Ədəbiyyat insanı hara desən, aparar!
Corc Martinin silsilə fantastik romanı "Buz
və Alovun hekayəsi"-nin ("A song of ice and fire") motivləri
üzərində ekranlaşdırılmış "Taxt Oyunları" ("Game of
thrones") serialının daimi izləyiciləri dünyanı təəccübləndirməyə davam
edirlər. Güclü bir ədəbi nümunənin və ya filmin insanın duyğularına,
düşüncələrinə təsir gücü hamıya məlumdur. Lakin nəhəng bir auditoriyanı idarə
etmək, yönləndirmək, xüsusilə də, hamının öz ideyalarını izləməkdə israrlı
olduğu bir dövrdə olduqca müşkül məsələdir. Statistika isə "Taxt
oyunları"-nın bu işin öhdəsindən asanlıqla gəldiyini göstərir. Belə ki,
dünya turizm sahəsinin ən çox izləyicisi olan internet ünvanlarından
"hotels.com" olduqca maraqlı bir hesabat təqdim edib. Hesabatda
adıçəkilən filmin pərəstişkarlarının axın-axın "Taxt oyunları"-nın
ekranlaşdırıldığı yerlərə səyahət etdiyi rəqəmlərlə göstərilib.
* Filmin dördüncü fəslinin ilk 10 seriyasından
sonra Google və Hotels.com-da "İslandiya, Divarın arxası"
("İsland, Beyond the wall") başlıqlı axtarışların sayı qısa müddətdə
285% artıb.
* 120%-lik artım isə əvvəllər qul şəhəri olmuş
Meeren, indiki Xorvatiyanın Split şəhəri üçün verilən axtarışlarda müşahidə
olunub.
* Xorvatiyanın zəngin və qüdrəti dillərə dastan
olmuş Bravos şəhərinin salındığı Sibenik sahillərinə alınan istirahət
paketlərinin sayı 60% artıb.
* Filmdə yaradılmış xəyali Dorne şəhərinin
çəkilişləri İspaniyanın Sevilla şəhərində aparılıb. İlk dəfə 5-ci mövsümdə
canlandırılan bu şəhər haqqındakı axtarışlar filmin yayımlandığı gün 85%, bir
ay ərzində isə 145% faiz artıb. Sevillaya alınan istirahət paketlərində isə bu
artım 28% olub.
* 7-ci mövsümdə qısa çəkilişlər aparılmış və
hələ ki, sadəcə reklam çarxlarında görünən Belfasta alınan istirahət paketləri
isə 74% artıb.
Hamı yeni mövsümdə macəranın necə davam
edəcəyini gözləsə də, həyatına Yeddi Krallığın havasını qatmaq istəyənlər
özlərini çoxdan yollara atıb. 2011-ci ildən bəri milyonlarla insanın xəyal
dünyasını rəngləyən və sırf izləyici tələbi ilə hər il milyardlarla dollar
hesabına çəkilişləri davam edən "Taxt Oyunları" yəqin ki, müasir
dünyanın "ən güclü bəndidir”. Hotels.com-dan verilən açıqlamada İslandiya,
İspaniya, Xorvatiya və Şimali İrlandiyanın turizmindəki fantastik canlanmanın
sırf bu filmlə bağlı olduğu bildirilir. Şirkətin sözçüsü İzabella Pinson:
"Taxt Oyunları" serialın səhnələrinin çəkildiyi əfsanəvi, sehrli
məkanların axtarışlarındakı göstəricilərdə artıma səbəb olmaqla, dünya
macərapərəstlərini hərəkətə gətirdi. Hotel və turizm sektoru onları çəkiliş
ərazilərinə ən yaxın yerlərdə əfsanənin necə reallaşdığına şahid ola bilmələri
üçün şərait yaratmağa hazırıq".