Dünyanı çaşdıran nüfuz
Cılız, zərif, gözləri solğun, amma
baxışları canlı və itidir. Səsindəki qətiyyət və ifadələrindəki əminlik sahib
olduğu dünya şöhrətindən və sarsılmaz nüfuzdan qaynaqlanır. 1991-ci ildə Nobel
Ədəbiyyat mükafatına layiq görülmüş Cənubi Afrikadan olan bu həyat qədər mətin
qadın Nadin Qordimerdir. O, adını İsveç Akademiyasının kitabından əvvəl, öz
ölkəsinin tarixinə yazdırıb. Aparteidə (Cənubi Afrikada irqi ayrıseçkiliyin
təməllərini qoruyan sistem – red.) qarşı amansız mübarizə başladıb və meydandan
qalib ayrılıb. Yazıçı bizimlə görüşündə o mübarizə illərində gənc və dözümsüz
demokratiyanın irəliləyişini müdafiə edərkən keçdikləri dəhşəti də xatırladı.
İndi isə özünü QİÇS-lə mübarizəyə həsr edib və hər səhər günə hər yerdə bizi
dörd bir yandan əhatələmiş həqiqət haqqında yazmaqla başlayır.
Bir oğlan və bir qız danışıb, gülür.
Birdən oğlan söhbətin gedişatını qəfil dəyişir: "Bu münasibətin artıq növbəti
mərhələyə keçməli olduğunu düşünürəm”. Qız heç də həyəcanını gizləmədən oğlanın
o sehrli, başgicəlləndirən sözləri deməsini gözləyir və oğlan kəkələyir: "QİÇS
testi etdirmək istəyirsən?”. Qız sevincindən az qalsın qanadlanır və var gücü
ilə qışqırır: "Bəli, bəliiiiii, istəyirəmmmmmm”.
Cənubi Afrikaya xoş gəldiniz. Otel
otağındakı televizorda da hökumətin QİÇS əleyhinə yeni kampaniya başlatdığı ilə
bağlı sosial reklam çarxı səslənir. BMT-nin hesabatlarına görə, bu ölkənin
əhalisinin 20%-ində HİV (Human İmmunodeficiency
Virus – İnsanda İmmun çatışmazlığı Virusu-red.) testi nəticələri
müsbətdir. 1991-ci ildə irqçilik və qaradərililərin hüquqlarının alınmasını
müdafiə edən Aparteid sistemi yıxmağın öhdəsindən güclə gəlmiş bu xalqın
durmadan artan yoxsulluq (qaradərililərin 54%-i, ağdərililərin 4%-i bu kateqoriyaya
aiddir – red.) və cinayətlərlə (burada hər dörd qadından biri cinsi təcavüz
qurbanıdır – red.) yanaşı, əsas
problemlərindən biri də xəstəliklərdir. Ölkənin iqtisadi paytaxtı olan
İohannesburqda turistlərin ziyarət edə biləcəyi və bilməyəcəyi yerlər kəskin
xətlərlə ayrılıb. Nadin Qordimerin artıq hardasa 50 ildir ki, yaşadığı Parktaun
Uest ən azından günortalar "təhlükəsiz zona” hesab edilir. Amma heç kim
bağların və dar küçələrin arasında dolaşmağa, insanların həyatının
pərdəarxasını görməyə can atmır. Həmin yerlərdə gəzinirik, həyat işartısı iki
elektrik işçisindən başqa heç bir hərəkət yoxdur buralarda. Qordimerin evini
tapsaq da, zəngi tapmaq xeyli vaxt aparır. Amma yazar gəldiyimizi hiss etmişdi
deyəsən. Xadiməsi ucaltdığı parlament binaları ilə tanınmış ingilis memar
Herbert Beykerin əli işi olan ikimərtəbəli evin qapısını araladı. O zərif qadın
pəncərədən uzanıb bağırdı: "Neynirsiz? Maşını içəri salıb, bu həftə 3 maşın
oğurlanıb”.
Təbii ki, bu qadın Nadin Qordimerdir.
Enerjili, qətiyyətli, hətta bir az hökmlü olan yazar sərt rejimlə idarə etdiyi
plan-proqramlı həyatının iki gününü bizə ayırmağı qəbul etdi. Bağçadakı iri it
Tilla ilə tanış edərkən bizə lütf göstərdiyini də xatırlatdı: "Hər gün səhərlər
oyandıqdan sonra dörd saat durmadan yazıram. Və bu müddətdə nəinki kiminləsə
danışmaq, telefon açmır, qapıya baxmır, səslənişləri cavablamıram. Yazıramsa,
ikinci ünsiyyəti tamamilə kəsirəm”.
Səhərisi Aperteidin mərkəzinə səfər
edirik: "2004-cü ildə tikilən Anayasa Məhkəməsinə gedirik indi. Boer
hökumətinin həbsxana kimi istifadə etdiyi bina idi əvvəllər. İrqçi rejimin
hakimiyyəti illərində həbs, cinayət,
təcavüz və işgəncə binası olub. Nelson Mandela həyatının 27 ilini
burada, bu çoxlarının həyatını zindana çevirmiş bu binada, dəmir barmaqlıqlar
arxasında keçirib. Əminliklə deyə bilərəm ki, başqa bir ölkədə bizdəki kimi
çevriliş olsa, bu binanı yerlə-yeksan edər, daşına kimi kül edib, sovurardılar.
Amma biz onu bir xalqın tarixi boyunca sahib ola biləcəyi qanuni quruma, milli
qürur və sərvətimizin, fərdi hüquq və mülkiyyətimizin ədalətlə müdafiə
olunacağı bir məkana çevirməyə qərar verdik”.
Afrika ənənələrində ədalət bir müqəddəs
və qocaman ağacın altında qəbilə ağsaqqalı tərəfindən bərqərar edilirdi. Məhz
buna görə də binanın simvolu bir ağac və bina şəklidir. Yekun qərarların
oxunduğu yerlər taxta hörgülərlə örtülüb: "İnsanların burada ədalətin təmin
olunacağına inanmaları üçün qədim adətlərlə müasir qanunları birləşdirməli
olduq. Binanın böyük bir hissəsini bərpa etsək də, şüurlu və məqsədli şəkildə
əvvəllər həbsxana olduğunu unutdurmayacaq detallara toxunmadıq. Məsələn, bu
divarda insanları güllələyirdilər. Mərmi izlərini görürsünüz? Məsələn, burada
hamısını soyundurur və təzyiqli suyun qabağına verirdilər. Burada dırnaqlarını
çıxarırdılar.”.
Litvalı yəhudi əsilli saatsaz ata ilə
ingilis əsilli bir ananın övladı olan Nadin bu zülmə, QİÇS sərsəmliyinə, yerli
əhalinin intim həyat anlayışlarına üsyan bayrağı qaldırmış azsaylı
insanlardandır. Onun demək olar ki, bütün əsərlərində bəşəri problemlərə münasibətini,
xüsusilə də, irqçiliyin insan psixologiyasına təsiri məsələsi haqqında
fikirlərini aydın görmək olur. Hələ buranı ziyarət etməzdən öncə evinin geniş
koridorunda ona bir sual vermişdim: "İlk dəfə nə zaman şüurlu şəkildə dərk
etdiniz ədalətsiz bir dünyada yaşayırsınız?”.
"Mən dünyanın ədalətsiz olduğunu
1923-cü ildə doğulduğum o balaca şəhərdə, Sprinqsdə anladım. 1944-cü ildə
Aperteidin bərqərar olması ilə irqçilik rəsmiləşdi, möhkəmləndi, ədalətin
qələmini əlinə aldı. Qaradərililər kəskin sərhədlərlə ayrılmış ərazilərə sürgün
edildilər. Mən yalnız ağdərililərin qəbul edildiyi rahibə məktəbinə, günortadan
sonra sadəcə ağdərililərin içəri girə bildiyi kinozala gedirdim. Sadəcə
həmirqlərimin istifadə etdiyi kitabxananın üzvü idim. Yəni, bir sözlə,
qaradərili olsam, yazar ola bilməzdim. Çünki yazar olmağın bircə yolu var –
oxumaq. Oxumursunuzsa, heç kim sizə yazmağı öyrədə bilməz. Hər gün evdən
məktəbə piyada gedir və sahibkarın sadəcə qaradərililəri işlətdiyi qızıl
mədəninin önündən keçirdim. Bəzən onları heyvan qəfəslərinə salır, problem
yaradanları zəncirləyirdilər. Mən evə qayıdanda onlar da işdən çıxırdılar.
Mağazalara girib, nəsə almaq istəyirdilər. Amma olmazdı. Onların içəri
girməsini əngəlləyən barrikadalar var idi. Almaq istədikləri şeyləri çöldən
barmaqları ilə göstərir və yalnız qızıl əvəzində nəsə ala bilirdilər. Onda 11
yaşım vardı. Biz anamla o mağazalara sərbəst girir, hər şeyi geyinib baxır,
qərar verməkçün evə belə gətirirdik. Bu mənzərələri təhlil etməyə başlamışdım.
15 yaşımda ilk hekayəmi yazdım. Elə beynimdəki bu sualların müşayiəti ilə.
Nasizm 1945-ci ildə kökləri ilə birgə kül olmuşdu, amma burada vəziyyət daha da
pisləşmişdi. Hamının yataq otağına qədər uzanmışdı. Qaralarla ağların hansısa
münasibəti qətiyyən qəbul edilmirdi. Bu, bir əxlaq pozğunluğuydu”.
Bu böyük ev olduqca səssizdir: "Bir
zamanlar uşaqlarım və həyat yoldaşımla birgə yaşayırdım. Uşaqlar böyüdü,
dünyanın dörd bir tərəfinə dağılışdılar. Həyat yoldaşımı isə dörd bil bundan
əvvəl itirdim. Artıq nəticə sahibiyəm. Tez-tez gənc dostlar, yəni 30-40 yaş
arası mənim üçün gəncdir, ziyarətə, məsləhətə gəlirlər. demək olar ki, hamısı
aktyor, dizayner, yazardır... Kitablarımla bağlı şərhlərini dinləməkdən böyük
zövq alıram. Çünki özümə çox bənzəyirlər, heç biri bu ölkənin bütün
qadağalarına məhəl qoymadan incəsənətə olan maraqlarını itirməyiblər. Cavan
olanda mənim də marağımı həmişə yaşlılarla həmsöhbət olmaq çəkərdi. İndiki
halımı isə görürsünüz”.
Romanlarının əksəriyyətində fərqli
irqlərdən olanlar bir-birlərinə vurulur. Bu səbəblə də eşqin sonrakı
mərhələsində daxili-mənəvi məsələlərlə əlləşirlər. Əsərlərin birində gənc
ağdərili qadın evinə gələn qaradərili ustaya vurulur və bu məhəbbətin yol
açdığı qeyri-qanuni miqrasiya mövzusu yaranır: "Ətrafımızda yeyən, içən,
yaşayan, sevən, uşaq dünyaya gətirən insanlar var, amma illeqaldırlar. Bu
iqtisadiyyatın və ədəbiyyatın çox uzağında özü üçün böyüyən ziddiyyətdir. Nüvə
enerjisi kimidir bu insanlar. Nə qədər ehtiyatla davranırsan davran, nə qədər
uzaq durursan dur, hər zaman təhlükə var”.
Görüşümüzdən iki həftə sonra naməlum
şəxslər Qordimerin evinə hücum edib. Yazarın əlini və ağzını bağlayıb, evini
soyublar. Qordimerin polisə müraciətindən sonra yazı maşını dərhal yerinə
qaytarılıb.
Xavi Ayen
Tərcümə etdi: Elcan SALMANQIZI