• cümə axşamı, 18 aprel, 17:17
  • Baku Bakı 22°C

Elçin Hüseynbəylinin yeni tarixi romanı

30.01.17 10:55 7895
Elçin Hüseynbəylinin yeni tarixi romanı
ELÇİN HÜSEYNBƏYLİ yeni romanının adını "Yenə iki od arasında” qoyub və bu romanı "Səkkizinci Qarabağnamə” kimi oxuculara təqdim edir. Məlumdur ki, XVIII-XIX əsrlərdə müxtəlif müəlliflər tərəfindən yeddi "Qarabağnamə” qələmə alınıb. Və həmin əsərlərdə Qarabağın ruslar tərəfindən istilasına qədər bu bölgədə baş verən bütün tarixi hadisələr öz əksini tapıb. Tarixçilərimiz bu əsərlərdən qiymətli bir mənbə kimi istifadə edirlər. Ancaq bu o demək deyil ki, yalnız həmin tarixi əsərlərlə kifayətlənmək olar. Çünki, Qarabağ mövzusu yalnız Qarabağnamələrin verdiyi bilgilərlə bitmir. Bədii ədəbiyyatda da Qarabağ mövzusu zaman-zaman öz təcəssümünü tapır. XX əsr Azərbaycan ədəbiyyatının korifeylərindən olan Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında” romanını xatırlayaq. Bu roman böyük söz ustadımız Molla Pənah Vaqifin həyatından söz açır.
Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatında gözəl nəsr əsərlərinin - İki tarixi romanın, onlarla gözəl hekayənin müəllifidir. Ədəbiyyatşünas alimlər haqlı olaraq onun adını Cəlil Məmmədquluzadə və Ə.Haqverdiyevlə yanaşı çəkirlər. Nəsrimizin XX əsr mənzərəsini Yusif Vəzirin əsərləri olmadan təsəvvür etmək qeyri-mümkündür. Hələ əsrin əvvəllərində Firudin bəy Köçərli, Seyid Hüseyin, Haşım bəy Vəzirov öz məqalələrində Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı haqqında yüksək fikir söyləmişlər.
Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatında tarixi romanın ustadlarından sayılır. Onun tarixi romana müraciət etməsi səbəbsiz deyildi. Yusif Vəzir Çəmənzəminli həm də gözəl tarixçi və etnoqraf idi. Onun indi də öz dəyərini itirməyən "Azərbaycan və azərbaycanlılar” adlı məqaləsini xatırlatmaq kifayətdir. Tarixi mövzuda yazdığı əsərlərində Yusif Vəzir Çəmənzəminli mümkün qədər tarixi həqiqətlərə sadiq qalır, tarixi hadisələri və şəxsiyyətləri qələmə alarkən bəzən onları olduğu kimi qələmə alırdı. Amma bu hadisə və olaylar bədii təxəyyüldən də güc alırdı. "Qan içində” romanı bunun bariz nümunəsidir.
Yusif Vəzir Çəmənzəminlinin həyatı çox çətin və ziddiyyətli olmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti dövründə o Türkiyəyə göndərilmişdi. Yeni yaranan quruluşu istəmirdi. Bir müddət Parisdə də yaşamışdı. Lakin sonralar Azərbaycana qayıtdı. Və təbii ki, onun da adı qara siyahıya düşməli idi. Təqiblərdən yayınmaq üçün o Özbəkistanda da yaşadı. Amma onu elə oradaca həbs etdilər.
Elçin Hüseynbəyli Yusif Vəzir Çəmənzəminlinin bu keşməkeşli ömrünü öz romanına mövzu seçib. Ancaq roman təkcə bununla məhdudlaşmır. Elçin dünya ədəbiyyatında çox işlənən "roman içində roman” prinsipinə əməl edir. Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında” romanında qələmə almadığı tarixi hadisələri onun dilindən nəql edir. Beləliklə, romanın süjet xətti bir neçə şaxəyə ayrılır. Ümumən XVIII əsr Qarabağı romanın bədii-tarixi materialına çevrilir.
Elçin Hüseynbəyli artıq tarixi roman janrında qələmini sınamışdır, onun "Don Juan” və "Şah Abbas” əsərləri oxucular arasında böyük maraq doğurdu. Məsələ burasındadır ki, E.Hüseynbəyli özünəməxsus bədii priyomlardan, tarixə münasibətdə yeni orijinal ifadə üsullarından istifadə etdi. İlk baxışda onun bu romanları bizim ənənəvi klassik roman tipinə uyğun idi. Yəni müəllif tarixi şəxsiyyətlərin həyatını, mübarizəsini, doğum günündən son anınadək təsvir predmetinə çevirirdi. Amma necə? "Don Juan”da müəllif özü də bir iştirakçı kimi əsərin personajlarına çevrilirdi, daha doğrusu, o, öz qəhrəmanının həyat yolunu izləmək üçün onun keçdiyi yollardan, ölkələrdən adlayırdı. "Şah Abbas”da isə tarixi hadisələrə və personajlara fəallıq, dinamiklik aşılayırdı. Romandakı bütün personajlar daimi hərəkətdə idilər. Tarix sanki bizim gözlərimiz qarşısında cərəyan edirdi.
"Yenə iki od arasında” romanında da Elçin Hüseynbəyli öz qəhrəmanının axtarışına çıxır. O, Yusif Vəzir Çəmənzəminlinin məhbus olduğu Rusiya şəhərlərini və həbsxanalarını gəzir, hər bir detalı, hər bir sənədi və solub saralmış sənədləri gözdən qaçırmır. Bu hissə əsərdəki birinci "roman”dır. Doğrudur, bu hissədə yorucu məqamlar az deyil, amma bu, Elçin Hüseynbəylinin öz üslubudur. Onun nəsri belə təsvirlər üzərində qurulur.
İkinci "roman”da o, Yusif Vəzirin "İki od arasında” romanında qələmə almadığı hadisələri təfərrüatı ilə əsərə gətirir. Əlbəttə, bu da bir bədii priyomdur, müəllifin öz düşüncəsindən doğur. Çünki, Yusif Vəzir Çəmənzəminli kimi yazıçılar heç bir vaxt araya-ərsəyə gətirdikləri əsərlərə geniş mənada əl gəzdirməzdilər. Ancaq təbii ki, Yusif Vəzir Elçin Hüseynbəylinin onun dilindən nəql etdiyi tarixi hadisələri çox gözəl bilirdi, tarixi şəxsiyyətlərin hər birinin həyatına yaxşı bələd idi. Sonralar "Qan içində” adı ilə çap olunan romana əbəs yerə "İki od arasında” deyə yanaşmazdı. Qeyd edək ki, Y.V.Çəmənzəminli "İki od arasında” romanını Sovet dövründə (1936) bitirmişdi. O, artıq yeni quruluşu qəbul etmişdi. Lakin sağlığında bu əsəri nəşr etdirə bilmədi. Yalnız 1960-1961-ci illərdə professor Əkbər Ağayev həmin əsəri "Qan içində” adı ilə "Azərbaycan” jurnalında çap etdirdi. Əkbər Ağayev romana yazdığı müqəddimədə qeyd edirdi ki, Yusif Vəzir Çəmənzəminli ən çox Azərbaycan tarixçilərinin – Abbasqulu ağa Bakıxanovun, Mirzə Adıgözəl və Mirzə Camalın əsərlərinə istinad etmişdir. Tarixi hadisələrə və tarixi şəxsiyyətlərə yaxşı bələd olan Y.V.Çəmənzəminli istifadə etdiyi tarixi mənbələrin siyahısını da təqdim edir.
Romanda gah Yusif Vəzirin həyatından, xüsusi ilə sürgün illərindən müəyyən hadisələr canlandırılır, gah da XVIII "Qarabağnamə”də bizə məlum olan lakin yeni şərh və yozumlara ehtiyac duyulan hadisələr paralel təqdim edilir. Təbii ki, Yusif Vəzirin sürgün illəri ilə bağlı, ömrünün son illərini əhatə edən hadisələr indiyə qədər məlum deyildi. Elçin Hüseynbəyli bütün bunları diqqətlə arayıb-araşdırmağa cəhd göstərmiş və deyək ki, istədiyinə nail ola bilmişdir. Ancaq çox təəssüf ki, Yusif Vəzirin məzarı su altında itib batmışdır.
Səkkizinci "Qarabağnamə”də təsvir edilən hadisələr isə bundan əvvəlki, yeddi "Qarabağnamə”də bizə məlum olan vaqiələrin yeni şərh və yozumlarla təqdim edilməsidir. Birinci vaqiə "Pənah xan müsibəti” adlanır. Daha sonrakı vaqiələrdə biz Ağa Məhəmməd şah Qacarın Şuşa üstünə ikinci yürüşü, Şahın Molla Pənah Vaqiflə və Məhəmməd bəy Cavanşirlə görüşü, Şahın qətli, Məhəmməd bəy Cavanşirlə Molla Pənah Vaqifin ədavətin və onun əli ilə Vaqifin öldürülməsi, Məhəmməd bəy Cavanşirin əmisinin üzünə ağ olması, qaçışı və Ağabəyim ağanın Fətəli şaha ərə verilməsi, Ruslarla saziş – İbrahimxəlil xanın və ailəsinin qətli, Türkmənçay müqaviləsi: Erməni və Rus kələyi, Qriboyedovun qətli və s. hadisələr öz əksini tapır. Bütün bu hadisələr istər Qarabağnamələrdə, istərsə də tarixi ədəbiyyatda bu və ya digər dərəcədə işıqlandırılmışdır. Elçin Hüseynbəyli isə bu tarixi hadisələri və onların iştirakçıları olan şəxsiyyətləri bir yerə toplamış, onları bu günün nöqteyi-nəzərindən mənalandıra bilmişdir. Yaxşı cəhətdir ki, onun bu hadisələrə münasibətində öz mövqeyi vardır. Məsələn, Sovet dönəmində Ağa Məhəmməd şah Qacar istilaçı, müstəbit bir hökmdar kimi təqdim olunurdu. Və tarixçilər haqlı olaraq onun Qarabağa iki hücumunu, Tiflisi odlara qərq etməsini və insan kəllələrindən qalalar qurmasını qeyd etmişlər. Amma Qacara qarşı başqa bir münasibət də mövcuddur. Onun ağıllı, islahatçı bir şah olduğunu sübut edən kitablar, məqalələr yazılmışdır. Elçin Hüseynbəyli birinci mövqeyi müdafiə edir və təbii ki, həm dəqiq tarixi faktlar, həm də onun Azərbaycanı ələ keçirmək və İran əyalətlərinə qatmaq niyyətlərini əsas götürmüşdür. Qacarın Molla Pənah Vaqiflə, Məhəmməd bəy Cavanşirlə görüşləri özünü bu cəhətdən tamamilə doğruldur. Yaxud Məhəmməd bəy Cavanşirlə Molla Pənah Vaqifin ədavəti də romanda gizlədilməmişdir. İş burasındadır ki, İbrahimxəlil xan qızı Ağabəyimi Məhəmməd bəy Cavanşirə vermək haqqında düşünürdü. Elə qızın da onda gözü var idi. İbrahim Xəlil xan bu xüsusda öz vəziri Molla Pənah Vaqiflə məsləhətləşir. Vaqif belə deyir: "O, öz anasını sizə qıymamışdı, siz öz qızınız necə qıyırsınız? Axund Pənah Məhəmməd bəy Cavanşirin öz anasını qətlə yetirməsini işarə etmişdir. İbrahim Xəlil xanın qardaşı Merhalı bəyi Şirvan xanı Mustafanın qardaşı Ağası bəy öldürəndən sonra Qarabağ xanı qardaşının dul arvadını özünə övrət eləmək istəmişdir. Amma Məhəmməd bəy bunu biabırçılıq saymış və anasını gecə ikən boğub öldürmüşdü”. Bəzi mənbələrdə Məhəmməd bəy əhali arasında igidliyi ilə bərabər şorgözlüyü ilə də tanınmışdır. O Molla Pənahın ay parçası kimi maya, qara ilan kimi zülfləri olan Qızxanıma meyl elədiyini bilirdi. Özü də onun dərdindən dəli divanə idi. Onda ki, Qacar qətlə yetirilir, İbrahim Xəlil xan isə hələ Qarabağa gəlib çıxmır, hakimiyyəti müvəqqəti olsa da Məhəmməd bəy Cavanşir ələ keçirir və birinci rəqibi olan Vaqifi öldürtdürür. Məhəmməd bəy Cavanşirə münasibət də ikili mövqe mövcuddur. Onun çox igid, Qacarla görüşdə də öz təmkinini itirməyən bir cəngavər kimi qələmə verirlər və bu da yalan deyil. Xalq arasında "batmanqılınc” ləqəbi ilə tanınan bir cəngavərin ən zəif, tarixdə ləkəli bir hadisə kimi yaddan çıxmayan Vaqifi öldürtməsi bu cəngavərliyin üstündən xətt çəkmirmi?
Romanda Qarabağ xanlığının Rusiya ilə münasibətləri də öz əksini tapmışdır. Və bu nöqtədə E.Hüseynbəyli tarixi hadisələrdən yan keçməmişdir. İbrahim Xəlil xanın gah Rusiyaya, gah da müəyyən səbəblər üzündən İrana meyl etməsi Qarabağı xilas etmək arzusundan doğurdu. Ancaq Rusiya bunu bağışlamadı. Çünki İbrahim Xəlil xan bütün bu tərəddüdlərinə baxmayaraq qüdrətli bir hökmdar və siyasətçi kimi diqqəti cəlb edir. Onun ölümü də artıq Rusiyanın Azərbaycanda tam qələbəsinin stimuluna çevrilir.
Romanda ermənilərin ruslarla açıq və gizli sövdələşmələri də diqqətdən yayınmır. Bu baxımdan İrandakı rus səfiri, məşhur şair Aleksandr Qriboyedovun qətl hadisəsinin təsviri də maraq doğurur. Qriboyedovun sadəlovcəsinə ermənilərə inanması onun məlum ölümünə səbəb olur. Romanın axırıncı fəsilləri Yusif Vəzirin Paris həyatı təsvir edilir. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra Yusif Vəzirin səfirlik fəaliyyəti də başa çatır. Və o da Bakıya qayıtmır, məcburiyyətdən Parisə qardaşı Mirinin yanına gedir. Burada çox ağır günlər keçirir. Yusif Vəzirin Ceyhun Hacıbəyli və Lev Nissenbaunla görüşü... bu da romanın maraqlı fəsillərindən biridir. Azərbaycana yola düşməzdən əvvəl o Ceyhun bəylə və Lev Nissenbaunla "La Bella” kafesində görüşür. Məlum olur ki, "Əli və Nino” adlı bir roman yazmışdır. O, bu romanı Lev Nissenbauna verir ki, onu nəşr etsin. Qeyd edək ki, "Əli və Nino” romanı ilk dəfə "Azərbaycan jurnalında Qurban Səid imzası ilə çap olunandan sonra bu əsərin müəllifi ilə bağlı çoxlu mübahisələr yarandı. Əlbəttə, Yusif Vəzirin Parisdə Ceyhun Hacıbəyli vasitəsi ilə Lev Nissenbauna roman təqdim eləməsi mənim fikrimcə, heç də ağlabatan deyil. Bu barədə heç bir tarixi fakta da rast gəlmirik. Amma "Əli və Nino” romanında Yusif Vəzirin digər əsərləri ilə səsləşən üslub çalarları özünü büruzə verir.
Roman Yusif Vəzir Çəmənzəminlinin Bakıya qayıtması ilə başa çatır. Y.V.Çəmənzəminli Bakıya qayıtdıqdan sonra ədəbi fəaliyyətini davam etdirir və bir neçə çıxışında da yeni quruluşu qəbul etdiyini söyləyir. Amma vaxtı ilə müsavatçı olduğu üçün Sovet quruluşu NKVD onu bağışlamaq niyyətində deyildi.
Arzu edərdim ki, Elçin Hüseynbəyli Yusif Vəzirin Bakıda 20-30-cu illərdə həyatı, yazıçılar mühiti ilə bağlılığı haqqında materialları da öyrənsin. Və bu romanın ardını qələmə alsın.
"Yenə iki od arasında” romanını mən Elçin Hüseynbəylinin tarixi romana müraciətində yeni bir uğuru hesab edirəm.
Vaqif Yusifli
banner

Oxşar Xəbərlər