdən gələni etməyə
çalışıram”
15
yaşından silah hazırlanması işinə maraq göstərir, elə həmin vaxtdan da
araşdırmalara başlayır və bu sahə onun hobbisinə çevrilir. Orta təhsilini
bitirir, başqa sahədə təhsil alır, müxtəlif ölkələrdə fərqli şirkətlərdə
çalışır, amma paralel olaraq silahsazlıqla da məşğul olur. Bu gün əl işləri Azərbaycan, Argentina və
İsrail kimi ölkələrin muzeylərində və fərqli ölkələrdə şəxsi kolleksiyalarda
saxlanılır.
Söhbət
Kanadada yaşayan və orda mühəndis olaraq çalışan həmyerlimiz Emin Məmmədovdan
gedir.
Hobbisi
silahsazlıq olan E.Məmmədov həm soyuq silahlar (bıçaqlar, xəncərlər və
qılınclar), həm də odlu silahların hazırlanması ilə məşğuldur.
Emin Məmmədov
öz əl işi olan gümüş xəncərlə YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil
olunan müsabiqədə birinci yeri tutub.
Qeyd edək
ki, E.Məmmədov 1979-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Tarzən,
xalq artisti Hacı Məmmədovun nəvəsidir. Orta təhsilini Bakıda 160 nömrəli tam
orta məktəbdə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geologiya
üzrə bakalavr, Almaniyanın Kiel Universitetində sahil mühəndisliyi üzrə magistr
təhsili alıb. İngilis dilində yazılan "The Azerbaijan armourer's art"
(Azərbaycanlı silahsazın sənəti) kitabının həmmüəllifidir.
- Profilinizdə iş yerlərinizə göz atdım, Kanadadan əvvəlki
təcrübəniz fərqli ölkələrdir. Tez-tez işi və ölkəni dəyişməyinizdən başlayaq. Səbəb
nə idi?
- Bəli,
fərqli ölkələrdə yaşayıb işləmişəm. Əsasən, ərəb ölkələrində çalışmışam. Demək
olar ki, Misirdən başqa bütün ərəb ölkələrində iş təcrübəm var. Tez-tez iş, ölkə
dəyişmək elə təəssürat yaratmasın ki, işə düzəlib tez də çıxırdım. Mən Bakıda
yaşayırdım və öz sahəmlə bağlı məsləhətçi kimi fərqli ölkələrin layihələrində
işləmək üçün gedirdim. Layihə bitəndə, qayıdırdım, sonra başqa ölkədə layihə
olurdu, ora gedirdim. Proses belə olurdu. Düzdür, hansısa ölkədə daimi işləyə də
bilərdim. Amma mən bir yerə davamlı bağlı olmağı sevmirəm. Həm də fərqli ölkələrdə
fərqli şirkətlərdə çalışmaq xarakterimə uyğun idi, mənə maraqlı gəlirdi.
2012-ci ildən Kanadaya köçdüm və burda işləməyə davam etdim.
- Azərbaycanda
iş təcrübəniz olmayıb?
- Azərbaycanda
az yaşamışam, ona görə, orda elə çox iş təcrübəm olmayıb. Yalnız
"Bakı-Tbilisi-Ceyhan” layihəsində işləmişəm.
- Fərqli ölkələrdə
çalışmağın xarakterinizə uyğun olduğunu dediniz. Sizə maraqlı gələn tərəfləri nələr
idi?
- Fərqli ölkələrdə yaşamaq, işləməyin
yaxşı tərəfləri çoxdur. Başqa ölkəyə gedirsən, fərqli insanlarla, yeni mədəniyyətlərlə
tanış olursan, başqa qayda-qanunları öyrənirsən, müxtəlif dillərə yiyələnirsən,
gələcəkdə vacib olacaq əlaqələr formalaşdıra bilirsən. Mən belə baxıram.
Dubayda keyfiyyətə nəzarət işi ilə başladım, sonra əməliyyatlara keçdim. Neftlə
əlaqəli inşaat layihələrində də işləmişəm. Mühəndis kimi çalışdım, sonra layihə
idarəetməsinə keçdim. Yəni fərqli ölkələrin iş mühitində olmağın özü də başqa təcrübədir.
- "Növbəti iş olmaya və yaxud gec ola bilər” kimi
riskləri nəzərə alaraq xarici ölkədə iş tapanda, çox adam yaranan imkandan
istifadə edib getdiyi yerdə qalmağı düşünür. Belə risklə bağlı narahatlığınız
yox idi?
- Riskləri
sevən biriyəm. Düzdür, risk edib mənfi tərəflərini də gördüyüm olub. Amma yaxşı
nəticə aldığım daha çox idi. Alınmırsa, problem deyil. Adam rahat yatır ki, cəhd
etdim, çalışdım, alınmadı. Bir də var ki, cəhd etmirsən, yoxlamırsan, amma
sonra peşmanlığını yaşayırsan ki, bəlkə cəhd etsəydim, alınardı. Şans
yaranırsa, istifadə etmək lazımdır. Bunu yaşamamaq üçün fürsət olanda, risk
edirəm.
- Digər işinizlə yanaşı, həm də silahsazlıq sənəti
kimi hobbiniz var. Bu sahə ilə nə qədər vaxtdır maraqlanırsız, məşğul olursuz?
-
1994-cü ildən maraqlanmağa başladım. Azərbaycanda araşdırdım, sonra Cənubi Azərbaycana
getdim, orda da bu işlə bağlı məlumat yığırdım. Silahdan xoşum gəlirdi və araşdırdıqca
daha da marağım artırdı. Elə həmin vaxt qərar verdim ki, bu sahəni öyrənim.
Orta məktəbin son illərinin yay tətilində Gürcüstana gedib orda bu sahənin sirlərinə
yiyələnirdim. Belə-belə öyrəndim, sonra özüm də məşğul oldum.
- Araşdırmalara başlayanda, kolleksiyalara baxmaq
marağı yarananda, 15 yaşınız olub. Bu yaşda birinə kolleksiyaçılar öz
kolleksiyalarını göstərməkdə nə dərəcədə maraqlı olurdular?
-
(Gülür) İlk vaxtlar bu cəhətdən müəyyən problemlər olurdu. Zamanla hər şey
qaydasına düşürdü. İstək böyükdürsə, insan ona nail olur. Qarşımdakılar o istəyi
məndə hiss edirdilər, görürdülər ki, qısamüddətlik həvəs deyil, davamlı
maraqlanıram, köməklik edirdilər.
- Bəs nə vaxtdan artıq özünüz də silahları
hazırlamağa başladınız?
-
Maraqlanmağa başladığım ilk vaxtlar özüm də nələrsə hazırlamağa çalışırdım.
Söhbət soyuq silahlardan gedir. Sonra Gürcüstanda bu sahə ilə bağlı öyrənməyə
gedirdim, ondan sonra daha təkmil soyuq silahlar hazırlamağa başladım. Zamanla,
təbii ki, təkmilləşdirirdim. Odlu silahlara gəlincə, Azərbaycanda bununla bağlı
qanunvericilik çox sərt olduğu üçün məşğul ola bilmirdim. Kanadaya köçəndən
sonra burda odlu silahların hazırlanması ilə bağlı peşə təhsili aldım,
sertifikat əldə etdim və bu sahədə də çalışmağa başladım. Kanadada odlu silahların
hazırlanması ilə qanuni şəkildə məşğul olmaq hüququm var. Silah almaq və satmaq
üçün lisenziyan olmalıdır. Mən də silah satışı üçün o lisenziyanı almışam və
hazırladığım işlərin qanunu şəkildə satışını edə bilirəm. Soyuq silahlar bağlı
da problem yoxdur.
- Lisenziya
almaq prosesi necə olur?
-
Lisenziya almaq 2 ay vaxt apardı. Sənədləri göndərdim, 3 gün kursa gedirsən,
sonra səni və ailə üzvlərini araşdırırlar. Kriminal durum yoxdursa, 2 ay ərzində
verirlər. Lisenziyanı 2012-ci ildə gəldiyimdə almışam.
- YUNESKO-da yer tutan əl işiniz gümüşdən idi.
Ancaq gümüşdən hazırlayırsız, yoxsa başqa metallarla da işləyirsiz?
- Bu sahə
zərgərliklə dəmirçiliyin birləşməsidir. Müxtəlif metallarla işləyirəm. Amma
üstünlük qızıl, gümüşdədir.
- Öz əl işlərinizdən
ibarət kolleksiyanız varmı?
- Məndə
kolleksiya yoxdur, düzəldib satıram, yaxud muzeylərə vermişəm. Qədimdən, dədə-babadan
qalma bir-iki işi özümdə saxlayıram. Qədim "Koft Qari” xəncərinin kopyasını
hazırlamışam. Dəmirdir, üzəri də qızıl işləmələrlə. Onu Bakıda Xalça Muzeyinə
göndərəcəyəm. Şah İsmayıl dövrünə aid latundan "Şəmşir” xəncərini düzəltmişəm,
kopyasıdır. Eyni xəncər Şah İsmayıl Xətainin dövründə istifadə olunub. Bu, hələ
ki, özümdədir. Təbrizdə muzeydə originalı var. "Şuşa fatehi” Tehran Mənsimov üçün
xəncər düzəldirəm. Hazır olanda, özünə hədiyyə verəcəyəm.
- Sizinlə bağlı paylaşımda qeyd olunmuşdu ki,
xarici muzeylərdə də əl işiniz saxlanır...
-
Amerikada çox böyük Metropolitan Muzeyi var. Orda Azərbaycana aid çox az
eksponat var. Muzeydə Səfəvilər dövrünə aid çoxlu eksponatlar sərgilənir.
Kataloqa baxanda, onları kimlərin muzeyə ianə etdiyi görünür. 99 faizi erməni
adlarıdır. Əgər muzeyə nəyisə ianə edirsənsə, onun tarixini özün yazırsan.
Onlar Azərbaycana aid işləri özlərininki kimi qələmə veriblər. Mən də çalışıram
ki, özəl işlər hazırlayım, yaxud hansısa qədim silahı kopya edib muzeylərə
verim, Azərbaycan adına nələrsə olsun.Argentinada
olan Azərbaycan səfiri bir xəncərimi Buones-Ayresdə Arujua muzeyinə vermişdi.
İsraildə, Şamaxıda muzeylərdə var. Xalça Muzeyinə də göndərəcəyəm.
- Bu sahədə əsrəyə gələn kitabın həmmüəlliflərindənsiniz.
Kitab fikri necə yarandı?
- Tarixə
baxsaq, ulu babalarımız yaxşı döyüşçü olublar və bu ölkədə güclü silah mədəniyyəti
olub. Döyüşçülərimiz qəhrəmanlarımız silahları ilə seçiliblər. Amma bu mədəniyyət
sonra bizdən silindi. Bunda tam olaraq rusları günahlandırırlar. Düzdür,
onların da rolu var, amma biz yaşatmaq üçün çalışsaydıq, nəticə belə olmazdı. Yəni
özümüzün də silinməsində rolumuz var. Bu sahənin bizdə qədim tarixə söykəndiyini
təbliğ etməyəndə, ermənilər də bizə məxsus işləri öz adlarına çıxarırlar. Emma
Astvatsaturyan adlı erməni silah üzrə mütəxəssis var idi. Qafqaz
silah mədəniyyəti barədə birinci kitabı 60-cı illərdə o yazıb. 8 kitab
buraxmışdı, 2 il öncə öldü. Kitabda, demək olar ki, 5-6 azərbaycanlı adı qeyd
olunub. Azərbaycan ərazisində qeyd etdiyi ustaların adları, demək olar ki, ermənidir.
Gözləyirdim ki, bizimkilər bu istiqamətdə nələrsə etsinlər. Amma üstündən o qədər
il keçib, amma heç bir iş görülmədi. Fikirləşdim ki, özüm yazım. Tarixçi deyiləm,
amma silahdüzəldənəm və həmmüəllif Alexsandr Volovik ilə birləşib yazdıq. Həm
Şimal, həm Cənub, həm də Qərbi Azərbaycanı əhatə etməyə çalışmışıq. Kitab həm Mədəniyyət
Nazirliyi, Həm Heydər Əliyev Fondu tərəfindən tövsiyə olunub.
- Kitabla
bağlı araşdırmaları nə vaxtdan aparırdız? Çünki xaricdə işləmisiniz, sonra birdəfəlik
köçübsünüz...
- Bu məlumatları
elə 1994-cü ildə araşdırma aparmağa başlayandan yığırdım. İlk olaraq Azərbaycanda
araşdırma apardım, regionlarımızda oldum, hər rayonun ornamentlərini ayrıca
yığdım. Kitabda məhz bu bölgü ilə də verilib. Bir müddət mən xaricə iş üçün
gedib-gəlirdim, amma yaşayış yerim Azərbaycan idi, o vaxt da araşdırmalarımı
davamlı şəkildə aparmışam. Keçmişdə olan ustaların adlarını, yerlərini, möhürləri,
yazılarını yığırdım. Tarix Muzeyindən də bununla bağlı məlumatı götürmək istədim,
amma mənə vermədilər. Problem ondadır ki, Azərbaycanda silah işini bilən adam
azdır. Mən də istədim ki, bu sahə ilə bağlı məlumatı kitab vasitəsilə çatdırım.
Kanadaya köçsəm də, gəlib-getmişəm, araşdırmalarımı aparmışam.Albert
Aqarunovun nəslində silah düzəldən bir nəfər var idi. Biz həmmüəlliflə onu da
tapdıq. Onun üzərində Aqarunovun möhürü olan xəncərini tapdıq və kitaba əlavə
etdik. Çalışdıq ki silahla bağlı itirilmək üzrə olan məlumatları toplayıb
yazaq. İstəyirəm ki, ikinci kitabı buraxaq. Araşdırmalarım gedir. Planlar
böyükdür, görək necə olur.
- Bu sahə ilə
ölkəmizdə məşğul olmaq istərdiniz?
- Azərbaycanda
2-3 yerdə karxana açmaq istərdim. Çünki istedadlı uşaqlar çoxdur. Gərək onları
itirməyək. YUNESKO-un mən qatıldığım yarışına 11 erməni silah ustası
qatılmışdı. Yarışda azərbaycanlı təkcə mən idim. Mən də Kanadada yaşayıb fəaliyyət
göstərirəm. Real olaraq Azərbaycanda yaşayıb fəaliyyət göstərən bir nəfər yox
idi. Mənim ad, soyadım, milliyətim azərbaycanlı olaraq qeyd edilirdi, ancaq yenə
də fəaliyyət yerim Kanadadır. Azərbaycanda yaşayıb fəaliyyət göstərənlərin
qatılmaması təəssüfedicidir.Mən
özümü usta saymıram, hələ çox şeyi öyrənməliyəm. Öz biliyimin üstündə daim
çalışıram. Mən bu sahəni Azərbaycanda yenidən həyata qaytarmaq, bu sahədə olan
məlumatları gələcək nəsillərə çatdırmaq üçün əlimdən gələni etməyə çalışıram.Digər tərəfdən,
bu sahədən turizm cəhətdən də istifadə etmək olar. Silah işi ilə maraqlanan
turistlər də çox olur. Onlar gəlib baxarlar, hazırlanan əl işlərini alıb
aparacaqlar. Azərbaycanda bu əl işini alsalar belə, ölkədən çıxarmaq
problemdir. Ermənistan, Gürcüstan, Özbəkistanda bu, problem deyil.
Aygün
Asimqızı