• cümə axşamı, 28 mart, 21:37
  • Baku Bakı 13°C

Çətinliklərsiz həyatın maraqsız olduğunu düşünən oğlan – Örnək

13.09.19 16:10 21607
Çətinliklərsiz həyatın maraqsız olduğunu düşünən oğlan – Örnək
İnsanlara çətinliklərdən qorxmamağı, əksinə, çətinliklərin üzərinə getməyi məsləhət görür. Düşünür ki, çətinliklərsiz həyatın marağı olmazdı. Fiziki məhdudiyyətli olmasına baxmayaraq, cəmiyyətə tam inteqrasiya olub və media sahəsində idman jurnalisti kimi fəaliyyət göstərir. "Örnək” rubrikamızın bu dəfə ki, qonağı Orxan Əliyevdir.
Qeyd edək ki, O.Əliyev 1989-cu ilin yanvar ayında Bakıda anadan olub. Hazırda isə Faktor.az saytının müxbiri, ARB kanalında yayımlanan "Biz birik” layihəsinin prodüseri, həmçinin ƏSA teatrının aktyoru kimi fəaliyyət göstərir. Qeyd edək ki, Orxan Milli Paralimpiya Komitəsinin Mətbuat Şurası ilə birlikdə keçirdiyi yazı müsabiqəsində birinci yerə layiq görülüb.
- Fiziki məhdudiyyətiniz doğuşdandır, ya sonradan yaranıb?
- Fiziki məhdudiyyətim ana bətnində aldığım zədədən və yarımçıq doğulmağımdan olub. Qış fəslində anamın ayağı sürüşüb yıxılır və doğuş vaxtından əvvəl, ev şəraitində baş tutur. Normalda uşaqlar doğularkən ağlayır, amma mən ağlamadığıma görə öldüyümü zənn edib kənara qoyublar. Bir neçə dəqiqədən sonra ağlamağa başlamaqla həyata tutunmuşam. Doğuş ev şəraitində olduğu və həmin dövrdə tibb elə də yaxşı inkişaf etmədiyi üçün xəstəliyimi dərhal bilməyiblər. Atam şübhələnib ki, bu uşaq niyə gəzmir. Deyiblər ki, oğlan uşağı gec gəzir. Həqiqəti biləndən sonra isə artıq gec idi. Xəstəliyimə uşaq serebral iflici diaqnozu qoyulub. Müəyyən müalicələr almışam, amma bunlar düzəlməyə yox, xəstəliyin daha da pisləşməməyinə kömək edib.

- Bəzi şəxslərə fiziki məhdudiyyətlərini qəbul etmək, bununla barışmaq çətin gəlir. Sizin xəstəliyinizə münasibətiniz necədir?
- Çox yaxşı sualdır. Mən müqayisə ilə bu suala cavab verə bilərəm. Biri var anadangəlmə, biri də var sonradan qazanılan fiziki məhdudiyyət. Məncə, sonradan qazanılanı qəbul etmək daha çətindir. Amma doğulandan buna alışmaq, qəbul etmək asan olur. Bir qədər azyaşlı dövrümdə müəyyən çətinliklər yaşamışam.
- Bu çətinliklər nələr idi?
- Çətinliklərim daha çox təhsillə bağlı idi. Yeriməyimdə problem olduğundan, məktəbə gedə bilmədim. Ona görə məcbur olub ibtidai təhsilimi evdə aldım. Evə iki müəllim gəlirdi, biri əlifbanı, biri də rus dilini öyrədirdi. İbtidai sinfi bitirdikdən sonra anama yaxınlaşıb, digər uşaqlar kimi məktəbə getmək istədiyimi dedim. Çox sağ olsun, anam bu istəyimi dəstəklədi və adımı evimizin yaxınlığındakı məktəbə yazdırdı. Məktəb direktoru fiziki məhdudiyyətli olduğumu biləndə, "əgər uşaqlarla bir problem yaşamayacaqsa, gəlsin” demişdi. Açığı, ilk gün çox həyəcanlı idim, uşaqların mənə necə münasibət göstərəcəyini düşünürdüm. Yəni onların 1-ci sinfə gedəndə yaşadıqları həyəcanı mən 5-ci sinfə gedəndə hiss edirdim. Doğrusu, gözlədiyimdən yaxşı oldu. Uşaqlarla normal münasibət qura bildim. Son sinifdə mən də digərləri kimi ali məktəbə sənəd vermək istədim. Ailəmin təkidi ilə mühasibatlığa yönəldim. Hazırlığa yalnız riyaziyyat fənnindən gedirdim, digərlərini evdə oxuyurdum. Təəssüf ki, lazım olan balı toplaya bilmədim. Ondan sonra yenidən hazırlaşıb universitet oxumağa həvəs olmadı.
- Məktəbə ilk getdiyiniz dövrdə uşaqların sizə münasibəti ilə bağlı tərəddüdlərinizin olduğunu qeyd etdiniz. Maraqlıdır, ümumilikdə bu illər ərzində insanların sizə münasibəti necə olub?
- Bilmirəm xatırlayırsınız, ya yox, ölkəmizə turistlərin təzə gəldiyi vaxtlarda hamı onlara qəribə baxırdı. Mən də həmin baxışları ilk dəfə metroya minəndə hiss etdim. Çünki istəsən də, istəməsən də yerişinlə, hərəkətinlə digərlərindən fərqlənirsən. Amma indi münasibət normallaşıb, insanlar fiziki məhdudiyyətliləri cəmiyyət içərisində görməyə alışıb. Əslində, bu məsələdə bizim üzərimizə böyük yük düşür. Biz nə qədər ictimaiyyətə inteqrasiya olsaq, nə qədər özümüzü sərbəst aparsaq, insanlar da bizi olduğumuz kimi qəbul edəcəklər. İlk dövrlər azyaşlı uşaqların olduğu yerlərdən keçmirdim, qorxurdum. Çünki məhəlləmizdə bir tərəfi iflic qoca kişi vardı, biz uşaqlarla futbol oynayanda, o gəlib keçən vaxt dalınca daş atırdılar, lağ edirdilər. O vaxtdan özümə söz verdim ki, mənə qarşı o cür münasibət olmaması üçün çalışacağam.

- Qeyd etdiniz ki, futbol oynayıbsınız. Bu vəziyyətdə futbol oynamaq çətin deyildi?
- (Gülür) Tək futbol yox, bir çox oyunları oynamışam. Hətta "samokat” belə sürmüşəm. Futbola gəlincə, qaçmaq imkanım olmasa da, qapıçılığım yaxşı idi.
- Gələrkən sizi izləyirdim, bir nəfər yaxınlaşıb ayaqqabınızın ipini bağladı. Bu tip münasibətlər çox olur?
- Bizim insanlarımız çox diqqətli, duyarlıdırlar. Bəli, ayaqqabının ipi yeriməyimə mane olurdu və əyilib bağlaya bilmirdim. Çox sağ olsun, həmin gənc əyilərək ipləri bağladı və mən də təşəkkürümü bildirdim. Belə hallar çox olur, amma bəzən əksi də yaşanır. Məsələn, dilənçi sanıb gətirib pul verənlər, qulağını çəkənlər də var. Bir dəfə metroya düşəndə, nənə ilə nəvə gedirdi. Uşaq məni görüb nənəsindən mənə nə olduğunu soruşdu. Nənəsi cavab vermədi, amma uşağın qulaqlarını çəkdi. Yəni həmin nənənin bu düşüncə ilə uşağa nə aşılayacağı, nə öyrədəcəyi çox maraqlıdır. Yaxşı olardı ki, bu tip qulaq çəkmələr baş verməsin. Yol gedəndə kiminsə yaxınlaşıb kömək etmək istəməsi yaxşıdır, lakin bu, mənim müvazinətimi pozur, mənə kömək yox, əksinə, mane olur. Ona görə bu cür yardımlardan çox vaxt imtina edirəm.
- Fikirlərinizdən aydın olur ki, digər fiziki məhdudiyyətlilərdən fərqli olaraq daha optimistsiniz, cəmiyyətə kifayət qədər inteqrasiya olmusunuz. Bunun səbəbi nədir?
- Bunun iki səbəbi var: ailədən gələn dəstək, bir də ətrafın, dost-tanışın yaxşı olması. Həyatımın hər anında mənə dəstək olduqları üçün ailəmə çox böyük təşəkkür düşür. Burdan ailələrə səslənirəm ki, fiziki məhdudiyyətli övladlarına görə utanmasınlar, onları cəmiyyətdən kənar qoymasınlar.
- Sizə çox pis təsir edən hansısa hadisə baş veribmi?
- Açığı, baş verən hadisələr mənə pis təsir etmir, əksinə, motivasiya edir. Bir dəfə harasa gedirdim, taksi lazım oldu. Yaxınlaşıb soruşdum ki, bəs filan yerə neçəyə apararsınız? Sürücü mənə baxıb, "hamını 5 manata aparıram, amma sən 3 verərsən” dedi. Heç nə demədən mindim. Mənzil başına çatanda 5 manatı qoyub düşdüm. Bu artıq mənim ona cavabım idi. Kiməsə kömək etmək istəyirsinizsə, bildirmədən edin. Yəni o sürücünün mənə həqiqətən ürəyi yandısa və kömək etmək istədisə, elə əvvəldən 3 manat deyərdi. Niyə hamını 5-ə, amma məni 3 manata aparacağını deyir?

- Danılmaz faktdır ki, fiziki məhdudiyyətli şəxslərin yaşadığı problemlərdən biri də sevgi, ailə məsələləridir. Sizdə bu mövzuda vəziyyət necədir?
- Mən dostlarımın yanında belə bir ifadə işlətmişəm ki, bəs, hamınızı evləndirib sonda özüm evlənəcəyəm. Arzum deyəsən, yavaş-yavaş gerçək olur, çünki ətrafımda subay adam qalmayıb (gülür). Sevgi elə bir duyğudur ki, sevdiyin insanı hər halı ilə qəbul etməlisən. Mən desəm ki bu yaşa qədər heç kimi sevməmişəm, gülməli çıxar. Sevdiyim biri var idi, hətta münasibətimiz də ciddi idi. Amma fiziki məhdudiyyətimə görə ailəsi razı olmadı və məsələni uzatmadan bitirdim. Mən çox istəyərdim ki, sevdiyim insanın ailəsi də məni olduğum kimi qəbul etsin. Yəni nə vaxtsa hansısa məqamda bunu üzümə vurmasınlar. Şükürlər ki, maddi baxımdan da bir problemim yoxdur. Düşünürəm ki, mən də yarımı tapacağam.
- Maraqlıdır, necə biri ilə ailə qurmaq istəyərsiniz? Həmin şəxs də fiziki məhdudiyyətli olsun, ya yox?
- Fiziki məhdudiyyətli ola bilər, amma mənə dəstək olacaq səviyyədə. Yəni, mən elə biri ilə ailə qura bilmərəm ki, birlikdə yol gedəndə mən yıxılanda, o da yıxılsın. Bu hallarla qarşılaşmamaq üçün elə seçim etməliyəm ki, mənə həyatda dəstək olacaq biri olsun. Məncə, elə bir qayda yoxdur ki, fiziki məhdudiyyətli sağlam biri ilə ailə qura bilməz.
- Biz həmkarıq, hazırda jurnalist kimi fəaliyyət göstərirsiniz. Maraqlıdır, mətbuata həvəs necə yarandı?
- Həqiqətən də mətbuata gəlməyim təsadüfdür. Uşaq vaxtından futbol azarkeşi olmuşam. Komandalarımızın oyunlarına gedib, sosial şəbəkədə oyunla bağlı fikirlərimi yazırdım və hiss edirdim ki, izləyicilərdə maraq var. Daha sonra 2015-ci ildə fiziki məhdudiyyətlilər üçün bir layihə var idi, ora qoşuldum. 3 gün təlim keçdik, bizə vətəndaş jurnalistikasının sirlərini öyrətdilər. Sonda bizə özümüz haqqında bir məqalə yazmağı tapşırdılar. Həmin dövrdə də paralimpiya idman növündə ağırlıq qaldırma üzrə respublika 3-cüsü olmuşdum. Ona görə də "Qələbənin sirri” adlı məqalə yazdım. Yazım bir çox saytlarda yayımlandı və layihənin sonunda layihə rəhbəri mənə yaxınlaşıb, bu sahəni davam etdirməyi təklif etdi. Mənə yavaş-yavaş daha yaxşı yazmağı öyrətdi və yazılarımı dərc etməyim üçün özünün saytını verdi. Daha sonra jurnalistika ilə bağlı bir sıra layihələrdə iştirak etdim. Ən uğurlularından biri də "Mediamən” layihəsi idi. Ali təhsilim olmadığı üçün həmin layihəyə seçilməyəcəyimi düşünürdüm. Amma sağ olsunlar ki, məni qəbul etdilər. Bu layihə vasitəsilə bir çox imzası tanınmış jurnalistlərlə görüşmək, onlardan nələrisə öyrənmək şansım oldu. Beləcə, 2016-cı ildən rəsmi olaraq müxbir kimi fəaliyyət göstərirəm. Mediada fəaliyyətim saytla başlasa da, televiziya təcrübəm də var. Xəzər televiziyasında "İki vur iki " verilişində yayımlanan "Niyə də yox” layihəm oldu. Burada fiziki məhdudiyyətli idmançılardan süjetlər hazırlayırdım.
- Sonda gənclərə məsləhətiniz nələrdir?
- Gənclərə bir tövsiyəm var ki, hər zaman irəli baxsınlar. Heç nədən, xüsusilə də çətinliklərdən qorxmasınlar. Çünki həyatda yaşadığımız çətinliklər insanı daha da kamilləşdirir. Bir düşünün, hər bir işiniz çətinliksiz həyata keçir, hər işiniz qaydasında gedir. O zaman həyat çox sıxıcı və maraqsız olar. Çətinlik olmayanda insan həyatdan zövq ala bilmir.
Günel Azadə




banner

Oxşar Xəbərlər