Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi - Azərbaycan bayrağı

Elə
bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində
qürur, mənliyində iftixar, heysiyyətində qürrəlik hiss etməsin. Bəlkə də
mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox,
insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu
baxımdan bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq
millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikası Konstitusiya
Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan
Respublikasının dövlət rəmzidir.
Azərbaycan
Xalq Cümhuriyyətinin qaldırdığı müstəqillik
rəmzi...
Üçrəngli
Dövlət Bayrağımız ilk dəfə Şərqdə parlamentli, demokratik respublika kimi şöhrətlənən
Azərbaycan Xalq Cümhuriyyəti zamanında qaldırılıb. Üstündə ay-ulduz nişanəsi
olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və
mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklük, qırmızı rəng
azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng İslam sivilizasiyasına məxsusluq
anlamı daşıyır. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə
qayıdan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaşıl, qırmızı və mavi rənglərdən,
ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq
Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib.
Naxçıvanda
qaldırılan və əbədiyyətə qovuşan bayraq...
Azərbaycan
Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız da endirildi. Bir də
72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən
Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi
dalğalanmağa başlayır. Düz 72 il sonra dahi lider Heydər Əliyevin uzaqgörən zəkası
və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət
Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq, məhz dövlətçiliyimizin və müstəqilliyimizin
bərpa olunması, eləcə də varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin,
ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik
fəaliyyəti həyata keçirilərək milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17
noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə
baxılmış, üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə bu bayraq rəsmi
surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Məhz dahi, uzaqgörən dövlət
xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın
milli dövlətçilik fəaliyyətinin təməlini təşkil etmiş, milli dövlət
quruculuğunun əsasında dayanmışdır.
Beləliklə, vaxtilə böyük uzaqgörənliklə
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan
tarixi qərarlar müstəqil Azərbaycanın dövlətçilik yoluna çevrilib. Üçrəngli,
ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də
Naxçıvandan başladılan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə
1991-ci il fevralın 5-də Azərbaycan SSRİ Ali Soveti Dövlət Bayrağı haqqında
Qanun qəbul edərkən, üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət
Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən
Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək,
onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.
Ən uca, ən
ali dəyər...
Dövlət
bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik,
ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə
və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz
bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın
qeyri-daimi üzvü olan, sülhməramlı tədbirlərdə iştirak edən dövlətimiz üçrəngli
bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi
yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq
yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfüqlərini özündə
təcəlla etdirir. Yüksələn, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin
təntənəsi kimi hər birimizə qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik,
birlik rəmzi kimi dalğalanır. Ulu öndərimiz demişdir: "Mən çox ölkələrə gedirəm. Hava
limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım
iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə
danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin
rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk
etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə,
xalqa, dövlətə olan məhəbbət bərabər olsun”.
Ən doğru yol,
zirvə yolu – Heydər Əliyev yolu
Ulu
öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir günəş kimi doğan, günü-gündən
inkişaf edən müstəqil Azərbaycan
Respublikasının idarəçilik yolu, siyasi kurs və dövlətçilik fəlsəfəsidir. Bu
baxımdan, ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət
rəmzlərinə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və
inkişaf etdirilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət
Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət
Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması da Dövlət Bayrağına
hörmət və ehtiramın yüksək ifadəsidir. 2010-cu ildə Bakı şəhərində Dövlət
Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət
hisslərini daha da alovlandırır. Meydandakı bayrağın eni 35, uzunluğu 70 metr,
ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Meydanda
qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi
qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq
Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə
çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət
Bayrağı Muzeyi də yaradılmışdır. Bütün bunlar isə qüdrətli dövlətin və müstəqilliyinə
hakim bir gücün təzahürü olaraq, Azərbaycan vətəndaşına iftixar gətirir. Azərbaycanın
dövlət başçısının həmin meydandakı çıxışı isə bütün azərbaycanlılarda gələcəyə
böyük inam və qələbə ümidi yaradır. Ölkəmizin başçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bu bayraq bizim milli dəyərimizdir. ...Bu Bayraq
Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə
sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Bizim bayrağımız qürur
mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər
bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən
sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda
qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada
dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq”.
Naxçıvan
Muxtar Respublikasında da Heydər Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin
təbliğ olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində
saxlanılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin
dövlətçilik təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği
də başlıca yerdə dayanır. Naxçıvan Muxtar Respublikasında Bayraq Meydanının
yaradılması istiqamətində aparılmış işlər də razılıq doğurur. Belə ki,
"Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli
Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı
Meydanı və Muzeyi yaradılmışdır.
Naxçıvan
şəhərində inşa edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin
hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə
10 metrdir. Bayraq dirəyinin pedestalının altında unikal quruluşa malik Bayraq
Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası
eyni quruluşa malik sütunlarla əhatə olunmuşdur. Bayraq Muzeyi dövlət
atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından
müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici
orqanında qəbul olunan "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri
haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur.
Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan
xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan
xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan
Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim
pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilmişdir.
Yüksəklərdə
dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və
azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin
rəmzi olan bayrağımız uğrunda canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik
yolunda fədakarlıq nümayiş etdirən Milli Qəhrəman və şəhidlərimizin şəhadəti, əməli,
niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi
bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz
Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın
müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş
torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə,
o, bu bayraq altında birləşməlidir”.
Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi
