• cümə axşamı, 28 mart, 15:45
  • Baku Bakı 16°C

Əfsanəvi idmançılar şəhərinin yeni ulduzu - Portret

20.06.20 10:00 17458
Əfsanəvi idmançılar şəhərinin yeni ulduzu - Portret
Xanoğlan Kərimov: "O vaxt məşhur taekvondoçularla görüşüb şəkil çəkdirmək istəyəndə, düşünmürdüm ki..."
Böyük idman tədbirlərində ölkələrin ümumi göstəricisindən əlavə, bəzən onların müxtəlif miqyaslar üzrə sıralamada hansı pilləni tutması da maraq doğurur. Necə ki, bizim üçün bir qayda olaraq, keçmiş ittifaq və İslam ölkələri ilə ayrıca rəqabətin nəticəsi önəm kəsb edib. Planetin ən böyük idman yarışı olan Yay Olimpiya Oyunlarının yekunlarına əsasən, adətən, hər iki çevrə üzrə yuxarı mövqelərdə qərarlaşmışıq. Bəs, görəsən, lider olduğumuz hansısa məqam mövcuddurmu?
Bəli! Ələlxüsus, Rusiya kimi nəhəng idman ölkəsi ilə müqayisədə fərqlənmək nə qədər mürəkkəb olsa da, biz bunu bacarmışıq. Belə ki, taekvondo üzrə keçmiş Sovet respublikaları arasında ilk dünya və yeganə olimpiya "qızıl"ı Azərbaycanın aktivindədir. Üstəlik, mundiallar tarixində ən çox sayda baş mükafatı məhz bizim taekvondoçular qazanıb. Hərçənd, taekvondo ölkəmizdə uzun illərdir ən populyar idman növlərindən biri sayılsa da, dayanq ustalarımız 2004-cü ildən 2012-ci ilədək ardıcıl iştirak etdikləri olimpiadalarda medal hesabını aça bilmirdilər. Ölkə idmanının parlaq səhifəsi kimi yaddaşlara yazılan "Rio 2016”-da, nəhayət, "taekvondo tilsimi"ni də qıra bildik. Təcrübəli azarkeşlərin adını yaxşı xatırladığı veteran taekvondoçu Rəşad Əhmədovun sayəsində iki dəfə lap yaxınlığınadək gəlib, son anda həsrət qaldığımız olimpiya mükafatını, birdən-birə üç təmsilçimiz qazandı. Radik İsayevin olimpiya çempionluğu isə qeyd etdiyimiz kimi, böyük bir ilk olaraq tarixə yazıldı. Ancaq necə deyərlər, zirvəyə ucalmaq çətin, onu qoruyub saxlamaq qat-qat çətindir. Əslində, cari olimpiya dövrü taekvondoçularımız üçün pis keçmədi. Dünya çempionluqları da oldu, digər irili-xırdalı nəticələr də. Riodan sonrakı illər ərzində yığmanın titullu üzvləri ilə yanaşı, yeni nəsil taekvondoçular da istər yaş qrupları üzrə, istərsə də böyüklər arasında iddia ortaya qoyaraq, beynəlxalq miqyasda özlərini doğrultmağa çalışdılar. Dünya birinciliyinin gümüş medalçısı Xanoğlan Kərimov da belə idmançılardandır.

Ən yaddaqalan an: "0-11 geri düşsəm də..."
Bu arada, o, yarışlar vaxtı başına gələn ən maraqlı hadisəni də bizimlə bölüşdü: "Rostovda yerləşən məşhur "Qran Master" klubunun açıq birinciliyində iştirak edirdik. Elə oldu ki, avtobusumuz yolda ləngidi. Yarışın başlamasına çox az qalmış özümüzü arenaya yetirə bildik. İsinmə hərəkətləri etmədən, bir-iki dəqiqə ərzində tez-tələsik geyinib dayanqa çıxdım. Nəticədə, rusiyalı rəqiblə görüşün ilk hissəsində 0-11 geri düşsəm də, sonradan əlavə bir xal belə verməyib, onu məğlub etdim. Yekunda da yarışın qalibi oldum. Üstəlik, ən texnikalı iştirakçı seçildim. Bəhs etdiyim o rus idmançı hazırda kifayət qədər titulludur. İkiqat Rusiya çempionu, dünya mükafatçısı olub".
Portret
Onun böyüyüb boya-başa çatdığı Sumqayıt, ölkə idmanına saysız-hesabsız məşhur simalar bəxş edib. Qrossmeyster Şəhriyar Məmmədyarov, "karatenin brilyantı" Rafael Ağayev, paralimpiya əfsanəsi İlham Zəkiyevin adını çəkmək kifayətdir ki, "gənclik" şəhərinin idman əzəməti bütün gerçəkliyi ilə göz önündə canlansın. Habelə, keçmiş SSRİ ölkələri arasında taekvondo üzrə ilk dünya çempionu Niyaməddin Paşayev də elə Sumqayıtın yetirməsidir. Belə bir nəhəng siyahıya qoşulmaq çətindir, amma əlçatmaz deyil. Bu, karyerasının başlanğıcında olan, "İndiyəqədərki uğurlarım sadəcə, stimul əhəmiyyəti daşıyır" deyən qəhrəmanımızın öz əlindədir. Dürüstlük, təvazökarlıq, ruhun dönməzliyi kimi taekvondonun təməl prinsiplərini özündə daşıyan Xanoğlan, Azərbaycanın olimpiya qəhrəmanlarından biri kimi adını idman tarixinə əbədi həkk etdirə bilər.
Sahib

banner

Oxşar Xəbərlər