• çərşənbə, 24 Aprel, 17:23
  • Baku Bakı 27°C

Hava kəskin dəyişərsə...

10.09.22 05:00 1443
Hava kəskin dəyişərsə...

Sentyabrın 5-də hava Bakıda  +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi.

Bir çoxumuz havanın ən kiçik dəyişikliyində belə özümüzü narahat hiss edirik. Havanın kəskin dəyişməsi - istilik, qəfil soyuq, şiddətli külək və ya leysan yağış isə sağlamlığımız üçün əsl imtahana çevrilir. Nəticədə orqanizmimiz bizim havadan asılı olduğumuzu – metopatiyanı təsdiqləyir. Amma çoxumuz bəzən hava şəraitindən asılı bir insanın necə yaşaması və bu vəziyyətin simptomlarını yüngülləşdirməyin mümkün olub-olmadığını bilmirik. Məsələn, sentyabrın 5-də hava Bakıda  +40 dərəcə ətrafında idi, sentyabrın 6-da isə temperatur +22 dərəcəyə düşdü, çiskin yağış yağdı. Kəskin dəyişiklik – temperaturun qəfildən aşağı düşməsinin insanların səhhətinə təsirsiz ötüşməməsi ilə bağlı şikayətlər eşidildi. Hava dəyişkənliyinin yaratdığı fəsadları və hansı kateqoriya insanlara daha çox təsir etdiyini həkimlərlə söhbətimizdə aydınlaşdırmağa çalışdıq. 

Qadınlar, yaşlılar, xroniki xəstəlikləri olanlar 

Tibb elmi birmənalı sübut edib ki, havanın ani və kəskin dəyişikliyi ilk növbədə metohəssas insanlara təsir edir. Kəskin dəyişiklik xüsusən, ürək və damar xəstəlikləri olan, insult, mikro vuruş və ya insultdan əvvəlki vəziyyətdən əziyyət çəkənlərə təsirsiz ötüşmür. Siyahıda qadınlar, yaşlılar, həmçinin xroniki xəstəlikləri olanlar üstünlük təşkil edir.

Nizami rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi Natiq Tarıverdiyevin sözlərinə görə, havaların isti keçməsi, kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə bağlı təcili yardıma müraciət edən insanlar az deyil: “Havanın kəskin dəyişikliyi metohəssas insanlara mütləq təsir edir. Belə xəstələrə qarşı müvafiq tədbir görürük.  Onlarda əsasən təzyiq düşür və ya qalxır, ürəyin döyüntüsü artır, halsızlıq olur. Kəskin istilərdə günvurmadan əziyyət çəkənlər müraciət edir. Belə havalar əsasən metohəssas adamlar üçün təhlükəlidir. Metopatiyadan əziyyət çəkən insanların isti və dəyişkən havada çölə çıxmamaları məsləhətdir. Təcili tibbi yardım ilk yardımı göstərir, amma onlar səhhətlərinə bələd olub özlərini qorumalıdırlar”.

Fizioloji proseslərin aktivləşən vaxtı  

Professor Adil Qeybulla bildirir ki, istənilən halda havaların kəskin dəyişməsi dövründə müxtəlif xəstəliklərin çəkisi artır: “Bu, müşahidə olunan mənzərədir. Bu cür hallar təbiətin dəyişməsinə qarşı baş verən proseslərə insanların biganə yanaşmasından yaranır. Hava kəskin dəyişəndə ayrı-ayrı xəstəliklər də kəskinləşə bilər. Xüsusən mədə-bağırsaq  xorası, qastritlər, bronxial astma xəstəlikləri yaz və payız aylarında kəskinləşir. Hava dəyişkənliyi zamanı oyanan xəstəliklərin səbəbi immun sisteminin, orqanizmdə bioloji proseslərin özünün aktivləşməsidir. El arasında belə bir söz var - “qan qaynayan vaxt”. Bu, elə-belə deyilməyib. Yəni fizioloji proseslərin oyanması vaxtı. Bütün canlı təbiət oyandığı kimi insanlarda da bu oyanıqlıq baş verir. Sadəcə, insan özünü təmin edir”. Professor havanın kəskin dəyişməsinin insan orqanizminə təsirini belə izah edir: “İstər istidə, istərsə də soyuqda bədəndə xüsusi maddələr yaranır, orqanizmdə isti və soyuğa qarşı reaksiyalar baş verir. İstidən səpmə, allergik reaksiyalar olur. İstilərdən təngə gəlmiş insanlar kifayət qədərdir və onlar sərinlik axtarırlar. Bu zaman havanın kəskin soyumasına laqeyd yanaşarlarsa, onlarda soyuqlama baş verməsi ehtimalı daha yüksəkdir. Hava dəyişəndə geyim formasına mütləq dəyişiklik edilməlidir. Həmçinin evdə kondisionerdən istifadə məhdudlaşdırılmalıdır. Havaçəkən və ventilyasiya altında oturmamaq məsləhətdir”.

A.Qeybulla qeyd edir ki, insanlar barometr kimi öz xəstəliklərini hamıdan yaxşı hiss edirlər, ona uyğun olaraq həm geyim formasının seçilməsi, həm də havanın təlatümlərinə qarşı orqanizmin davamlılığının artırılması ilə bağlı öz həkimləri ilə məsləhət etmələri vacibdir: “İnsanlar ilk növbədə havanın ümumi vəziyyətini nəzərə almalıdırlar. Bəzən payız vaxtı gündüz isti, axşam kəskin soyuq olur. Çox adamlar bu müddətdə üst geyimi düzgün seçmədiklərinə görə soyuqlayırlar. Yayda da müxtəlif xəstəliklər - mədə-bağırsaq pozuntuları, qida zəhərlənmələri baş verir”.

Uşaqlar daha dözümsüzdür

Həkimlərin sözlərinə görə, meteoroloji asılılıq yalnız böyüklərdə deyil, uşaqlarda da inkişaf edə bilər və simptomlar qan dövranının pozulması və beyinin oksigen aclığı ilə əlaqələndirilir.

“Ümumiyyətlə, “metohəssas” sözünü elə-belə işlətmirlər” deyən pediatr Vaqif Qarayev hava dəyişkənliyinin böyüklərdə sinir, ürək-qan damar sistemi, oynaq xəstəlikləri kimi xroniki xəstəliklərdən yan ötmədiyini deyir: “Bunlar illərlə davam edir. Revmatik xəstəlikləri olan, infarkt, insult keçirmiş və allergik problemli insanlara havanın kəskin dəyişməsi təsir edir. Çünki allergik problemlər yaz və payız aylarında kəskinləşir. Fəsillər dəyişdikcə, məsələn, yazqabağı və ya yaydan payıza keçəndə orqanizm özünü hazırlayır. Təbiət insanı elə yaradıb ki, iqlim dəyişikliyinə dözə bilsin və tez adaptasiya olsun, amma hava kəskin dəyişdikdə müxtəlif xəstəliyi olan insanlar əziyyət çəkir. Onların xəstəlikləri şiddətlənir. Böyük adamlar 40 dərəcə isti havada dura bilərlərsə, uşaqlar duruş gətirə bilməzlər, çünki onların dözümü yoxdur. İlk növbədə bu onların sinir sisteminə təsir edir. Uşaq orqanizmi istənilən temperatura öyrəşməlidir. Həm soyuq, həm isti havada ac olan uşaqlar tez xəstələnirlər. Çünki onlarda immunitet olmur”. Həkim valideynlərə məsləhət görür ki, hava dəyişkənliyinə hazır olub, uşaqları ilə bağlı ehtiyatlı davransınlar: “Bir azdan məktəb başlayacaq. Hava səhər bir cür, axşam başqa cür olacaq. Valideynlər uşaqların çantalarına əlavə üst geyim qoymalıdırlar. Bu, böyüklərə də aiddir. Uşaqlar və müxtəlif xəstəlikləri keçirmiş insanlar temperatur dəyişikliyinə həssasdırlar”.  

Fəsadlarla bağlı məlumatlandırma aşağı səviyyədədir 

Təəssüf ki, havanın kəskin dəyişməsinin insanlarda yarada biləcəyi fəsadlarla bağlı məlumatlandırma aşağı səviyyədədir. KİV də, səhiyyə də bu vəzifənin öhdəsindən layiqincə gəlmir. A.Qeybulla qeyd edir ki, ümumiyyətlə, maarifləndirmə işi bizdə nəinki səhiyyədə, həmçinin qida mədəniyyətində, insanların həyat tərzlərini düzgün seçmələrində, pis vərdişlərdən  uzaqlaşmada, ekoloji problemlərlə bağlı da aşağı səviyyədədir. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər