“Gənclərimiz xalqımızın dəyərlərini qorumalıdırlar” - Fotolar
Prezident İlham Əliyev: "Belə olan təqdirdə biz öz
milli mənliyimizi, ləyaqətimizi saxlaya, qoruya bilər, hansısa başqa bir
mühitdə ərimərik”
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Şamaxıda
"ASAN Həyat”ın açılışından sonra kompleksin əməkdaşları ilə görüş keçirib. Görüşdə
çıxış edən dövlət başçısı gənclərə səslənərək bildirib ki, gənclərimiz
xalqımızın əsrlər boyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar. O, xalqımıza
xas olan, əsrlər boyu yaşatdığımız milli-mənəvi dəyərlərin məhz bu prinsiplər
üzərində qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, belə olan təqdirdə biz öz
milli mənliyimizi, ləyaqətimizi saxlaya, qoruya bilər, hansısa başqa bir
mühitdə ərimərik. Prezident xalqımıza xas olan xüsusiyyətlərin könüllülər
hərəkatı ilə üst-üstə düşdüyünü xatırladıb. Deyib ki, artıq minlərlə, on
minlərlə könüllümüz var: "Bu yaxınlarda göstəriş vermişdim ki, dövlət
orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq
nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər
könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm
ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki,
bütün imkanlar açıqdır”.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri "Kaspi”
qəzetinə şərh edən Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib
Alıyev deyib ki, hər bir xalqı başqasından fərqləndirən onun dili və
adət-ənənəsinə dayanan kimliyidir. Deputatın sözlərinə görə, bu fərq yoxdursa,
o xalq yoxdur, xalq yoxdursa, onun dövlətindən danışmaq anlamsızdır: "Prezident
İlham Əliyev dəfələrlə bu haqda öz fikirlərini bildirib və özəlliklə də inteqrasiya
adı altında assimilyasiya təhdidi ilə daha çox üzləşmək qorxusu olan
gənclərimizə çağdaşlaşmağın heç də avropalaşmaq, qərbləşmək demək olmadığını
bildirib. Bəziləri bunu özünütəcrid prizmasından qiymətləndirməyə cəhd edir. Amma
bu özünütəcrid yox, indiki qloballaşma dönəmində pop mədəniyyətinin və onun
arxasındakı məkrli niyyətin total təhdidi ilə üz-üzə qaldığımız bir şəraitdə öz
mənliyini, öz kimliyini qabartmaq, onu qoruyub saxlamaqdır. Yeri gəlmişkən, elə
qərb cəmiyyətinin öz içərisində də məhz milli maraqlardan çıxış edən əsl
liderlər bənzər yanaşma sərgiləyiblər. Məsələn, Fransada Şarl de Qolldan Jak
Şirakadək ölkələrinin tarixində mühüm rol oynayan dövlət xadimləri dəfələrlə
ingilis-sakson basqısı qarşısında fransız kimliyini qoruyub saxlamağın
zərurətini vurğulayıblar və o yöndə bununla bağlı konkret addımlar atılıbdır”.
Milli
Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP)
Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, dövlətçiliyin, müstəqilliyin daha da
möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin
yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Deputat
vurğulayıb ki, illər keçsə də "Gənclər bizim gələcəyimizdir” şüarı dəyişməz
və günün aktual mövzusu olaraq qalır: "Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən gənclər siyasəti məhz gələcəyimiz olan gənclərin hərtərəfli
inkişafına, fiziki və mənəvi sağlamlığının təmin edilməsinə, gənc nəslin milli
mənəvi ruhda tərbiyə edilməsinə hesablanıb. Son illərdə ölkəmizin davamlı
inkişafının təmin olunmasında geniş vüsət alan gənclərdən ibarət könüllülük hərəkatı
gənc nəslin qarşısında yeni imkanlar açıb. Ölkənin intellektual, bilikli,
bacaraqlı gəncləri onlara yaradılan fürsətlərdən istifadə edərək, cəmiyyətin
rifahının daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı layihələrdə
iştirakları ilə töhfələrini əsirgəməyiblər. Dövlət başçısı tərəfindən
könüllülüyə göstərilən qayğı və dəstək könüllülük dövründə gənclərin
respublikamızda aparılan islahatların, inkişafın fəal üzvünə çevrilməsinə şərait
yaradıb”.
Millət vəkili N.Həmzəyev söyləyib ki, Prezident İlham
Əliyev Şamaxıya səfəri zamanı "ASAN Həyat" kompleksinin açılışında
kompleksin əməkdaşları ilə görüşündə gənclərin könüllülük hərəkatına diqqət çəkməsi
hər bir dövlətin gələcəyinin yetişməkdə olan gənc nəsildən, onun Vətəninə
bağlılığından asılı olduğuna daha bir nümunədir: "Ölkə başçısı İlham Əliyevin qeyd
etdiyi kimi, artıq, on minlərlə könüllümüz var. Dövlət orqanlarında, nazirliklərdə,
şirkətlərdə gənclərdən ibarət qrupların könüllülük fəaliyyətinə cəlb olunması
könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlər açıb. Bununla
yanaşı, görülən tədbirlər ölkənin kadr ehtiyatını da inkişaf etdirir”.
Alpər
TURAN