• cümə, 29 Mart, 13:35
  • Baku Bakı 14°C

“Dünyada tətbiq olunan bütün peyvəndlərin bir məqsədi var”

08.05.21 10:30 1372
“Dünyada tətbiq olunan bütün peyvəndlərin bir məqsədi var”
Professor Nuran Abdullayev: "Peyvəndlərin hamısının qoruyuculuğu mahiyyət olaraq eynidir”
Azərbaycanda əhalinin koronavirusa qarşı vaksinasiyasıdavam edir. Bu proses yanvar ayında Çinin"Sinovac”şirkətinin peyvəndi ilə başladı. Ölkədə indiyədək 1 milyon 500 mindən çox vaksin dozası vurulub.
2021-ci ilin may ayından etibarən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət "AstraZeneca”) də istifadə edə biləcəklər. Bu peyvəndBakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq. COVAX platforması çərçivəsində ölkəmizə gətirilən 84 min doza "Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir. Qeyd edək ki, "AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan "Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edib.
Həmçinin ölkəmizdə Rusiyada istehsal olunan "Sputnik V” vaksinin tətbiq edilməsi nəzərdə tutulub.
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib ki,vaksinasiya prosesi ölkə başçısının tapşırıqlarına uyğun şəkildə aparılır: "Vaksin istehsalçısı ölkələrlə danışıqlar aparılır və müxtəlif vaksinlərin ölkəmizə gətirilməsi təmin ediləcək. İlk olaraq "Coronavac” vaksini gətirildi və tətbiq edildi. Son günlərdə "Sputnik V” vaksini gətirilib və onların da tətbiqinə başlanır. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir”.
Lakin vaksinlərin müxtəlifliyi insanları narahat edir. Kimisi "Sinovac”a inanır, kimisə ümumiyyətlə Çin istehsalı vaksindən qorxur. "Sputnik”, "AstraZeneca” haqqında da el arasında müxtəlif şayiələr dolaşır. Hansının daha təsirli yaxud əksinə zərərli olması haqqında müzakirələr gedir və nəticədə insanlar şayiələr səbəbindən vaksinasiya olmağa çəkinirlər. Peyvəndlə bağlı dünya mətbuatında da birmənalı yazılar getmədiyi üçün insanlarda narahatlıq var.
Ümumiyyətlə, peyvəndlərin keyfiyyətində ciddi fərq varmı? İnsanların narahatlığı nə qədər əsaslıdır?
Avropa Sağlamlıq Sistemlərinin Araşdırması üzrə professor Martin McKee deyir ki, peyvənd olunmaq koronavirusa bir daha yoluxmamaq demək deyil. Peyvənd özünüzü və yaxınlarınızı COVİD-19-un ağır gedişatından qorumağın ən etibarlı yoludur: "Koronavirusun yayılma dinamikasını nəzərə alaraq, gec-tez hamı infeksiyanı tutacaq, buna görə bədəninizi əvvəlcədən hazırlamaq və özünüzü immunitetlə təmin etmək daha yaxşıdır. Bundan əlavə, koronavirusun xroniki xəstəliyi olan insanlar üçün xüsusilə təhlükəli olduğu bilinir, həmin insanlarda autoimmun reaksiya yarana bilər. Yəni orqanimzin öz hüceyrlələrinə qarşı tolerantlığı pozulur, virus əvəzinə, öz sağlam hüceyrələrinə hücum etməyə başlayır,əlavə xəstəliklərin daha da aktivləşməsi riskini yüksəldir.Bu səbəbdən, ağciyər və ya bronxlar, ürək-damar xəstəlikləri və şəkərli diabet problemi olanların ən qısa müddətdə vaksinasiyadan keçməsi xüsusilə tövsiyə olunur. Siz peyvəndə gör xəstələnə bilməzsiniz. Peyvənd növündən asılı olaraq ya təsirsiz hala gətirilmiş bir virusu (ən ənənəvi peyvənd texnologiyası), ya genetik kodunun bir hissəsini (vektor peyvəndləri), ya da süni şəkildə yaradılmış zülalları (peptid) ehtiva edir”.
Mütəxəssislər vurğulayır ki, vaksinlər hüceyrələrə təsir edə və infeksiyanın inkişafına səbəb ola bilmirlər. Vaksinasiya nəticəsində xəstələndiyini iddia edən insanlar peyvənd vurulması nəticəsində deyil, peyvəndləmə prosesi zamanı yolda, nəqliyyatda, inyeksiya növbəsində və s. yoluxmuş ola bilərlər.
Unutmamalıyıq ki, COVİD-19 xəstəsi olan sağlam insanlar belə, virusu daşıyıb yaya bilərlər. Bu səbəbdən vaksinasiyadan sonra da insanlar qoruyucu tədbirlərəxüsusən, də maska ​​taxmağa və sosial məsafəni qorumağa davam etməlidirlər.
Əks göstərişlər hansılardır?
Həkim Arzu Məmmədova deyir ki, hər hansı digər dərman pereparatı kimi, koronavirus peyvəndləri də zərər verə biləcəyi əks göstərişlər siyahısına malikdir: "Hər bir peyvəndin fərqli bir siyahısı var, lakin heç biri yetkinlik yaşına çatmayanlar üçün (Pfizer 16 yaşdan yuxarı yeniyetmələrə enjekte edilə bilər), hamilə və süd verən qadınlar və ya şiddətli allergik reaksiyaya meyilli insanlar üçün nəzərdə tutulmayıb.Bundan əlavə, müəyyən bir peyvəndin komponentlərinə fərdi dözümsüzlük mümkündür, lakin bu, olduqca nadirdir. Belə hallarda sizə başqa bir dərman məsləhət veriləcəkdir”.
Hansı peyvəndi seçməlisiniz?
Müxtəlif ölkələrdən olan müstəqil mütəxəssislər yekdilliklə bu gün ən yaxşı peyvəndin şəxsən sizin üçün mövcud olan peyvənd olduğunu iddia edirlər. Yəni bölgənizdə istifadəsi üçün rəsmi olaraq təsdiqlənmiş və hələ də mövcud olan bu vaksinlərdən hər hansı birini istifadə edə bilərsiniz.Bu ümumi qaydanın yalnız bir istisnası var. Xüsusi bir peyvəndə əks göstərişiniz varsa, başqa bir təhlükəsiz dərmanla peyvənd olunmaq və ya onun əlçatan olunmasına qədər gözləmək olar. Həmçinin, mütəxəssislər vurğulayır ki, peyvəndlə əlaqəli hər hansı bir məsələyə şübhə edirsinizsə, öz fikrinizə və ya qohumlarınız, dostlarınız və tanışlarınızdan-aldığınız tövsiyələrə etibar etməyin, yalnız həkimlərdən məsləhət alın.Virusun yeni mutasiyalarına gəldikdə, gələcəkdə mövcud peyvəndlərin effektivliyini qismən və ya tamamilə itirməsi mümkündür, lakin hazırda qeydiyyatdan keçmiş bütün dərmanlar virusa qarşı təsirli bir qorunma təmin edir.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirir ki, insanların peyvəndlərlə bağlı narahatlığına əsas yoxdur: "Elmə əsaslanmadan mediada gedən səhv məlumatlar doğru deyil və bu narahatlıqların da heç bir əsası yoxdur. Ümumiyyətlə, bu narahatlıqlar onu göstərir ki, insanlarımız peyvəndlərin məqsədini başa düşməyiblər. Elmi əsas ondan ibarətdir ki, bu gün bütün dünyada tətbiq olunan peyvəndlərin məqsədi birdir. Məqsəd COVİD-19-la bağlı ağır kliniki gedişatlardan qorumaq və ölüm saylarını da buna görə azaltmaqdır. Bu gün dünyada tətbiq edilən bütün peyvəndlər tam olaraq bu məqsədlərini qoruyur və yüksək effektivlik göstərir. İnsanlar peyvəndlənmənin məqsədinin bir olduğunu dərk etdikdən sonra anlayacaqlar ki, onları müqayisə etmək düzgün deyil”.
Həkim vurğulayır ki, peyvəndlərin bütün növləri ağır kliniki gedişatlardan yüksək effektivliyinə görə qoruyur: "Bu peyvəndlərin hamısının qoruyuculuğu çox cüzi olaraq fərqlənir, amma mahiyyət olaraq eynidir. Amma bu o demək deyil ki, kimsə peyvəndi vurdurubsa, virusa yoluxmayacaq. Belə düşünən insanlar olduqda,peyvəndlənən hansısa insanın yoluxduğunu gördükdə təbii ki, peyvəndlə bağlı inamsızlıq yaranacaq və bunu ətrafında təbliğ edəcək. İnsanlar əvvəlcə peyvəndin mahiyyətini başa düşməlidirlər. Peyvənd vurdurmaq o demək deyil ki, ömrün
boyunca virusa yoluxmayacaqsan. Məqsəd vaksinasiyadan sonra virusa yoluxma olarsa, həmin xəstənin xəstəliyi yüngül keçirməsidir”.
Məlumat üçün bildirək ki, mayın 10-dan etibarən isə 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər