• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

Gültəkin Hacıbəyli müsavatçıları zombi adlandırdı

09.12.19 17:36 996
Gültəkin Hacıbəyli müsavatçıları zombi adlandırdı
Fuad Qəhrəmanlı İsa Qəmbərə arxaik təfəkkürlü siyasətçi damğası vurdu

Müxalifət düşərgəsində qalmaqallar tükənmir. Tərəflər bir-birini satqınlıqda, xəyanətdə təqsirli bilir, hətta qarşılıqlı təhqirlərə yol verirlər. AXCP ilə Müsavat Partiyası arasındakı münasibətlərdə belə "mənzərələr” tez-tez müşahidə edilməkdədir. AXCP sədri Əli Kərimlinin nəzarətində olan Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin ötən gün "Facebook”dakı səhifəsində müsavatçıları aşağılamaq məqsədilə yazdığı status da bu qəbildəndir. O, Müsavatın sabiq başqanı İsa Qəmbərlə öz arasında vaxtilə olan söhbəti ictimailəşdirərək, nə zamansa müsavatçıların ona minnətçi düşdüklərini nümayiş etdirib: "Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat Partiyasının beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir... İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır”.
G.Hacıbəyli Müsavat lideri İ.Qəmbərlə arasında olan söhbəti ictimailəşdirməsinə fərqli don geyindirməyə çalışıb. İddia edib ki, guya onu bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur edib: "Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız məcbur edib. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir... Yaxşı, mən pis idimsə, niyə məni partiyanızın rəhbərliyinə dəvət edirdiniz, Milli Şuraya komitə sədri seçirdiniz?! Bunu düşünmək əvəzinə zombi kimi bir ucdan yükləyirlər”.
İ.Qəmbər yazılanlara cavab olaraq bildirib ki, Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan - haqlı ya haqsız, səmimi ya qərəzli - şəxslərdən biri G.Hacıbəylidir. Onun sözlərinə görə, iradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur: "Müsavat başqanı İsa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm. Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti "təkidli təklif" kimi dəyərləndirirsə, mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var. Məncə, aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm.
Hörmətli Gültəkin xanım, mən sizə Xarici Siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda Daxili Siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm.
İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı, daha toparlayıcı mövqe tutsanız təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız”.
G.Hacıbəyli Müsavat liderinə cavab olaraq yazıb ki, səsləndirdiyi arqumentdən yalnız müsavatçıların ittihamlarına qarşı istifadə edib: "Əgər çox istifadə etmişəmsə, demək ki, müsavatçılar tərəfindən çox hücumlara məruz qalmışam. Tənqidə həmişə açığam, ancaq bu tənqidadlandırdığınız məqam mənim son illər sərgilədiyim fəaliyyətlə bağlı olmayıb, bu sahədə tənqid üçün yer buraxmamışam, məncə... Təəssüf ki, bəzi müsavatçılar hökumət əvəzinə məni hədəf almaqla müxalifətçilik etdiklərini düşünürlər”.
Müsavat liderinin və Milli Şura funksionerinin "Facebook” yazışmalarına hər iki cəbhəni təmsil edənlər də qoşularaq, qarşılıqlı ittihamları, bəzi hallarda isə söyüş və təhqirləri davam etdiriblər. Misal üçün, AXCP təəssübkeşi olduğu yazdıqlarından bəlli olan Pərvin Hacıyev adlı istifadəçi onlara qarşı çıxanları "hakimiyyətə satılmışlar”, "çaqqal sürüsü” deyərək təhqir edib: "Çaqqallar nə qədər tez ifşa olsalar xalqımız üçün daha yaxşı olardı. Onları aldadanların, çaşdıranların əsil kimliyini xalqımız görür və nəticə çıxardır. Bizə gəlincə isə, onlar yanımızdan yel olub ötə bilməzlər. Xalq kimin yanındadırsa o da aparıcı qüvvədir. İsa Qəmbər də, Arif Hacılı da elə təhqir olunası alçaqlardırlar. Hərgah ki, indiyə qədər onları təhqir etməmişik. Müsavatda olan dostlarımızı nəzərə almışıq. Amma bu seçki şousunda "Real”la çiyin-çiyinə olan hər kəs qarşısında bizi görəcək. ...Tulalıq edən hər kəs öz nəsibini alacaq. Biz nəyin nə olduğunu yaxşı bilirik. Gültəkin xanıma, Sevinc xanıma dil uzadan qardaşımız olsa belə, dilini kəsərik. Arif Hacılının, satqın Qəmbərov İsanın fonunda bu xanımların təhqir olunmasına AXCP susan deyil. Bunu bilmiş olun və ona uyğun davranın. Meydanlarda olduğumuz o günlərin xətrinə hələ ki, məsələyə çox qarışmırıq. Satqınlar gəldi gedərdi! İsa Qəmbər özünü daim gündəmdə saxlamağa çalışan, siyasi cəhətdən tükənmiş bir insandır. Həqiqətən onda çox neqativ aura var. Sifətini görəndə adam depressiyaya düşür. Bir şəxs ki, siyasi tacir statusu ala. Saxta sənəd alveri və sair... Biz onun üzünə vurmadıqca uşaq kimi sırtılır”.
AXCP-nin məşhuri-cahan funksioneri Fuad Qəhrəmanlı da G.Hacıbəyliyə dəstək olub, İ.Qəmbərə arxaik təfəkkürlü siyasətçi damğası vurub. O, G.Hacıbəylini "mübarizliyi və intellektual səviyyəsi ilə demokratik müxalifətin simvollarından birinə çevrilən xanım” – deyə, vəsf edib.

Alpər TURAN





banner

Oxşar Xəbərlər