Ezop ənənələri itir
Hər gün yeni bir mövzu başlığı üzrə yeni araşdırma
aparıldığını öyrənir, nəticələrlə tanış olduqca illərdir inandığımız şeylərin
yanlış olduğuna təəccüblənir, zamanın tempinə köklənərək yeniliklərə
uyğunlaşmağa çalışırıq. Balaca şəxsiyyətlər formalaşdırmağa çalışan
valideynlərin işi isə daha çətindir. Qida rasionu, tərbiyə üsulları, inkişaf
mexanizmləri və s. kimi məsələlərdə nə alimlərin araşdırmaları bitir, nə də
bir-birini təkzib edən araşdırma nəticələri. Haqqında bəhs edəcəyimiz
araşdırmaya isə Toronto Universitetinin sosiologiya fakültəsinin
professor-tələbə heyəti müəlliflik edib. Araşdırmanın nəticəsi insanlarla
heyvanların diliylə danışan, nümunə göstərmək üçün tülkünü, siçanı, dovşanı,
şiri, ayını mərminin ucuna qoyan Ezopun təmsil ənənələrini tarixin tozlu
səhifələri arasına dəfn edib. Belə ki, araşdırmanın nəticəsinə görə, uşaqlara
lazımı nümunəni məhz insan obrazlarının dili ilə izah etmək lazımdır.
Heyvanların dili ilə nəyisə diktə etməyə çalışmaq həm uğursuz, nəticəsiz
üsuldur, uşaqların heyvanlardan gözləntilərini yüksəldir.
1000 uşaq üzərində aparılan araşdırmada ana fikri
sahib olduqlarını paylaşmaq olan hekayə heyvan obrazlarının dili ilə nəql
edilib. Daha sonra müşahidəyə qoşulan uşaqlardan yarısına 10 ədəd rəngli çubuq
verilib. Hədiyə alan uşaqlar yoldaşlarının hədiyə almadığını görsə də,
əlindəkiləri paylaşmamaqda israr edib. Eyni hekayə başqa bir 1000 nəfərlik
qrupda insan obrazlarının dili ilə nəql edilib. Və nəticə tamamilə
araşdırmaçıları qane edib. Çubuq alan uşaqların 170-i çubuqlarının 2 sevimli
rəngini götürmək şərtilə hamısını bölüşüb. Ümumilikdə uşaqların 440-ı
əlindəkiləri bölüşməkdə könüllü olub.
Araşdırma qrupunun rəhbəri Patrisia Qanea: "Heyvan
obrazları uşaqların xoşuna gəlsə də, onlara daxilən çox uzaqdır. Uşaqlar bu
obrazların dili ilə bir əlaqə qura bilmirlər. Atalarına, analarına,
qonşularına, dostlarına bənzəyən obrazlar isə birbaşa onların gözünə və qulağına
xitab edir. Biz artıq heyvanların dili ilə ideya ötürmək fikrinin yanlış
olduğundan əminik”.