• cümə axşamı, 02 may, 00:03
  • Baku Bakı 15°C

Futbolumuzda yeni sima

28.10.23 01:00 4217
Futbolumuzda yeni sima

Az qala hər gün “Araz Naxçıvan”dan transfer xəbərləri gəlirdi. Prosesin belə gedişatı futbol ictimaiyyətində gülüş doğururdu. Əksəriyyət hesab edirdi ki, sanki gözüyumulu edilən transferlər effekt verməyəcək və komanda autsayder olacaq. Lakin...

Bu mövsüm Azərbaycan futbolunda diqqəti ən çox cəlb edən “Araz Naxçıvan” klubudur. Muxtar Respublika təmsilçisi həm göstərdiyi oyun, həm də nəticələri ilə təəccübləndirməyi bacarır. Komanda Azərbaycan Premyer Liqasında 10 turda 17 xal toplaya bilib və 10 komanda arasında dördüncü pillədədir. Kollektiv “Səbail”lə eyni göstəricilərə malikdir və yalnız öz aralarındakı oyunda məğlubiyyətə görə geri qalır. “Ağ-qırmızılar”ı liderlər - “Zirə” və “Qarabağ”dan cəmi üç xal ayırır.

“Araz-Naxçıvan”ın nəticələrinin təəccüb doğurmasının səbəbi komandanın bu mövsümdən Premyer Liqada iştirak etməsidir. Ötən mövsüm I Divizionda (Hazırda bu yarış I Liqa adlanır - red.) çempion olan Naxçıvan klubundan bunu gözləyən ya çox az idi, ya da ümumiyyətlə yox idi. Adətən Azərbaycanda elitaya yeni yüksələn kollektivlər ilk ildə çempionatda mövqeyini qorumaq mübarizəsi aparırlar.

Gözlənilməz çıxışın memarı

“Araz-Naxçıvan”ın uğuru komandanın baş məşqçisi Azər Bağırova diqqətləri artırıb. Komandanın nəticələri bir yana, həm də baxımlı oyun sərgiləməsi məşqçi işinin qabarmasına səbəb olub.

Komandası kimi baş məşqçi də Premyer Liqada debüt mövsümünü keçirir. Düzdür, gənc olmasına baxmayaraq, onun məşqçi kimi kifayət qədər təcrübəsi var. Lakin heç vaxt bu səviyyədə çalışmayıb.

Bağırov futbolçu kimi elə də uğurlu karyeraya sahibi deyil. O, “Qarabağ”ın əvəzedici komandasında çempionluq əldə etdikdən sonra “Xəzər Universiteti”, “Neftçi”, “Salyan”, “Masallı”, “ABN Bərdə”, “Qəbələ”, “Ədliyyə” klublarında çıxış edib. Məşqçiliyə isə 2010-cu ildə başlayıb. O, əvvəlcə “Neftçi”də seleksiyaçı məşqçi kimi çalışıb. Daha sonra iki il U-16 millisində Nikolay Adamın köməkçisi olub. Ardınca “Qəbələ”dən təklif alan mütəxəssis klubun 16 yaşlılardan ibarət komandasında çalışıb. Pro kateqoriyalı məşqçi sonradan “qırmızı-qaralar”ı Luis Araqonla birlikdə səkkiz Premyer Liqa oyununa çıxarıb. Ardınca yenidən uşaq futboluna qayıdan A.Bağırov “Qəbələ”nin U-12 komandasında işləyib.
Bundan sonra mütəxəssis özünü I Divizionda sınayıb. Öncə “Qaradağ Lökbatan”da fəaliyyət göstərən Bağırov 2018/19 mövsümündə MOİK-i çempion edə bilib. Lakin komanda Premyer Liqaya buraxılmayıb. 2019-cu ildə “Turan Tovuz”u altı matça çıxaran mütəxəssis beş qələbə, bir məğlubiyyətlə oradan ayrılıb və yenidən “Qəbələ”yə qayıdıb. Bu dəfə baş məşqçi Elmar Baxşıyevin köməkçisi olub. Lakin Pro lisenziyası olduğuna görə baş məşqçi kimi protokolda onun adı qeyd olunub. Oradan ayrıldıqdan sonra bir müddət işsiz qalan mütəxəssis “Keşlə” klubunda Sənan Qurbanovun köməkçisi olub və Azərbaycan kubokunu əldə edib.

“Keşlə”dən ayrıldıqdan sonra “Səbail”in əvəzedici komandasında üç tur çalışan mütəxəssis Region Liqasında mübarizə aparan “Araz Naxçıvan”dan dəvət alıb. İki aydan sonra komanda I Diviziona yüksəlib. Orada əldə edilən uğur Bağırovu və komandasını Premyer Liqaya gətirib.

İstehzaya səbəb olan transfer fəaliyyəti

“Araz Naxçıvan”ın Premyer Liqaya hazırlığı kifayət qədər ağrılı keçdi. Mövsümün startına az qalmış hələ bəlli deyildi ki, komanda harada oynayacaq, heyətdə kimlər yer alacaq. Yalnız yeni mövsümə bir ay qalarkən heyətin formalaşdırılmasına başlanıldı.
Bağırov məşqçilər korpusuna inandığı adamları seçdi. Transferlər isə ard-arda oldu. Komandaya təcrübəli, amma futbol səhnəsindən uzaqlaşmış yerli futbolçular, gənc oyunçular və çoxlu əcnəbilər cəlb olundu. Az qala hər gün “Araz Naxçıvan”dan transfer xəbərləri gəlirdi. Prosesin belə gedişatı futbol ictimaiyyətində gülüş doğururdu. Əksəriyyət hesab edirdi ki, sanki gözüyumulu edilən transferlər effekt verməyəcək və komanda autsayder olacaq. Lakin, görünür, Bağırovun seleksioner keçmişi ona düzgün seçimlər etməyə imkan yaradıb.

General olmaq istəyən əsgər

“Araz Naxçıvan”ın ilk turda “Turan Tovuz”a böyük hesablı məğlubiyyətdən sonra toparlana bilib ardıcıl uğurlu nəticələr əldə etməsi, “Neftçi”, “Sabah” kimi komandalardan xal alması, qazanılan qələbələr A.Bağırovun milli komandaya namizədlər sırasında göstərilməsi ilə nəticələnib. “Qəbələ” üzərində səfər qələbəsindən sonra ona bununla bağlı sual da verilib. Mütəxəssis bildirib ki, hər əsgər general olmaq istəyir və onun da məşqçi kimi böyük hədəfləri var.

Azər Bağırov qısa müddətdə formalaşdırdığı komandasının nümayiş etdirdiyi futbol və qazandığı nəticələrlə rəğbət qazanmağı bacarıb. O, bununla potensialının yüksək olduğu siqnalını verib. Məhdud imkanlarla qurulan düzgün işin nəticəsində əldə edilənlər baş məşqçi kimi onun gələcəyinin parlaq olduğunu deməyə imkan verir. Uzun illər sonra Azərbaycanda idman prinsipinin gözlənməsi, aşağı liqadan elitaya komandanın yüksəlməsi ölkə futboluna Azər Bağırovun timsalında yeni bir sima qazandırıb. Davamlı olsun!

Faiq Tahirov 

banner

Oxşar Xəbərlər