• şənbə, 20 Aprel, 06:23
  • Baku Bakı 14°C

Enerji təhlükəsizliyi sahəsində yeni səhifə 

04.02.23 02:00 1555
Enerji təhlükəsizliyi sahəsində yeni səhifə 

Hesablamalar Azərbaycanın yaşıl enerji potensialının kifayət qədər olduğunu nümayiş etdirir. Bu reallıq fonunda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci iclasının keçirilməsinin xüsusi əhəmiyyəti var.

Azərbaycan ötən 20 il ərzində avropalı tərəfdaşları ilə həm neft, həm də qaz sektorunda böyük layihələrə imza atıb. Təsadüfi deyil ki, hazırda ölkəmiz qoca qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır, etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan öz imkanlarını düzgün dəyərləndirərək, siyasi iradə nümayiş etdirərək, Avropanın qaz və bərpaolunan enerji bazarında təsirini daha da artırmağa çalışır. Misal üçün, 2022-ci il iyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər hasil edilən qazın həcmi 2 dəfə artırılacaq. Müqayisə olaraq qeyd edək ki, Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 2021-ci ildə 8,2 milyard kubmetr, 2022-ci ildə 11,3 milyard kubmetr təşkil edib. Memorandumundan irəli gələrək, 2023-cü ildə bu həcm ən azı 11,6 milyard kubmetr olacaq, 2027-ci ildə isə ən azı 18 milyard kubmetrə çatdırılacaq. 

Qara dənizin dibi ilə elektrik enerjisi kabeli çəkiləcək

Ölkəmizin bərpaolunan enerji sektorunda da etibarlı tərəfdaşa çevriləcəyini indidən proqnozlaşdırmaq olar. Beləki, ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən, Qara dənizin dibi ilə elektrik enerjisi kabeli çəkiləcək. Bu kabel Azərbaycanda istehsal olunan elektrik enerjisini Avropaya ixrac edəcək. Belə bir layihənin icrası Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıracaq. Çünki Azərbaycanın yaşıl enerji sektorunda kifayət qədər resursu var. Hesablamalara görə, ölkəmizin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Bu istehsalın 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır. Yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. 

Toplantıya maliyyə təsisatlarının da diqqəti böyükdür

Bütün bu hesablamalar Azərbaycanın yaşıl enerji potensialının kifayət qədər olduğunu nümayiş etdirir. Belə bir reallıq fonunda fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclasının keçirilməsinin xüsusi əhəmiyyəti var. Xüsusən də ona görə ki, əvvəlki iclaslara nisbətən bu toplantıda daha çox dövlət və şirkət iştirak edir. Budəfəki toplantıya maliyyə təsisatlarının da diqqəti böyükdür. İclasda iştirak edən maliyyə təsisatları sırasında Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur. Toplantını əvvəlkilərdən fərqləndirən digər əsas məqam Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsidir.

Azərbaycan Avropanın yaşıl enerji təchizatçısı olmaq istəyir

Avropanın, ABŞ-ın və ümumilikdə, dünyanın aparıcı güclərinin xüsusi diqqət göstərdiyi iclasda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olduğunu, ölkəmizin Avropanın mühüm yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırdığını dilə gətirib. Dövlət başçısı qeyd edib ki, işğaldan azad olunan ərazilərdə külək və günəş enerjisi potensialı 10 giqavatdan çoxdur. Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən edildiyini xatırladan Prezident İlham Əliyev hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparıldığını vurğulayıb. Onun sözlərinə görə, üç əsas enerji şirkəti ilə razılıq əldə olunub, anlaşma memorandumu imzalanıb ki, 25 giqavat həcmində bərpa olunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edilsin. Qara dənizin dibi ilə kabelin çəkilməsi barədə işlərin planlaşdırılmasının önəmindən söhbət açan dövlətimizin başçısı bildirib ki, bu, Avropadakı tələbatla əlaqələndirilməlidir: “Burada Azərbaycanın quruda və dənizdə bərpa olunan enerji resurslarından enerjinin alınması, həmin enerjinin Gürcüstanla sərhədə nəql edilməsi, bundan əlavə, Qara dənizin dibi ilə kabelin çəkilməsi məsələsi də durur. …Beləliklə, biz potensial əməkdaşlığımızı Avropa qitəsində görəcəyik. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”.

TANAP-ln və TAP-ın ötürmə gücü artırılacaq

Ötən ilin dekabrında Buxarestdə imzalanan sazişi xatırladan Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açıldığını, cari ilin yanvar ayında isə Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalandığını söyləyib. O, Cənub Qaz Dəhlizinin əhəmiyyətindən də söhbət açıb. Deyib ki, hazırda TANAP-ın ötürmə gücünün 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışıqlar gedir. Prezident İlham Əliyev enerji təhlükəsizliyinin eyni zamanda milli təhlükəsizlik məsələsi olduğunu xatırladaraq, Azərbaycanın yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işlədiyini bəyan edib.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər