Erməni vəkillərdən hakimiyyətə tələb
Ermənistanda insan haqlarının kobud şəkildə pozulduğu, polis
zorakılığı və işgəncələrin adi hal olduğu barədə mütəmadi olaraq beynəlxalq
təşkilatların hesabatları dərc edilir, yerli mətbuatda məlumatlar yer alır.
Artıq iş o yerə çatıb ki, insanların hüquqlarını müdafiə edən vəkillər belə,
etirazlara başlayıblar. Hazırda 200-ə yaxın vəkilin aclıq aksiyasına başlaması
ölkə gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Vəkillər
məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz araşdırmalar və axtarışlara
qarşı etiraz edirlər.
Bundan əvvəl də vəkillər üzləşdikləri qanunsuzluqlarla bağlı aksiya
keçirəcəklərinə dair xəbərdarlıqlar etmişdilər. Amma hakimiyyət bütün bunları
qulaqardına vurmağa çalışıb. Bu da qarşı tərəfi etirazlara başlamağa sövq edib.
Tətil iştirakçılarının keçirdiyi müzakirə zamanı vəkilTiqran Atanesyan
bildiribki, durum dəyişməsə, etiraz aksiyası davam edəcək və daha geniş
miqyas alacaq. "Vəkillərə ədalət yoxdur. Əldə hansı dəlillər olur-olsun,
vəkilin iştirak etmədiyi hər hansı məhkəmə prosesi artıq tam deyil. Ümid edirik
ki, birgünlük aksiya dövlət orqanlarının bu problemi daha dərindən öyrənərək
hamıya uyğun bir qərar çıxarmasına yetər”, -deyə Atanesyan bildirib. Tətil
iştirakçılarından biri,Yervand Varosyansual edib ki, "vəkillərin
təhlükəli əşyalar gətirərək cinayətə şərait yaratması ilə bağlı presedent varmı?”
"Sasna tsrer” silahlı qruplaşmasının işi üzrə vəkil Muşeq Şuşaniyan isə deyib
ki, vəkillərin məhkəmə zalına girərkən çantalarının yoxlanması ilə bağlı
görünməmiş təqiblər təxminən üç ay öncədən, Yerevan polisinin polis patrul
xidmətini tutmuş silahlı dəstənin işi üzrə məhkəmə prosesi başlayandan bəri
həyata keçirilir. Bu üç ay ərzində cəmi iki məhkəmə iclasında iştirak edə
bilmiş Suşanyan əmindir ki, Vəkillər Palatası öncədən onların maraqlarını
müdafiə etsəydi, bu problemlər yaranmazdı.
Müzakirələrdə vəkillər palatasının sədri Ara Zöhrabyan da iştirak edib.
O da, özünün dediyinə görə, vəkillərlə həmrəylik əlaməti olaraq müzakirəyə
qoşulub. Ancaq o həm də tətildə iştirak etmədiyini vurğulayıb. Zöhrabyan öz
ünvanına ittihamları "əsassız” adlandırıb. O deyib ki, məhkəmələrdə baş verən
axtarış yox, baxışdır və bu, qanunla nəzərdə tutulub. "Əgər vəkil çantasını
açmaqdan imtina edirsə, axtarış zamanı vəkildən heç nə soruşmurlar, çantasını
götürüb açırlar. Bax, bu axtarışdır. Ancaq vəkilin çantasına heç kim
toxunmursa, burada axtarışdan söhbət getmir”, -deyə Ara Zöhrabyan
bildirib. "Mən Vəkillər Palatasını dərhal kəskin addımlar atmağa vadar edə
bilmərəm. Əminəm ki, bunu məndən yaxşı bilirsiniz. Ən azı, tarazlı hərəkət
etməliyəm. Çünki indi burada 30 vəkil var və bu 30 vəkilin fikri, məsələn, 200
vəkillə üst-üstə düşməyə bilər. Mənsə hamının maraqlarını nəzərə almağa
borcluyam”, -Zöhrabyan deyib. Vəkillər Palatasının rəhbəri hesab edir ki,
baxışın qaydası problem doğurur və onlar tədricən Məhkəmə Departamentinin
güzəştə getməsinə çalışırlar.
Yol verilən qanunsuzluqlarla bağlı bəyanat yayan vəkillər hüquq
müdafiəçilərinə, onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan
hücumlara və Ermənistanda insan hüquqlarına münasibətin getdikcə dözümsüz hal
almasına qarşı etiraz etdiklərini bildiriblər. Vəkillər öz bəyanatlarında qeyd
ediblər ki, bu addımla onlar Ermənistandakı hüquq müdafiəçilərinin fəaliyyətini
əngəlləyən çirkin təzahürlərin aradan qaldırılmasına çalışırlar. "Vəkillər
Palatasının nümayəndələri vəkillərin təqibini gerçəkləşdirən alətə çevriliblər.
Belə təəssürat yaranır ki, Palata nümayəndəsi qarşısında azad vəkillərə qarşı
kampaniya aparmaq vəzifəsi durur”, –deyə Muşeq Şuşaniyan bildirib. Vəkil
Lusine Sahakyanbuna etiraz edərək deyib ki, vəkillər baxışa məcbur
edilirlər, çünki əks halda onlar məhkəmə binasına daxil olmaq imkanından
məhrumdurlar.
Vəkillər Palatası və Məhkəmə Departamenti təqribən bir ay öncə birgə
bəyanat verərək, vəkillərin məhkəmə zalına girərkən yoxlanması qaydalarını
müəyyən ediblər. Vəkillər Palatasının keçmiş sədriRuben Sahakyan isə ötən
gün keçirilən müzakirədə buna təəccübləndiyini bildirib: "Axtarış aparılmasa
belə, baxış qaydalarını necə heç bir hüquqi qüvvəsi olmayan bəyanatla müəyyən
etmək olar?” "Mənə desələr ki, bu bizim qanunumuzdur və ona uyğun olaraq, sənin
üzərində baxış keçirməliyik, özümü alçaldılmış hiss edərəm”, - deyəVəkillər
Palatasının keçmiş sədri bildirib.
Azər NURUYEV