• cümə, 19 Aprel, 10:07
  • Baku Bakı 13°C

Ermənilər ona hələ də inanırlar, lakin..

02.04.21 18:00 853
Ermənilər ona hələ də inanırlar, lakin..
Paşinyan kritik Moskva səfərinə hazırlaşır
Nikol Paşinyanın iyunun 20-nə təyin edilmiş erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarı Ermənistanda siyasi gərginliyi artırmaqda davam edir. Reallıq odur ki, bu gün Paşinyana, hələlik ölkə daxilində dəstək var. Aparılan beynəlxalq rəy və sosioloji sorğular, eləcə də Yerevanda müxalifətçiləri və iqtidarı dəstəkləyənlərin aksiyaları arasındakı analoji fərqlər göstərir ki, biabırçı məğlubiyyətlərə baxmayaraq, ölkədə mafioz xunta rejiminin və keçmiş Qarabağ klanında təmsil olunan Sarkisyan, Koçaryan və onların əlaltılarının yenidən hakimiyyətə gəlməsini erməni cəmiyyəti istəmir. Paşinyan məhz bu dəstəyi hiss etdiyi və özünə rəqib olmadığını gördüyü üçün növbədənkənar parlament seçkiləri qərarı verdi. Siyasi qüvvələr artıq seçkilərə hazırlıq kampaniyasına başlayıblar. Hakim "Vətəndaş Müqaviləsi” partiyası (parlamentdə onu "Mənim Addımım" fraksiyası təmsil edir), oliqarx Qaqik Çarukyanın "Çiçəklənən Ermənistan” , Edmon Marukyanın rəhbərlik etdiyi "İşıqlı Ermənistan” və keçmiş Milli təhlükəsizlik xidməti rəisi Artur Vanetsyanın təsis etdiyi "Vətən” partiyaları seçkidə iştirak edəcəyini bəyan edib. Bundan başqa, Ermənistanın ikinci prezidenti Robert Koçaryan birmənalı şəkildə seçkidə iştirak edəcəyini bəyan edib və üçüncü prezident Serj Sarkisyan da buna eyham vurub. Onların durumuna nəzər salaq.

Paşinyan həm partiyası liderdir...

Nikol Paşinyanın "Mənim Addımım” bloku Ermənistandakı digər siyasi qüvvələrdən inanılmaz dərəcədə üstündür. Bu nəticə "Qallap” (Gallup) şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu zamanı respondentlərdən siyasi və ictimai xadimləri 1-5 aralığında şkala ilə dəyərləndirmələri istənilib. Burada ən çox səsi ombudsman Arman Tatoyan (3,7 bal) toplayıb. Ondan sonrakı yerlərdə Nikol Paşinyan (2,7), prezident Armen Sarkisyan (2,4), "Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyan (2,1), "İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan (1,9), eks-prezident Serj Sarkisyan (1,6), Daşnaksütyun partiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyan (1,5), "Vətənin Xilası” Hərəkatının lideri Vazgen Manukyan (1,5) və "Vətən” partiyasının sədri Artur Vanetsyan (1,4) qərarlaşıb. Respondentlərin 35,5%-i hökumətin qəti şəkildə ədalətli seçki keçirəcəyini bildirib. Ümumilikdə, ədalətli seçki olacağına inananlar 57,9% təşkil edib. 29,7% ədalətli seçkinin olmayacağını bildirib. Ermənilərin 41,2%-i seçkidə iştirak etmək niyyətində olduğunu, 15,9 %-i isə seçkini boykot edəcəyini deyib. Sorğu iştirakçılarının 31,7%-i "Mənim Addımım” Blokuna, 5,9%-i Robert Koçaryana, 4,4%-i "Çiçəklənən Ermənistan” partiyasına, 2,4%-i "İşıqlı Ermənistan” partiyasına, 2,4%-i Respublikaçılara, 2,1%-i Daşnaksütyuna, 1%-i "Vətənin Xilası” Hərəkatına, 0,5%-i "Sasna Çrer”ə, 0,4%-i Vətən və Respublika partiyaların səs verəcəklərini bildiriblər.

Həm də özü populyardır

Beləliklə, iddiaçıları analiz etməyə çalışaq. Nikol Paşinyana gəldikdə, bu gün ölkədə ən populyar siyasətçi kimi qiymətləndirilir. O, "xalqın dəstəyinə" malik olduğunu dəfələrlə vurğulayıb və fevralın 25-də Yerevanda keçirdiyi mitinq və yürüş bunun sübutu kimi də dəyərləndirilə bilər. O zaman onun çağırışı ilə meydana on minlərlə insan çıxmışdı. Lakin Paşinyanın bu 30 faizlik reytinqi (fevral sorğusunun nəticəsinə görə) get-gedə azalmaqdadır. Bu gün Ermənistanda əksər televiziya kanalları Serj Sarkisyan və Robert Koçaryan hakimiyyətində təmsil olunanlara, ya da onlara yaxın qüvvələrə məxsusdur. Bu media qurumlarında Paşinyan və onun başçılıq etdiyi hökumət əleyhinə şiddətli təbliğat aparılır. Rəqib siyasi qüvvələrdən başqa, Paşinyanın istefasını ölkənin din və tanınmış elm və mədəniyyət xadimləri də tələb edir. Paşinyanın seçki kampaniyası əsnasında əhali qarşısında çıxışları ilə elektoratını saxlamaq imkanları da məhduddur. Koronavirus pandemiyası seçkiyə qatılacaq bütün qüvvələr üçün seçkiqabağı təbliğat keçirmək problemini yaradır. Lakin Paşinyanın komandası üçün bu, daha mürəkkəb olacaq, çünki Qarabağ müharibəsində məğlubiyyətdən sonra o, hətta hökumət binaları arasında onlarla polis əməkdaşlarının əhatəsində hərəkət etməyə məcburdur. Eyni zamanda, Paşinyanın öz stabil elektoratı var, hansı ki, təbliğat kampaniyası keçirilmədən də səslərini ona verəcək. "Lakin bu elektoratın 50 faizdən artıq olduğunu demək çətindir. Paşinyanın qələbəsi üçün 50+1 faiz səs təmin ediləcəyi də şübhəli görünür," - politoloq Armen Badalyan "Sputnik Armenia” agentliyinə müsahibəsində deyib.

Koçaryan və Sarkisyanlar da iddialıdırlar

Parlamentdə aparıcı qüvvə olmaq və hökumət formalaşdırmaq üçün 50+1 faiz səs qazanmaq lazımdır. Robert Koçaryan seçkilərə qatılmaq üçün hələ komanda yığmalıdır, lakin o, heç bir seçkidə məğlub olmadığını bildirib və bu dəfə də qələbəsinə şübhə etmir. Robert Koçaryanın seçkilərdə iştirak etməsi erkən seçki prosesinə sürpriz qata bilər. Koçaryanın öz partiyası yoxdur, onun hansı formatda seçkilərdə iştirak edəcəyi də hələ məlum deyil. Koçaryanın adı Ermənistanda 10 nəfərin ölümü və 200-dən çoxunun xəsarət alması ilə nəticələnən 1 mart 2008-ci il iğtişaşları və korrupsiya qalmaqalları ilə əlaqələndirilir. Koçaryanın özünün olduqca böyük və stabil tərəfdarları var, o, Daşnaksütyuna arxalana bilər, seçkilərə keçmiş MTX rəhbəri Artur Vanetsyanın "Vətən” və Paşinyanın istefasını tələb edən digər partiyalarla gedə bilər. Onu həmişə Ermənistanın heç də az olmayan rusiyameyilli vətəndaşları dəstəkləyib. Rəsmi Moskva Paşinyanın yerinə Koçaryanın gəlməsini açıq dilə gətirməsə də, Rusiya mediası bunu gizlətmir. Paşinyanın üçillik fəaliyyətindən, yerinə yetirilməmiş bol-bol vədlərindən və Qarabağ məğlubiyyətindən sonra məyus olmuş və "güclü şəxsiyyətə" ehtiyac duyanlar da Koçaryanın qayıdışı ilə bağlı ümidlərə köklənib.
Bəziləri hesab edirlər ki, Paşinyanın yerində Koçaryan olsaydı, Azərbaycan müharibəyə başlamazdı və ya Rusiya Ermənistanın Qarabağda bu qədər ərazilər itirməsinə yol verməzdi. Odur ki, Robert Koçaryanın seçkidə iştirak etmək planları baş tutsa, onun erkən seçkilərin favoritlərindən birinə çevriləcəyi güman edilir. Ermənistanın ikinci prezidenti 1 mart 2008-ci il hadisələri ilə bağlı konstitusiya quruluşunu devirməklə yanaşı, külli miqdarda rüşvət almaq iddiası ilə bağlı cinayətlərdə ittiham olunur.

Ermənistanın indiki prezidenti Armen Sarkisyan ölkədə ən populyar siyasətçilərdən biridir, lakin seçkidə iştirak edib-etməyəcəyi məlum deyil. Armen Sarkisyan Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün Paşinyanın istefa verməsi və növbədənkənar seçki keçirilməsi fikrini dəstəkləyir. Lakin o, heç bir siyasi partiya və siyasi hərəkat üzvü deyil, hər hansı partiya və ya seçki bloku tərkibində növbədənkənar parlament seçkisinə qatılmaq niyyətində olduğunu və ya Baş nazir postuna iddia etdiyini deməyib. Serj Sarkisyana gəldikdə, onun rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası yalnız MSK tərəfindən seçki günü rəsmən təyin edildikdən sonra iştirak məsələsini nəzərdən keçirəcək. Serj Sarkisyan da heç vaxt "siyasi səngəri" tərk etmədiyini vurğulayıb, lakin rəhbərlik etdiyi Respublikaçı Partiyasının seçkilərdə iştirak edəcəyi barədə də bir söz deməyib. Partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki gününü elan etdikdən sonra partiya seçkidə iştirakını nəzərdən keçirəcək və münasibətini bildirəcək. Hakimiyyətdə olduğu zaman Sarkisyanın və onun siyasi bazası olan Respublikaçı Partiyasını, əsasən, iri biznes nümayəndələri dəstəkləyirdi. Bu gün, onun az qala bütün xalqın alqışları ilə müşayiət edilən "məxməri inqilab” nəticəsində devrilməsindən, təxminən 3 il sonra rəhbərlik etdiyi partiyasının mandat əldə etmək şansı çox cüzi qiymətləndirilir.

Çarukyan, Vanetsyan və yaxud Manukyan?

Qaqik Çarukyanın "Çiçəklənən Ermənistan” partiyası Paşinyanın istefası tələbi ilə etirazlarda da iştirak edib, legitim seçkilər yolu ilə baş naziri istefaya göndərmək mübarizəsinə də qatılıb. Seçkilərdə iştirak edəcək partiyalar arasında onun partiyasının parlamentdə təmsil olunma şansı yüksəkdir. Onun doğma Kotayk vilayətində və ümumiyyətlə, ölkədə xeyriyyəçilik və xüsusilə seçki kampaniyaları zamanı əliaçıqlığı partiyasını populyarlaşdırır. Çarukyanın partiyası həmişə parlamentdə sayca ikinci qüvvə olub, vaxtaşırı hakim partiya ilə koalisiya yaradıb və bir-iki nazir postuna malik olub. Partiyanın hazırda parlamentdə 24 mandatı var. "Çiçəklənən Ermənistan”ın bu seçkilərdən sonra da, ən sərfəli halda, sayca ikinci qalması ehtimal olunur.
Artur Vanetsyana gəldikdə, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edildikdən sonra "Vətən" partiyasını təsis edib. Partiya Paşinyanın istefası tələbilə etirazlarda iştirak edib. 2020-ci il noyabrın 10-dan, Qarabağda atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Paşinyanın istefası tələbi ilə etirazlarda fəal iştirak edir. Artur Vanetsyanın "Vətən” partiyasının şansları nəinki seçkilərdə qalib gəlmək, hətta parlamentə mandat almaq üçün kifayət qədər səs toplamaq imkanları da çox aşağı dəyərləndirilir. Vanetsyanın seçkilərə başqa partiyalarla blokda qatılacağını ehtimal etmək olar. Edmon Marukyanın "İşıqlı Ermənistan”ına gəldikdə, o, rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gələcəyi təqdirdə, baş nazir vəzifəsinə iddia etdiyini gizlətmir. Hazırda parlamentdə 17 nümayəndəsi var. Onun əsas elektoratı doğma Vanadzor şəhərinin vətəndaşları, ziyalılar və hüquq müdafiəçiləri hesab edilir. Mövcud hakimiyyətin fəaliyyətindən müəyyən sayda narazı vətəndaşların da ona səs verməsini ehtimal etmək olar. Lakin istənilən halda, "İşıqlı Ermənistan”ın hazırda olduğundan artıq deputat mandatı əldə etməsi şübhə doğurur.

Petrosyan – Paşikin "xaç atası”

O ki qaldı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana – o, Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhranın səngiməsi üçün Nikol Paşinyana baş nazir vəzifəsindən istefa verib ölkəni tərk etməyi tövsiyə edib. Nikol Paşinyanın siyasətdə "xaç atası" hesab edilən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da son vaxtlar siyasi fəallığı ilə gözə çarpır. Ter-Petrosyan Qarabağ müharibəsində məğlubiyyətdən sonra Nikol Paşinyanın istefa verib ölkəni tərk etməsini məsləhət görməklə yanaşı, erkən parlament seçkisinin Paşinyan hakimiyyəti tərəfindən təşkilinə qarşı çıxış edib. Eyni zamanda, Levon Ter-Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresi iyunun 20-də keçiriləcəyi gözlənən növbədənkənar parlament seçkisində iştirak etməyəcək. Beləliklə, görünən odur ki, qeyri-adi nəsə baş verməsə, Nikol liderliyini qoruyub saxlaya bilər. Lakin son söz, sözsüz ki, Moskvanın olacaq. Nəzərə alaq ki, yaxın günlərdə onun Moskvaya səfəri nəzərdə tutulub. Və bu səfər Paşinyanın siyasi taleyini müəyyən etmiş olacaq. Ona görə də, Moskva səfərinin yekunlarını gözləmək lazım gələcək.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər