• cümə, 19 Aprel, 05:42
  • Baku Bakı 18°C

Fermerlərin sığorta ümidi - AQRAR

13.05.23 03:30 1987
Fermerlərin sığorta ümidi - AQRAR

Aprelin sonu, mayın ilk günlərində Goranboy, Tərtər rayonlarında sel və daşqınlar müşahidə edilib, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda isə dolu yağıb. Təsərrüfat sahələrinə ciddi ziyan dəyib. Yağan yağış, sel, dolu, fermerlərin zəhmətini yuyub, aparıb. Onların ümidi sığortayadır. 

“Goranboyda 15 hektara yaxın arpa, buğda, 3 hektar pambıq təsərrüfatlarımız var. Sel məhsullarımızı məhv etdi”.

Bu sözləri fermer Bəsti Əhmədova deyir. Daşqınlar ona 25 min manatdan çox ziyan vurub. Ən çox təəssüfləndiyi hal isə, təsərrüfatını sığortalamamasıdır: “Ötən il sığortaya müraciət etmişdik. Lakin bu il ehtiyac bilmədik. İlk dəfədir ki, belə hadisə ilə rastlaşırıq. Buna görə təəssüf hissi keçirirəm. Günah özümüzdədir. Sığortalasa idik, belə əziyyət çəkməzdik. İndi 25 min ziyanı özüm ödəməliyəm”.

Yağan yağış, sel, dolu fermerlərin zəhmətini “yuyub”

Aprelin sonu, mayın ilk günlərində Goranboy, Tərtər bölgəsində sel və daşqınlar müşahidə edilib, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda isə dolu yağıb. Hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələri sadalanan bölgələrdə təsərrüfat sahələrinə ciddi ziyan vurub. Yağan yağış, sel, dolu, fermerlərin zəhmətini yuyub, aparıb. Təsərrüfatını sığortalayanların zərəri Aqrar Sığorta Fondu tərəfindən qarşılansa da, digərləri fəlakət qarşısında çıxılmaz vəziyyətdə qalıblar.

1651 Çağrı Mərkəzinə zəng edin

Hadisədən sonra Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə təbii fəlakət nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər. Mütəxəssislər təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyi izah edirlər. Bəs nə qədər müraciət var?

Ən çox müraciət Şəkidəndir

Aqrar Sığorta Fondunun mətbuat katibi Günay Novruzqızı qəzetimizə açıqlamasında bildirdi ki, Aprelin 27-dən mayın 11-dək əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı 1651 Çağrı Mərkəzinə 18 rayondan 191 müraciət daxil olub: “Son 4 gün ərzində Şəkidən külək, quraqlıq, Cəlilabaddan dolu, Biləsuvardan qasırğa, külək, zərərverici həşəratların hücumu, tufan, Qobustandan dolu, sel, Ucardan dolu, sel-subasma və s. hadisələrlə bağlı məlumat verilib. Son həftələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdən leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri barədə müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır”.

“Fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq”

Qurum rəsmisi deyir ki, fermerlərin müraciətləri Fond tərəfindən qeydə alınır, dəymiş zərərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam olunur: “Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq. Zərərlər tam qiymətləndirilib yekunlaşdıqdan sonra məlumat veriləcək. Bizə daxil olan müraciətlərin hamısı sığorta olunan ərazilərdəndir. Təəssüf ki, sığortalanmayan fermerlər də az deyil”.

Kənd təsərrüfatı təbiət hadisələrindən asılıdır

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, fermerlər təbii fəlakətlərdən qorunmaq üçün məhsulunu sığortalamalıdırlar: “Kənd təsərrüfatı təbiət hadisələrindən asılıdır. Əkin sahəsi, təsərrüfatı olan hər bir fermer bunu bilir. Bunun üçün təsərrüfatlarını əkib, becərməzdən əvvəl mütləq qoruma yollarına da diqqət etməlidirlər. Bu gün yeganə yol Aqrar Sığorta Fondunda öz təsərrüfatını sığortalamaqdır. Fermerlər əkinlərini və ya bağlarını elektron sistemdə bəyan edir, sığorta müqaviləsi bağlayırlar. Bu zaman təbiət hadisələrindən doğan zərərlərdən qorunmaq mümkündür”.

“Başıma gəlməz” deyib sığortalamaqdan çəkinirlər”

Mütəxəssisin sözlərinə görə, təsərrüfat sahələri olan insanların sığorta ilə bağlı məlumatları var. Lakin “bu hadisə başıma gəlməz” deyib sığortalamaqdan çəkinirlər: “Əksər insanlar öz təsərrüfatlarını elektron sistemdə bəyan edirlər. Adətən kiçik, həyətyanı sahələri olanlar məhsullarını sığortalamır. Sel və daşqınlardan sonra bunun peşmançılığını çəkən kifayət qədər fermer var. Risklərdən qorunmağın ikinci yolu da eyni coğrafiyada fərqli məhsullar əkməkdir. Çünki fərqli məhsullar əkdiyiniz zaman məhsulların becərmə, çiçəkləmə, bar vermə dövrü əkin sahələri üçün fərqli müddətlərdə olur. Belə olan halda bir məhsulunuz təbiət hadisəsindən zərər gördüyü halda, digəri yan keçə bilər”.

“Biz seli arzulayırıq”

Maraqlısı odur ki, ölkənin bir tərəfindəki fermerlər sel və daşqınlardan zərər görür, digəri güclü yağış, sel arzulayır. Seli arzulayan fermerlərdən biri Anar Tahirovdur. Oğuzda öz sahəsində taxılı dəmyə yetişdirir. Lakin onun təsərrüfatına sel deyil, quraqlıq zərər vurur: “Bu il Şəki və Oğuzun bir çox əraziləri quraqlıqdan əziyyət çəkir. Biz daşqını, seli, yağışı arzulayırıq. Yağış olmayanda məhsuldarlıq olmur”.

Tahir Bəsti xanımdan fərqli olaraq, təsərrüfatını sığortalayıb: “Lakin Aqrar Sığorta Fondu quraqlığa görə dəyən ziyanı ödəmir. Fond dolu, yağış, yanğın, güclü küləklər, donvurma və s. olduğu halda dəyən ziyanı hesablayır. Bizim təsərrüfatımıza da Sığorta Fondundan gəlib baxış keçiriblər, amma müqavilədə quraqlıqla bağlı bir qayda olmadığı üçün necə olacağını bilmirik”.

Aqrar sığorta mexanizmi dünya təcrübəsinə əsaslanıb

Fonddan isə bildirilir ki, quraqlıq aqrar sığortanın əhatə etdiyi risklərin siyahısında deyil: “Ölkəmizdə aqrar sığorta mexanizmi dünya təcrübəsinə əsaslanıb. Hazırda bütün dünyada quraqlıq qlobal problem olduğu üçün bu, risklər siyahısına daxil edilməyib. Amma bu istiqamətdə işlər aparılır, fermerlərdən təkliflər gəlir, bununla bağlı layihələr üzərində çalışılır”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər