çərşənbə, 08 Fevral, 04:50

Baku Bakı 3°C

Fransa terrorizmi dəstəkləyir

icon 436 icon 03 dekabr 2022 | 11:30 Fransa terrorizmi dəstəkləyir

2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tarixi Qələbə ilə həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də illərdir icra edilməyən BMT qətnamələrinin də icrasını təmin etmiş oldu. Bu Qələbə, eyni zamanda, regionda yeni reallıqlar yaratdı. Lakin nə edək ki, bəzi ölkələr, o cümlədən Fransa bunu hələ də qəbul etməkdə çətinlik çəkir.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Fransanın adı dünyada müharibə, günahsız qanların axıdılması, soyqırımı ilə assosiasiya olunur: Təsadüfi deyil ki, Fransanın tarixində Əlcəzair ləkəsi var. Fransa tarixə müstəmləkəçi dövlət kimi düşüb. Bu dövlət Əlcəzairdə və Afrikanın digər bölgələrində, müxtəlif ölkələrdə soyqırımları, amansız qırğınlar törədib. Bu səbəbdən də Fransa öz qanlı ənənəsinə sadiq qalaraq Qafqazda müharibənin bir daha baş qaldırması üçün bütün yollara, bəd əməllərə baş vurur. Elə ona görə də Fransa bu gün regionda sülh və inkişaf üçün çalışan Azərbaycanın deyil, xəmiri terror, soyqırımları ilə yoğurulan “kiçik bacı”sı Ermənistanın yanında yer alıb.

“Bu gün birmənalı olaraq deyə bilərik ki, Fransa terrorizmi dəstəkləyən dövlətdir. Çünki Azərbaycan xalqına qarşı erməni terrorizmini dəstəkləməyin başqa adı yoxdur. Kimsəyə sirr deyil ki, Fransa həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünü silahla, pulla, ardıcıl siyasi dəstəklə müdafiə edib və bu gün də bu işi davam etdirir. Elə Fransa Senatında noyabrın 15-də, Milli Assambleyasında isə noyabrın 30-da qəbul edilən bədnam qətnamə fransalı siyasətçilərin Ermənistanı yenidən müharibəyə sövq etmək istəyindən irəli gəlir”, - deyə deputat əlavə edib.

“Bütün bunlardan sonra bir daha aydın olur ki, Prezident İlham Əliyev niyə Makronu sülh danışıqlarını pozmaqda açıq şəkildə ittiham edir və Brüssel görüşündən imtina edir. Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Fransanın son addımlarının, həmçinin Makronun dekabrın 7-də Brüsseldə keçirilməli olan görüşündə iştirak etmək istəyinin qəbuledilməz olduğunu bildirib. Dövlətimizin başçısı “Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni, müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu, o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq”, - deyib. Beləliklə, Azərbaycanın mövqeyi dəyişməzdir. Azərbaycan heç vaxt nə Fransanın, nə digər bir ölkənin müstəmləkəsi olmayacaq. Fransa Azərbaycanı heç bir ölkə ilə qarışdırmamalıdır. O ki qaldı, Azərbaycan əleyhinə qəbul olunan qətnamələrə biz onları birmənalı olaraq rədd edirik”, - deyə Vüqar İskəndərov vurğulayıb.