cümə axşamı, 06 oktyabr, 21:51

Baku Bakı 21°C

Enerji və sevinc partlaması yaşadan su orucu 

icon 1647 icon 06 avqust 2022 | 04:30 Enerji və sevinc partlaması yaşadan su orucu 

Turxan Baratzadə: “Zövqünüz saflaşacaq və sağlam qidaları qəbul edərkən aldığınız həzz bundan sonra da onlara daha çox üstünlük verməyinizə səbəb olacaq. Qidalanmağa məsuliyyətlə davam etdikcə yandırdığınız piy bir daha qayıtmayacaq”

Yəqin ki, ətrafınızda “Bu gün su orucu tuturam” deyib yeməkdən imtina edənlər olur. Adətən onlar ayda bir gün, bəziləri həftədə bir gün su orucu saxlayırlar. Bunu bir neçə gün edənlər də var. Son illər su orucu saxlayanların sayının artdığını nəzərə alıb diyetoloq Turxan Baratzadə ilə bu haqda söhbətləşdik.

- Su orucuna insanların yanaşmaları fərqlidir. Kimi 1, kimi 3, kimi 5 gün su orucu tutur. 
- Su orucu heç bir qida maddəsi qəbul etmədən, sadəcə su içilərək tutulur. Yalnız çay və qəhvəni, o da  şəkərsiz olduğu halda, istənilən qədər içmək məqbuldur. Su orucunu 40 günə qədər edənlər var. Ortalama 3-4 gündən başlayıb 10-20 günə qədər edirlər. 1 günlük su orucu edənlər daha çoxdur. Amma 1 günlük su orucu istənilən nəticəni vermir. Burada məqsəd orqanizmdəki karbohidratları (glikogeni) bitirib yağ yandırmaqdır. Karbohidratlar isə təqribən 72 saata tam tükənmiş olur. Buna görə, 7 günlük su orucunu orqanizm üçün daha effektiv hesab edirəm.

- O zaman 7 günlük su orucundan danışaq. Düşünürük ki, su orucunu 1-2 gündən artıq tutsaq, halsız olarıq. 
- Müəyyən sağlamlıq problemləri olan, dərman qəbul edən insanlar uzun müddət orucu tuta bilməz, amma çoxumuz bunu edə bilərik. Ümumiyyətlə, su orucuna başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim icazə verirsə, deməli, su orucu tutanda huşunuzu itirməyəcəksiniz. İnsan orqanizmi enerjiyə qənaət və istifadə etmək məsələsində çox möhkəmdir. Min illərdir mövcud olan və sağ qalmağı bacaran insan bədəni buna uyğun dizayn edilib. İnsanlar əvvəllər əkin və heyvandarlıqla məşğul deyildi. Yemək taparsa, yeyər, tapmasa, ac qalardı. Biz bu dövrlərdən sağ çıxıb bu günə qədər gəlmişik. Genetik olaraq insan orqanizmi uzunmüddətli aclıqlara dayanıqlıdır. Uzun müddət yemək yemədiyimiz halda maddələr mübadiləsinin tamamilə dayanacağı, yenidən normal vəziyyətə qayıtmayacağı ilə bağlı yaranmış mif çoxdan məhv olub.

- 7 günlük su orucu zamanı bədəndə hansı dəyişiklik gedir?
- Bu 7 günlük su orucunun yandırdığınız piylərdən başqa bir çox sağlamlıq faydaları olacaq. Ən əsası bədəndə və hüceyrələrdə illərlə yığılan zibilləri atmış olacaqsınız. Sübut olunub ki, 2-7 günlük su orucundan sonra ciddi bir təmizlənmə, yəni detoks baş verir. 7 günlük su orucunun insulin müqavimətini yaxşılaşdırdığı, qan təzyiqini tənzimlədiyi, iltihabı azaltdığı, immunitet sistemini yüksəltdiyi və həzm problemlərini böyük ölçüdə həll etdiyini göstərən araşdırmalar da var.

- Aclıq istəyi necə olur bəs? İnsan bir öyün yemədikdə, aclıq güc gəlir…
- Oruca başladıqdan sonra 6 saat ərzində orqanizm son dəfə qəbul etdiyiniz bütün qidaları həzm etməyi başa vuracaq və depo forması olan qlikogeni parçalamağa başlayacaq. Yəni  qaraciyər və əzələlərdə qısamüddətli enerji deposu olan qlikogeni qlükozaya çevirəcək. Bu qlükoza orqanizmin əsas funksiyaları üçün enerji olaraq istifadə olunacaq. Proses, bəzən 72 saata qədər davam edə bilər, lakin orta hesabla bir insanda 12-24 saat ərzində bitir. Sonra aclıq, şiddətli yemək istəyi  yaranır. Bu zaman əhvalın dəyişməsi müşahidə edilə bilər. İnsan qlükoza çatışmazlığının əlamətləri olan əsəbilik və gərginlik yaşayacaq. Nadir hallarda baş ağrıları, halsızlıq və ürəkbulanma da ola bilər. Bütün bunlar insandan insana dəyişsə də, qadınlarda 2, kişilərdə isə 3 günə yox olacaq. Bu dövrdə bol su, şəkərsiz qəhvə və çay içmək lazımdır. 3 gündən sonra aclıq hissi kəskin şəkildə yox olacaq və özünüzü daha enerjili hiss etməyə başlayacaqsınız.

- Su orucu ilə arıqlamaq prosesi necə gedir?
- Orqanizmin ehtiyatı olan yağlar yalnız qlükoza və qlikogen tükəndikdə yanmağa başlayır. Qaraciyər qlikogeni əritdikdən sonra yağ turşuları yanmağa başlayanda ketonlar əmələ gəlir. Beləliklə, orqanizm keton cisimlərinin artdığı bir ketoz vəziyyətinə girəcək. Hətta ilk 3 gündə əhəmiyyətli miqdarda bədən yağı əriyir. Oruc tutmağa davam etdikcə tədricən artmağa davam edəcək, kənardan kalori olmadığı müddətcə gündə orta hesabla 450 qram bədən yağını yandırmış olacaqsınız ki, bu da kifayət qədər sürətli arıqlama üsuludur. 

- Su orucunun əzələlərə təsiri necə olur?
- İlk 3 gün əzələdəki qlikogenin enerji mənbəyi kimi yanması və özü ilə su aparması səbəbindən, əzələ zəifliyi olacaq. Bundan narahat olmayın, çünki əzələlərdəki protein əsas enerji mənbəyi deyil. İtirdiyiniz, orucu bitirib yenidən karbohidratlar qəbul etməyə başladığınızda, qısa zamanda geri qayıdacaq. 3 günün sonunda enerjiyə qənaət etmək üçün qadınlarda menstruasiya dayana bilər. 4 gündən sonra bir çox insanda enerji və sevinc partlaması yaşanır. Hətta o qədər enerjili olar ki, bəzən gecələr də yata bilməz. Keton cisimlərinin istifadəsi ilə yaşayacağınız zehni aydınlığa görə, bu, həyatınızın, bəlkə də, ən yaradıcı dövrü ola bilər.

- 7 günlük su orucu bitdi, əvvəlki rejimə qayıda bilərik?
- Su orucumuz bitdikdən sonra ehtiyatlı olmaq lazımdır. 1 və 2-ci günlərdə asan həzm olunan sümük suyu, şorba, şirələr, meyvə püresi, ağ düyü, kartof püresi və tərəvəzlər qəbul etmək lazımdır. Sonra protein əsaslı qidalar da daxil olmaqla, adət etdiyiniz qidaları qəbul etməyə başlaya bilərsiniz. Yəni əsas qidalardan başlayaraq daha mürəkkəb qidalara keçin. Orqanizmin təbiətindən asılı olaraq, bağırsaq hərəkətlərinin normala qayıtması bir qədər vaxt tələb edə bilər. Bəzi insanlar bağırsaq hərəkətlərinin dərhal geri döndüyünü, bəziləri isə normallaşmanın bir aya qədər çəkdiyini bildirir.

- 7 gün ac qalan orqanizmin iştahası bu qədər səbirli olur?
- Əksər insanlar su orucu bitdikdən sonra yeməyə hücum edəcəklərini düşünürlər. Qətiyyən belə deyil. Su orucundan sonra zövqünüz saflaşacaq və sağlam qidaları qəbul edərkən aldığınız həzz bundan sonra da onlara daha çox üstünlük verməyinizə səbəb olacaq. Su orucu bitdikdən sonra bir neçə kilo almaqdan narahat olmayın. Unutmayın ki, sürətlə qazandığınız bu çəki, sadəcə sudur. Qidalanmağa məsuliyyətlə davam etdikcə yandırdığınız piy bir daha qayıtmayacaq.

Aygün Asimqızı