bazar, 04 Dekabr, 09:12

Baku Bakı 4°C

Eks-prezidentləri danışdıran kimdir? 

icon 998 icon 01 oktyabr 2022 | 00:30 Eks-prezidentləri danışdıran kimdir? 

Əslində, Levon Ter-Petrosyan və Robert Köçəryanın açıqlamaları bir həqiqəti üzə çıxarır. Onlar Ermənistanın həddindən artıq çətin duruma düşdüyünün fərqindədirlər. Başa düşürlər ki, Ermənistan Fransa, ABŞ və digər ölkələrə arxayın olub növbəti təxribatlara cəhd edəcəksə, daha ağır reallıqla üzləşəcək. 

Son günlər Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan açıqlamalar verərək Azərbaycanla münasibətlərdə gəlinən durumla bağlı fikirlərini ifadə ediblər. Bu açıqlamaların eks-prezidentlərin erməni katolikosu II Qaragenin iştirakı ilə keçirilən görüşündən sonra verilməsi diqqət çəkib. Bəs, görəsən, bu açıqlamaların arxasında nə dayanır? Ermənistanın iki eks-prezidentini danışdıran nədir və ya kimlərdir? 

Ter-Petrosyan hər şeyi öz adı ilə çağırır

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, ümumiyyətlə, hay kilsəsi və katolikosları heç zaman sülh tərəfdarı olmayıb: “Hay kilsəsi bu regionda gizli silah-sursat anbarına sahib olub və terrorçuların təlimat aldıqları yer rolunu oynayıb. Söhbət hələ XIX əsrin axırından və XX əsrin əvvəlindən gedir. O vaxtdan üzü bəri hay kilsəsinin mahiyyəti dəyişməyib. Onu qeyd edim ki, katolikosun təşkilatçılığı ilə keçirilən görüşdən sonra eks-prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryanın açıqlamaları oldu. Levon Ter-Petrosyan 1997-ci ildə nə demişdisə, yaranmış yeni reallıqda onu fərqli şəkildə təkrarladı. Hər şeyi öz adı ilə çağırdı və təslimçiliklə bütün Ermənistanın barışmalı olduğunu etiraf etdi. Doğru da qeyd etdi ki, hazırda bu, onlar üçün ən doğru çıxış yoludur. Çünki gələcəkdə dağıdıcı siyasəti davam etdirəcəklərsə, Fransa, ABŞ və digər ölkələrə arxayın olub növbəti təxribatlar törədəcəklərsə, daha ağır reallıqla üzləşəcəklər. Sentyabrın 28-də bir Azərbaycan əsgərinin yaralanmasına cavab olaraq üç erməninin məhv edilməsi də bunun başqa bir şəkildə təsdiqidir”.

“Azərbaycan buna yol verməyəcək”

S.Alıyev qeyd etdi ki, Ermənistanın digər eks-prezidenti Köçəryan da öz ampluasındadır: “O, Ermənistan cəmiyyətinə çağırış edir və özünün bağlı olduğu mərkəzlərin nəzarətindən çıxmamağa çalışır. Ümumiyyətlə, Köçəryanın sülhlə bağlı dedikləri, hətta son zamanlar Nikol Paşinyanın verdiyi açıqlamalardan da absurddur. Əgər Azərbaycan Prezidenti İlham Əliyev bildirirsə ki, Qarabağ münaqişəsi bitib, deməli, bitib. Dövlət başçısı deyirsə ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarəti altında yaşayanlar üçün heç bir status olmayacaq, deməli, olmayacaq. Bu məsələni yenidən danışıqların predmeti kimi qabartmaq o deməkdir ki, söhbət sülh danışıqlarını pozmaqdan gedir. Bu, sülh danışıqları adı altında Azərbaycana qarşı torpaq iddiasının gündəmdə saxlanması deməkdir. Azərbaycan buna yol verməyəcək”. 

“Ermənistan Azərbaycan və Türkiyənin çəmbərində qalıb”

Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, erməni katolikosu ilə eks-prezidentlərin görüşünün məqsədi yaranmış durumdan Ermənistan üçün çıxış yolu axtarmaq idi: “Bu görüşdə əldə edilən nəticələrlə bağlı Ermənistan hökumətinə tövsiyələr də verilib. Məhz bu görüşdən sonra həm Levon Ter-Petrosyan, həm də Robert Köçəryan tərəfindən açıqlamalar verildi. Əslində, Ter-Petrosyan reallıqları hər zaman görüb və bundan əvvəl verdiyi proqnozların bir çoxu özünü doğruldub. Misal üçün, 1997-ci ildə münaqişənin danışıqlar yolu ilə həllinə çağırışlar edirdi və deyirdi ki, əgər bu baş verməsə, Ermənistan çətin vəziyyətə düşəcək. Bu fikirlərinə görə onu devirdilər. 2016-cı ilin aprel döyüşləri ərəfəsində proqnoz vermişdi ki, 2020-ci ildən sonra Qarabağla bağlı vəziyyət dəyişəcək. Həqiqətən də, 2020-ci ildə Azərbaycan öz torpaqlarını azad etdi. İndi Ermənistan 1997-ci ildə Ter-Petrosyanın proqnozlaşdırdığı vəziyyətə düşüb, Azərbaycan və Türkiyənin çəmbərində qalıb. Doğrudur, Paşinyan hakimiyyəti qərb ölkələrinin dəstəyi ilə müəyyən manevrlər etməyə çalışır. Amma coğrafi reallıq Ermənistanın Azərbaycan və Türkiyə ilə anlaşmaqdan başqa alternativinin olmadığını göstərir. Tarix boyunca Ermənistana dəstək verən ölkə Rusiya olub. Amma bu gün Rusiya da Azərbaycan və Türkiyə xəttinə uyğun çıxış edir”.

“Yeganə yol Azərbaycanın şərtlərini qəbul etməkdir”

A.Nərimanlı əlavə etdi ki, Köçəryanın verdiyi açıqlama hakimiyyətin tənqidinə hesablanmışdı: “O qeyd edir ki, indi yaranmış vəziyyət separatçıları Azərbaycanın qapısını döyməyə məcbur edir. Bu, həqiqətən, belədir. İndiki halda separatçılar ən azından proseslərdən sağ çıxmağa çalışırlar. Onlar anlayır ki, yeganə yol Azərbaycanın şərtlərini qəbul etməkdir.

Həm Ter-Petrosyanın, həm də Köçəryanın açıqlamalarından belə nəticəyə gəlinir ki, coğrafi reallıq Ermənistanı rəsmi Bakının gündəliyini tam qəbul etməyə məcbur edəcək. Başqa çıxış yolu yoxdur. Ermənistan tərəfi təxribatlarla postmünaqişə reallığını dəyişdirmək istəyir. Amma sərhəddə baş verən son döyüşlər göstərdi ki, istənilən belə addım Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq. Paşinyan hakimiyyəti etiraf etməsə də, bunu görür. Eks-prezidentlər isə bunu açıq şəkildə dilə gətirirlər. Bu açıqlamalar həm də Ermənistan cəmiyyətini sülhə hazırlamaq məqsədi daşıya bilər. Fikrimcə, indiki situasiyada rəsmi İrəvanın hərbi və diplomatik manevrləri nəticəsiz qalacaq. İstisna deyil ki, müəyyən təxribatlar ola bilər. Amma yekunda Ermənistan Azərbaycan və Türkiyə ilə razılaşmağa məcbur olacaq”.

Bəxtiyar Məmmədli