Ənənə ilə müasirlik qovuşanda...
Uzun əsrlər boyu xalqımızın beynəlxalq miqyasda "tanınma nişanı”na
çevrilən el sənətinin müxtəlif sahələri orta əsrlərdə nə qədər iqtisadi-mədəni
əhəmiyyət kəsb edirdisə, sonrakı dövrlərdə həmin yaradıcılıq sahələrinə ciddi
münasibət duyulası dərəcədə öləziyib. Belə ki, kommunist rejiminin təlqin
etdiyi "Sosialist realizmi” bədii prinsipinin maraq dairəsində milli-mənəvi
qaynaqlara bağlı sənət sahələrinə diqqət demək olar ki, yox dərəcəsində idi.
Zamanında xalqın həm də "çörək ağacı”na çevrilən bədii yaradıcılığı
"özfəaliyyət sənəti” çərçivəsində saxlayan həmin rejim, onu yalnız
bayramdan-bayrama yada salmaqla işini bitmiş hesab edirdi. Bu yaradıcılıq
sahələrinin ölkə sənayesinin tərkib hissəsinə çevirməsinin davamlı şəkildə
ləngidilməsi son nəticədə bir çox sənətkarlıq növlərinin aradan çıxmasına
gətirib çıxardı.
Ziyadxan ƏLİYEV
Müasir şəraitdə-müstəqillik illərində beynəlxalq məkanda yalnız
özündə ənənə ilə müasirliyi birləşdirən sənət növləri ilə tanınmağın
danılmazlığı qarşılığında, gənc rəssamlarımızın əski bədii irsə münasibətini
yalnız təqdir etmək olar. Bu mənada gənc batika ustası Əfşan Əsədovanın
yaradıcılığı diqqət çəkir.
Onun yaradıcılığından söz açmazdan əvvəl oxucularımıza qısa da olsa onun
məşğul olduğu sənət sahəsi barəsində bilgi vermək istəyirik. Bu gün daha çox
"Batika” adı ilə tanınan bu sənət növünün vətəni Malayziya hesab olunsa da,
Azərbaycanda onun sələfi sayıla biləcək, amma icra texnikasına görə nisbətən
fərqli olan qələmkarlıq və kəlağayı kimi sənət növləri mövcuddur. Bu mənada
müasir dekorativ-tətbiqi sənətin geniş yayılmış növü olan batikanın zərifliyinin
milli kəlağayı və qələmkarlıq nümunələri ilə səsləşdiyini deyə bilərik. İpək, pambıq və kətan üzərində ərsəyə gətirilən batikada rəssam
düşündüyü ən müxtəlif mövzu və janrları gerçəkləşdirmək-bədii görkəm vermək
imkanına malikdir. Əridilmiş mumu səthdə yerləşdirilmiş təsvir xətlərinin
"qoruyucu”suna çevirən hər bir yaradıcı, tədricən rənglərin açıq çalarlarını
tündlərlə əvəzləməklə, arzuladığı koloriti və görüntünü əldə edir. Elə Əfşan
Əsədovanın batikalarında da vurğuladığımız zərifliyi və rəng zənginliyini
görmək mümkündür...
Tanışlıq üçün deyək ki, rəssamlar ailəsində dünyaya göz açan Əfşanın
bu sənətə gəlişində atası-görkəmli televiziya rəssamı, Əməkdar incəsənət xadimi
Rafael Əsədovun və anası – məşhur xalça rəssamı Afaq Kərmovanın duyulası təsiri
olmuşdur. Odur ki, zamanında həm özünün, həm də qardaşı Anarın rənglərə olan sevgisini
hamı təbii qarşılanmışdır. Obrazlı desək, o vaxtdan bir qazanda iki yox, birdən
– birə dörd baş "qaynamağa” başlamışdır.
Bu mənada hər gün bir dam altında sənətlə bağlı baş tutan mükalimələrin
onların hər birinin yaradıcılığına müsbət təsiri göz qabağındadır. Başqa sözlə
desək, onların hər birinin sənətin müxtəlif sahələrində qazandığı uğurlar
məşhur deyimin də artıq "köhnəldiyini” təsdiqləyir...Əfşana gəldikdə isə, onun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını
batika ixtisası üzrə bitirəndən cəmisi iki il sonra – 2016-cı ildə Gənclər və
İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı yaradıcı gənci” mükafatına layiq
görülməsi gənc rəssamın fərdi yaradıcılıq axtarışlarının özünəməxsusluğuna
verilən yüksək qiymətin göstəricisi olmuşdur. Əslində, bu dəyərləndirməni onun elə 2016-cı ildə
Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda baş tutan
yaradıcılıq hesabatı şərtləndimişdi. Bir il sonra onun Prezident təqaüdçüsü
olması da həmin uğurların – dəyərləndirmələrin məntiqli davamı idi...
2016-cı ildə əksər yaradıcıların hesabat verməyə çox vaxt ehtiyat
etdikləri bu məşhur məkanda əsərlərini həmkarları və tamaşaçılar qarşısına
çıxaran Əfşan, təbii ki, atdığı addımın məsuliyyətini duyurdu. Odur ki, həmin
gün onu təbrik etməyə gələn çoxsaylı sənətsevərlərin qarşısına çıxıb mikrofona
yalnız "Bacardığımı eləməyə çalışmışam, baxın, özünüz qiymət verin!” sözlərini
deyə bildi. Elədikləri isə, sözün əsl mənasında, kifayət qədər idi...Doğrudan da, həmin gün sərginin ekspozisiyasında görməyə çox şey vardı. Gənc rəssam çoxsaylı
əsərləri ilə öz tamaşaçılarını onların ovqatını birəbeş artıra biləcək dünya
ilə qarşı-qarşıya qoymuşdu, desək, yanılmarıq. Öncədən deyək ki, görünənlərin
ilk baxışda rəngkarlıq tablosu, yaxud da afişalarda qeyd olunduğu kimi "batika”
olduğunu ayırd etmək çox çətindi. Odur ki, tamaşaçıların bu şübhəni dağıtmaq
məqsədi ilə əllərini əsərlərə toxunmaları da təbii idi...
Ən
tələbkar sənətsevəri belə duyğulandırmaq gücündə olan bu dekorativ-tətbiqi
sənət nümunələri ilk baxışdan kompozisiya həlli və yüksək icra sənətkarlığı ilə
diqqət çəkirdi. Batikanın görməyə adət etdiyimiz dekorativliyinin və
şərtiliyinin burada həsədaparıcı incə və realist-gerçəkçi bədii şərhlə
əvəzlənməsi çox gözlənilməz idi. Parça üzərində
akvarelsayağı təravətə və zərifliyə bələnmiş müxtəlif təsvirlərin
yaratdığı gözoxşayan auranın da qeyri-adiliyi danılmaz idi. Qeyd etmək lazımdır ki, müəllifin
yenicə toplanan bədii irsində mövzu rəngarəngliyi duyulsa da, burada
natürmortların çoxluq təşkil etməsi adi gözlə belə görünəndir. Bu məşhur janrın
imkanlarını gül-çiçəklərlə ifadə etməyə qərar verən Əfşan, "Güllər
silsiləsi”ndə natürmortun "cansız” əşyalardan ibarət olması barəsində ənənəvi
fikirlərin üzərinə şübhə toxumu səpməklə, onun ifadə imkanlarını kifayət qədər
genişləndirməyə nail olmuşdur. Bu əsərlər ən müxtəlif güllərin gözəlliyin və "rahiyə”sinin tərənnümü olsa da, gənc
rəssamın yasəmənlərə üstünlük verməsi duyulandır. Dəyərli bədiiləşdirilməsinə
görə yaddaşlarda rus-sovet rəssamı
P.Konçalovskinin əsərləri ilə yaşayan yasəmənlərə azərbaycanlı rəssamın bədii
yanaşması çox yeni və yaddaqalandır. Onları müxtəlif güldanlarda görüntüyə
gətirən müəllifin yasəmən salxımlarının ilk baxışda xaotik görünən ümumi
tutumuna bəxş etdiyi axıcı ritmdə qəribə bir cəlbedicilik əldə etməyə nail
olmuşdur. Yasəmənlərin bənövşəyi-bəyaz çalarlarında hifz olunan incə rahiyəni
gözoxşayan bədii tərzdə rənglərlə ifadə edən gənc yaradıcı, kompozisiyanın
bütövlüyü ilə ümumi görüntünün yaddaqalanlığını əldə etmişdir. Yeri gəlmişkən
deyək ki, bu natürmortların kompozisiya həllindəki orijinallıq da
özünəməxsusdur. "Güllər məkanı”ndan müəllifə gərəkli olan kadrın ayrıca
təqdimatı kimi baxılan bu
kompozisiyalarda bütün güllərin, o cümlədən də yasəmənlərin çərçivə
daxilində qabardılması bədii həll
baxımından müəllif tapıntısı sayıla bilər. Gözəllik dünyasına açılan bu
pəncərələrdə öz incə duyğularını ifadə etməyə üstünlük verən rəssamın bu
natürmortları duyulası miqyas daşıyıcısı kimi görünməklə, istənilən interyerə
arzulanan auranı bəxş etmək gücündədir, desək, həqiqəti söyləmiş olarıq. Bu isə,
əslində, hər bir batikanın da aid olduğu dekorativ-tətbiqi sənətin
funksionallığını şərtləndirən amillərdən sayılır.
Təbii ki, hər bir rəssam kimi
Əfşanın da maraq dairəsi natürmortlarla - güllərin təsviri ilə məhdudlaşmır.
Onun əmək, dəniz, idman, fauna və s.
mövzularda yaratdığı batikalarda da lirik-romantik ovqat duyulmaqdadır. Gənc
yaradıcının "Quşlar”, "Velosipedçilər”, "Avtoportret”, "Qağayılar” və s.
batikalarında mövzu və motivlərin məhz
belə bədii həllini müşahidə etmək mümkündür. Bu əsərlərdə rəng-forma tutumunun
bədii ümumiləşdirməyə yönəli gözoxşayan və yaddaqalan qovşağı mövcuddur. Odur ki, onların hər biri
təmas uzun müddət unudulmur.
Bu gün Əfşan Əsədova həm də
ümidverici teatr rəssamı kimi tanınır. Onun öz fəaliyyətini A.Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrında davam etdirməsi də daşıdığı yaradıcılıq
imkanlarının fərqli xüsusiyyətlərini əyaniləşdirmək istəyindən irəli gəlmişdir.
Onun burada hazırlanan tamaşalara verdiyi bədii quruluşlarda da dramaturji materiala
özünəməxsus münasibət olduğundan, kuklaların əhatələndikləri səhnəqrafiya
vasitələri təbii baxılır...
Bütünlükdə
gənc rəssamın özündə ənənə və müasirliyi birləşdirən yaradıcılığında tamaşaçını
duyğulandırmaq istəyi çox güclüdür. Bu da hər yeni sərgi ekspozisiyasında
sənətsevərlərin onun əsərlərini soraqlamasını şərtləndirmişdir. Qənaətimizcə,
bu da hər bir yaradıcının əldə edə biləcəyi böyük mənəvi qazancdır...
Ziyadxan ƏLİYEV