• şənbə, 27 Aprel, 04:34
  • Baku Bakı 14°C

“Ermənilər Brüsseldəki danışıqlara ciddi yanaşmırlar” - TƏHLİL

13.09.22 15:32 1515
“Ermənilər Brüsseldəki danışıqlara ciddi yanaşmırlar” - TƏHLİL

“Ermənilərin sərhəddə törətdikləri təxribatlar ancaq sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb”.

Kaspi.az xəbər verir ki, bu fikirləri  Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev 12 sentyabrda cəbhədə baş verən son hadisələrlə bağlı fikir bildirərkən deyib.

O, qeyd edib ki, baş verənlər bir daha Ermənistanın revanşist fikirlərindən hələ də əl çəkmədiyini göstərir: “Bununla ermənilər bir daha sübut etdi ki, Brüsseldəki danışıqlara ciddi yanaşmırlar. Təxminən son bir ayda Erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycan ordusuna qarşı bu təxribatları daha çox müşahidə edirik”.

U.Mirzəyev həmçinin qeyd edib ki, Ermənistan qəsdən atəşkəsin şərtlərini yerinə yetirməyərək, sülhə gedən yolda təxribatlar yaratmaqla dünya ictimaiyyətinə münaqişənin hələ də bitmədiyi görüntüsünü yaratmağa çalışır: “Onlar xüsusi olaraq Azərbaycanı dünyaya təcavüzkar göstərib, beynəlxalq aləmdə çətin vəziyyətdə qoymağı hədəfləyirlər. Erməni revanşistləri vəziyyətin sabit olmadığını göstərmək istəyirlər. Ermənistan həmçinin bununla özlərinin köməyə ehtiyacı olmalarını göstərmək istəyirlər”.

BAMF-ın prezidenti bildirib ki, Azərbaycan dövlətinin hər zaman olduğu kimi bütün təxribatlara layiqli cavab verib və ərazi bütövlüyünü qorumağa hazırdır: “Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə edilən hər bir hərəkət layiqli cavabını alacaq. Onlar bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribatın ağır cəzalandırılacaq. Biz bunu avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da gördük.  Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Hesab edirəm ki, Ermənistan bütün hərbçiləri Azərbaycan ərazisindən çıxarılmalı, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Görünür Ermənistan sülhə məcbur edilməlidir”.

Sonda Umud Mirzəyev mətbuat və ictimaiyyəti cəbhədə yaşanan gərginlik fonunda dezinformasiyalara inanmamağı və yalnız rəsmi mənbələri istinad verməyə çağırıb: “Müdafiə Nazirliyi ölkə KİV-lərinə və sosial şəbəkə istifadəçilərinə də müraciət edərək yalnız rəsmi mənbələrə istinadın mütləq zəruriliyini diqqətə çatdırıb. Həm həmkarlarımızı, həm də bütün Azərbaycan xalqını həssas davranmağa, yalnız rəsmi mənbələrə istinad etməyə, habelə əldə olunan informasiyaların dəqiqliyini anlamadan yaymamağa çağırırıq”.

Alpər TURAN

 

banner

Oxşar Xəbərlər