• cümə axşamı, 18 aprel, 23:32
  • Baku Bakı 21°C

Ədəbi müsabiqələr necə keçirilməlidir?

06.02.17 10:45 4296
Ədəbi müsabiqələr necə keçirilməlidir?
Ədəbi aləmdə yazılan əsərlərin dəyərləndirilməsi üçün müxtəlif qurumlar tərəfindən ədəbi müsabiqələr keçirilir. Onların ətrafında yaranan narazılıqlar da öz yerində. Yazarlar ədəbi müsabiqələrin daha da genişlənməsinin və davamlılığın tərəfdarıdırlar. Ədəbi müsabiqələrin keçirilməsi, formatı ilə bağlı "Müzakirə»mizdə maraqlı fikirlər və təkliflər səsləndi.
"Bu cür yarışmalar daha çox gənclər arasında keçirilsə yaxşıdır”
Yazıçı İlqar Fəhmi hesab edir ki, ədəbi müsabiqələrin keçirilməsi üçün ilk növbədə nominasiyalar təşkil olunmalı, ayrı-ayrı janrlar üzrə müsabiqə qalibləri elan olunmalıdır: "Mən indiyə qədər müxtəlif nominasiyalar üzrə keçirilən ədəbi müsabiqələrin şahidi olmamışam. Bizdə adətən, müsabiqələr ümumi elan olunur. Bu isə düzgün deyil. Nominasiya üzrə götürüləndə münsif də hansı məqamlara diqqət etməli olduğunu bilir. Bizdə əksər hallarda "Ən yaxşı roman”, "Ən yaxşı hekayə” və ya "Ən yaxşı şeir” müsabiqələri keçirilir. Ancaq süjet xəttinə, bədii dilinə və yaxud digər təsvirlərə görə nominasiyalar da təyin edilməlidir. Məsələn, Hollivudda kinolara necə qiymət verilir? Orada filmlər müxtəlif kriteriyalar üzrə seçilir. Ədəbi müsabiqələr üzrə də belə seçim olmalıdır”. Yazıçı "Qızıl kəlmə” mükafatı üzrə müxtəlif istiqamətlərə görə nominasiyaların olduğunu qeyd etsə də, həmin müsabiqənin də ədəbi müsabiqə şərtlərinə tam cavab vermədiyini deyir: "Əli və Nino” kitab evi "Milli Kitab Mükafatı” müsabiqəsi keçirəndə mən onlara I, II və III yerlərin qalibini elan etməkdənsə «Ən yaxşı dil», «Ən yaxşı novatorluq» və s. üzrə nominasiyalar təsis etmələrini təklif etdim. Ancaq onlar yerlər üzrə ayrı-ayrı qaliblər elan etdilər. Bu cür seçim hansı kriteriyalar üzrə aparılır? Bu baxımdan ədəbiyyatı riyaziyyata çevirmək absurddur”. Yazıçı hesab edir ki, ədəbi müsabiqələrin keçirilməsi ilk növbədə ədəbiyyata gələn gənclər üçün stimul ola bilər: "Özünü artıq ədəbi mühitdə təsdiq edən, öz oxucusunu qazanan insanın mükafat alıb-almamasının onun üçün əhəmiyyəti yoxdur. Düzdür, dünyanın bir çox ölkələrində sponsorluq fəaliyyəti ilə gündəmə gəlmək istəyən və bu baxımdan müəyyən müsabiqələrin keçirilməsinə dəstək olan qurumlar da var. Əgər belə sponsorlar varsa, bu cür yarışmalar daha çox gənclər arasında keçirilsə yaxşıdır”.
"Çeşidli müsabiqələr keçirmək olar”
Yazıçı Mirmehdi Ağaoğlunin fikrincə, hazırda ölkəmizdə ədəbi müsabiqələrin təşkili demək olar ki, yox dərəcəsindədir: «Bəlkə də tək-tük, barmaqla sayılası qədər müsabiqələr var. İstərdim ki, çoxlu müsabiqələr keçirilsin: qəzetlər təşkil etsin, müxtəlif ədəbi qurumlar, institutlar keçirsin. Bunlar ədəbiyyatın inkişafına öz töhfəsini verə bilər. Bu baxımdan, ədəbi mükafatların olması çox yaxşıdır». Yazıçının fikrincə, müsabiqələrdə verilən mükafatın dəyərinin yüksək olması önəmlidir: «Təklif edərdim ki, pul mükafatı bir qədər yüksək miqdarda təyin edilsin. Belə olanda həm rəqabət güclənir, həm də həvəs artır. Yazarlar da belə müsabiqələrə qatılmağa can atırlar. Digər tərəfdən, müsabiqələrin şəffaf keçirilməsi məsələsi var. Təəssüf ki, bizdə bəzən müsabiqələrdə subyektiv maraqlar çıxış edir. Münsiflər qalibiyyəti öz tanıdıqlarına, çevrələrindəki adamlara verirlər. Ona görə də müsabiqələr ilk növbədə şəffaf keçirilməlidir ki, yazarların inamı artsın. Həmçinin, müsabiqəyə təqdim olunan əsərlərin müəlliflərinin, ekspertlərin adları gizli saxlanmalıdır ki, onlara təsir olmasın. "Ədəbi azadlıq” müsabiqəsi bir ara müsabiqələri obyektiv keçirirdi. Mən onlara inanırdım». Ədəbi müsabiqələrin davamlılığına gəlincə, M.Ağaoğlu hesab edir ki, davamlı olan fəaliyyət özünə qarşı etibarı artırır: «Tutaq ki, biz Nizami Gəncəvi adına ədəbiyyat müsabiqəsi keçiririk. Bir neçə il sonra bu müsabiqəni beynəlxalq müsabiqəyə də çevirmək olar. Ümumiyyətlə, müsabiqələrin davamlı olması ona etibarlılığı təmin edir. Ölkədə müsabiqə keçirəcək ictimai qurumlar çoxdur. O mənada ki, "Nobel” mükafatı qeyri-dövlət təşkilatlarının təsis etdiyi mükafatdır. Ancaq bu mükafatın nüfuz dairəsi o qədər böyüyüb ki, dövlətinin marağına çevrilib”. Yazıçının fikrincə, hər sahədə bu cür mükafatların olması həmin sahədə rəqabəti artıra, daha yaxşı nəticələrin əldə olunmasına kömək edər: "Çeşidli müsabiqələr keçirmək olar. Məsələn, jurnalistika, filologiya fakültələrində janrından asılı olmayaraq müsabiqələrin keçirilməsi təmin olunmalıdır. Bizdə müsabiqələrin çeşidliliyi yoxdur. Biz adətən, roman, şeir və ya hekayə müsabiqəsi keçirməyə can atırıq. Məsələn, Amerikada "Fantast hekayələr” müsabiqəsi keçirilir. Bu baxımdan, müsabiqələrin çeşidini genişləndirmək faydalı olar. Təəssüf ki, bizdə belə nümunələr yoxdur».
"Müsabiqələrin uzunömürlü olması üçün vacib resurslar gərəkdir”
Hazırda bizim ədəbi aləmdə geniş əhatə dairəsi olan hər hansı müsabiqənin olmadığını deyən yazar Qismət yalnız müəyyən saytların və ya qəzetlərin təşkil etdiyi xırda, stimullaşdırıcı müsabiqələrin olduğunu bildirir: «Hesab edirəm ki, bizdə ildə bir neçə dəfə və müxtəlif nominasiyalar üzrə keçirilməsi zəruri olan, həmçinin obyektivliyinə heç kəsin şübhəsi olmayan milli mükafata ehtiyac var. Bu, yazılan kitabların, ilboyu üzərində çalışılan romanların, şeirlərin sayını daha da çoxalda və keyfiyyətini artıra bilər. Bizdə isə müsabiqələr başlayır, əvvəlcə mükafat fondu az olmur. Sonra isə get-gedə həmin müsabiqə ətrafında qeyri-obyektivliklə bağlı müxtəlif şayiələr formalaşır. Təşkilatçılar da həvəsdən düşürlər. Bu baxımdan, obyektivlik məsələsi və həmin mükafat fondunun büdcəsinin yüksək olması məsələsi vacibdir. Bu, dünyanın hər yerində var. Ümumiyyətlə, kitabçılıq dünyası nəşriyyat sistemini dirildə bilər. Bu mənada, müsabiqələrin keçirilməsinə ehtiyac var. Hələ ki, ölkəmizdə keçirilən belə bir müsabiqəni görmürəm”. Yazar hesab edir ki, müxtəlif müsabiqələrin keçirilməsi üçün ilk növbədə onların davamlılığı, maliyyə məsələsi təmin edilməli və təşkili üçün maddi resurs olmalıdır: "Maliyyə olmalıdır ki, müsabiqə hansısa layihə kimi bir-iki il baş tutub, sonra yarıda qalmasın. Hər hansı bir layihə uzunömürlü olanda o, nüfuz da gətirir. Uzunömürlü olması üçünsə vacib resursların olması gərəkdir. Həmçinin, müsabiqə keçirilməsi üçün həmin təşkilatda obyektiv komanda yığışmalıdır. Yəni heç kəsin həmin komandanın obyektivliyinə şübhəsi olmamalıdır».
"Yazı adına hər hansı bir müsabiqə görən kimi sevinirəm”
Yazar Aysel Əlizadə daha geniş auditoriyanı əhatə edə biləcək ədəbi müsabiqələrin keçirilməsinin tərəfdarıdır: "İstərdim ki, televiziya efirini əhatə edən, daha geniş ictimaiyyət üçün nəzərdə tutulan, böyük auditoriyaya çıxışı olan müsabiqələr keçirilsin. Pop-star və ya səs yarışmaları necə böyük miqyasda keçirilirsə, o şəkildə də yazarların yarışması təşkil olunsun». A.Əlizadə deyir ki, ədəbiyyatın bir qədər küncə sıxışdırıldığı bir vaxtda hansısa bir təşkilat ədəbi müsabiqə xətrinə addım atırsa, onu alqışlamaq lazımdır: "Hardansa bir işıq ucu gələn kimi ora barmaq tıxamaq lazım deyil. Orada sözə yer verirlər. Yazı üzərində aparılan rəqabət mənə görə ən gözəl hadisədir. Ona görə də ədəbi müsabiqələrlə bağlı olan hər hansı çatışmazlıqlarla uğraşmıram. Yazı adına hər hansı bir müsabiqə görən kimi sevinirəm. Yaxşı ki, bu ənənə yaşayır. Əslində biz onlara dəstək verməliyik”. Yazarın fikrincə, müsabiqələrdə elan olunan qaliblərin daha yaxşı hədiyyələrlə mükafatlandırılması üçün sponsorlar cəlb edilməlidir. Belə ki, yazarların ədəbiyyata cəlb edilməsi üçün bu tip müsabiqələrin olması şərtdir: "Çünki yazarlar yazmağa-oxumağa ayrı stimul görmürlər. Çünki onlar ətraflarındakı yazıçıların, şairlərin həyat şəraitinə baxır, o cümlədən hansısa iş adamının və ya başqa bir ixtisas sahibinin daha yüksək maddi şəraitdə yaşadığını görürlər. Mən müasir dövrün yazarlarını nəzərdə tuturam. Müsabiqələr isə ədəbiyyata gələn gənc nəsli həvəsləndirir. Yəni yazıya araşdırmaçı gözü ilə baxan tərəflər də var”. Yazar hesab edir ki, daha yüksək səviyyədə, azad şərtlər altında və yazarlara geniş şəraitlər yaratmaqla ədəbiyyatın təbliğinə efirdə imkan yaradılmalıdır: "Ədəbiyyatın efirdə piarı yoxdur. Hansı verilişdə son illər çap olunan romanlar, şeirlər reklam olunur? Bəzən yazıçıları efirə ədəbiyyatdan kənar, qalmaqallı mövzularla bağlı danışmağa dəvət edirlər. Ədəbiyyatın efirdə həqiqi mənada yayımına geniş yer ayrılmalıdır».
"İlk növbədə yaxşı əsərlər yaranmalıdır”
Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Qızıl kəlmə» müsabiqəsinin münsiflər heyətinin üzvü olduğunu deyən tənqidçi Vaqif Yusifli həmin müsabiqə çərçivəsində təqdim olunan əsərlərə öz fikir və rəylərini bildirdiklərini qeyd edir. Belə ki, müsabiqədə nəsr, poeziya, publisistika, ədəbi tənqid, tərcümə və s. janrlarda yazılan əsərlər dəyərləndirilir: "Bu nominasiya üzrə mükafatlar müxtəlif yazarlara verilir. Bundan əlavə, AMEA-nın Ədəbiyyat İnstitutunda hər il «İlin alimi» mükafatı verilir”. Tənqidçi həmçinin, ədəbi aləmi əhatə edən və müxtəlif birliklər tərəfindən keçirilən «İlin ən yaxşı hekayəsi», «İlin ən yaxşı şeiri», «Hərbi vətənpərvərlik mövzusunda ən yaxşı yazı» və s. kimi müsabiqələrə rast gəldiyini də deyir. Tənqidçi qiymətləndirmələrdə müəyyən yanlışlıqların ola biləcəyini də istisna etmir: "Əsas məsələ obyektivlik hissini qorumaqdır. Yəni müsabiqəni təşkil edən adamlar gərək son dərəcə obyektiv olsunlar. Bəzən müsabiqələrə elə əsərlər təqdim edilir ki, həmin müsabiqənin tələb etdiyi şərtlərə cavab vermir. Ona görə də son dərəcə obyektiv olmaq lazımdır”. Tənqidçinin fikrincə, ilk növbədə yaxşı əsərlər yaranmalıdır: "Həmin əsərlər müsabiqəsiz də, mükafatsız da öz yerini tapacaq”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər