Futbol turnirinin qalibi müəyyənləşib - Fotolar

Abşeron
rayonu Mehdiabad qəsəbəsində keçirilən futbol üzrə xatirə turniri başa çatıb.
Mehdiabad Futbol Klubunun təşəbbüsü ilə ənənəvi təşkil edilən turnir bu il tanınmış
ziyalı, qəsəbə 1 nömrəli tam orta məktəbin tarix müəllimi Arif Həsənovun xatirəsinə həsr olunub.

6 komandanın iştirakı ilə keçirilən yarışların
final mərhələsində qəsəbənin gənclərdən ibarət "Xəmsə” və orta yaş
təmsilçilərinin formalaşdırdığı "Turan” komandaları qarşılaşıb. Oyunun əsas və
əlavə vaxtlarında hesab açılmayıb. Qalib 11 metrlik cərimə zərbələri
nəticəsində müəyyənləşib. "Turan” komandası 6:5 hesabı ilə qalib gəlib.

Turnirin bağlanış mərasimində Arif Həsənovun ailə
üzvləri, qəsəbə ziyalıları, təhsil ocaqlarının müəllim və şagird kollektivləri,
dostları iştirak ediblər.

Tədbirdə nitq söyləyənlər Arif Həsənovun
xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib, mərhum ziyalımızın təhsilin
inkişafı, gənclərin yüksək savad almaları istiqamətində gördüyü işlərdən
danışıb, onun müəllim peşəsinin nüfuzunu uca tutduğunu diqqətə çatdırıblar.

Turnirin qalibi – "Turan” komandasına kubok
verilib.

Hər 3 komanda Mehdiabad Futbol Klubu tərəfindən
medal və diplomlarla mükafatlandırılıblar.


