Dünyada ən gözəl başdaşı sözdür - Fotolar
Axtardığı Xızırın İçdəki hüzur olduğunu
bilməyən varmı? Kimi SÖZdə, kimi ÖZdə bulur Xızırı. Məqsəd nədir?! Ömrün 60-cı
baharından oxucusuna boylanan bir divanə şairin ürək çırpıntıları arxasınca
şeirbəşeir getmək, misrasında əriyib yox olmaq, sətirbaşında yenidən
dirilmək...
Əsli əslinə, nəsli nəslinə deyib dədələr. Bu
torpağın yetirdiyi söz adamlarının yaratdıqları qarşısında səcdədə durmamaq
imandan deyil. Əlim qələm, dilim də söz tutandan gözüm sözə qulluq eləyəni
axtarıb, tapıb, yenidən sözə töküb. Gücü nəyə çatıbsa... Bu dəfə də yolum o
yanadı. Yol yoldaşım, müsahibim Rüstəm Behrudidi. Qəliblərdən qaçıb, dəmir
sətirlərdən hasar hörən adam... Hər şeyi var, bircə özündən çıxıb getməyə yeri
yoxdur. Elə mənə də dedi ki:
– Sabah
kəndə gedirəm.
– Niyə?
Yubiley ərəfəsində kəndinizi ziyarətin səbəbi nədir?
– Bu il mənim yubileyimdir. 1957-ci ildə dünyaya
gəlmişəm, 60 yaşım tamam olur. Buradakı o təntənəli tədbirlərdən rahatsız
olduğuma görə gedirəm, əslində. Ən yaxın dostlarım, doğmalarım, qardaşlarım,
bir də uzun illər dostluq elədiyim adamlar, hansı ki, onlar məni çox istəyir,
budəfəki ad günümü məhz onlarla və kənddə qeyd edəcəyəm.
– İstəyi nəylə ölçürsünüz? Nə bilirsiniz ki, o
adamlar sizi çox istəyir?
– Çünki biz o
adamlarla bir ömür boyu yol gəlmişik, heç vaxt onlardan xəyanət görməmişəm,
həmişə mənim yanımda olublar. O sevgi, həm də, onların mənim yazdıqlarıma
münasibətindən dolayıdır. Mənimlə kəndə gedəcək adamlar məni başa düşən,
şeirlərimi əzbər bilən dörd, ya beş nəfərdir.
– Kənddədilər, yoxsa
oraya gələcəklər?
– Gələcəklər.
– Yovşan qoxusu olacaqmı orda? "Son məktub”
yazılacaqmı?
– Olmazmı? Qardaşım Rafiq söz verib ki, masaları
düz o yovşanların yanında quracaq. Şeirimdə bəhs elədiyim o yovşan qoxusu o
məclisə vuracaq. Yubiley həm də ona görə lazımdır ki, o məclisdə uzun illərdir
keçib-gəldiyim ömür yolum xatırlanacaq. Gələcək haqqında nə varsa, o mənlikdi,
sadəcə xatirələr danışılacaq orda.
– Rüstəm bəy, altmış ilin ən böyük təbrikini nə
vaxt almısınız?
– İki gün bundan əvvəl həyatımın gözəl günlərindən
birini yaşadıq. Xanımım və mən qızım Yağmurun 35 yaşında rəhmətə gedən əmisinə
yazdığı məktubu dinlədik. Dönə-dönə oxudu və səsli mesaj olaraq bütün ailəyə
göndərdi. Qəribə burasındadır ki, Yağmur əmisini həyatda heç görməyib.
Rəhmətlik qardaşım qeyri-adi adam idi,
hamının işinə yarayan, ədəbiyyatı ürəkdən sevən, bir sözlə, bütün ruhu ilə
yaşamağa çalışan, həyatı canatmadan ibarət olan biriydi. Yağmur həyatda
görmədiyi bax o adama mənim sözlərimdən tutaraq məktub yazmışdı. Bu 60 ildə
məni kədərləndirən, hüzünləndirən və eyni zamanda sevindirən hətta ağlamağa
vadar eləyən o yazı oldu. 60 ildə təbii ki, dünyada gəzmədiyim yer qalmayıb,
dünyanın çox yerini görmüşəm. Mənim xoşbəxtliyim odur ki, başqalarından fərqli
olaraq, düşündüklərimi yaza bilirəm. Həyatımda bu uzun illərdə nə vardısa
hamısını yaza bildim. Bu, mənim xoşbəxtliyimdir, əslində.
– Ürəyinizdəki tikan çıxdımı?
– O təbii ki, öləndə çıxacaq. Ağrı olmasa yaşaya
bilməzsən, o səni mütləq ağrıtmalıdır.
–Niyə dalaşırsınız?!
– Dalaşıb eləmirəm, bu, mənim həyat tərzimdir.
Dalaşmaq təkcə adamlarla, dünyayla olmur ki... Ən böyük savaş insanın özü ilə
olandır, mən o savaşı aparıram. Şairlər oturub nağıl danışırlar, ilham pərisi
haqda, mənsə həmişə deyirəm ki, ilham pərisi-zad boş şeydir, nə varsa insanın
içindədir. O ilahi şeylərin hamısını ya özün oyandırmalısan, ya da kənardan
kimsə oyandırmalıdır. Məsələn, mənim içimdə olan bir şeyləri Dünya xanım
oyandırıbsa, bu o demək deyil ki, o duyğular göydən gəlib, xeyr, içimdə vardı,
oyandı. Bu mənada sənin dediyin savaş mənim özümlə olandır və bunun heç kimə
dəxli yoxdur. Bütün savaşların sonu sülhlə bitir. İnsanın özü ilə olandan başqa.
O ölümlə bitir, orda da barışıq olmur. Bilirsənmi, yalnızlıq, ölüm, əbədiyyət,
hamısı insanın içindədir və sən əslində elə onlarla savaşırsan. Bu, həm də
onları anlamaq istəyidir.
– İnsan niyə yalnızlığını heç kimə qıymır?
– Yalnız olmaqla təkbaşına olmaq fərqlidir. Yalnız
adam yalnızlıqdan şikayətlənir. Hardasa özünə ortaq axtarır. Mən təkbaşına
adamam, əslində. Yalnızlığı ovutmaq mümkündür, təkbaşınalığı ovutmaq mümkün
deyil.
– Rüstəm müəllim, sözdən adama başdaşı olurmu?
– Mənim bir şeirim var, yazmışam ki:
dünyadan çıxıb
getməyim,
dərdin daşına
qalacaq,
bu dünya bir nağıldı,
dünya nağıl qoşana
qalacaq.
Dünyada ən gözəl başdaşı sözdür. Hətta səs belə
əbədi deyil. Dünyanın ən böyük müğənnilərinin səsləri belə ölüb gedir. Başdaşı
məzarın özündən həmişə böyük olur. Görünən olur. O mənada şairə sözdən məzar
olmaz, ancaq başdaşı ola bilər. Əslində, o başdaşından nə görsənirsə şair odu
elə.(Şairin Dünyasını sözə tutmağa çalışıram. Sözə
gec başlasa da, kəlmələri Rüstəm Behrudini yaxşı tanıdığından xəbər verir.)
– Ay Dünya xanım, Rüstəm müəllim nə cür adamdır?
– Onu daha çox dar ağacına salam verən,
üsyankar, dünyaya meydan oxuyan adam kimi tanıyırlar, amma əsl Rüstəm, mənim
qəbul elədiyim Rüstəm... elə o məzarlıqda bitən yovşandır. Nigar, mənim hərdən
Rüstəmə elə yazığım gəlir ki... Rüstəminki təkcə istedad məsələsi deyil, o,
mənə görə ikinci dərəcəlidir, onun özü elə Allahın bir möcüzəsidir. Şeirini,
sözlərini çözmək olar, amma özünü çözmək çətin məsələdir. Bu ruhla bu dünyaya
gəlməyin özü üsyandır. İstedadlı, qəribə, fərqli adamdır, bunların hamısı bir
yana, əslində o məzarlıqda bitən yovşanın insan kimi doğulan formasıdır. Bu o
qədər böyük dərddir ki... Hərdən olur, bu adam büsbütün yovşan olur. Və mənə
elə gəlir ki, Rüstəmin bu dünyada
getməyə yeri, üsyan eləməyə heç nəyi yoxdur, son məqamdır. Rüstəmi bəlkə də
bütün bəşəriyyətdən fərqləndirən nədir, bilirsənmi? Rüstəm qayıdıb özü öz
qapısını açır. Tənhalıq elə budur. Böyük mənada təklik elə budur. Rüstəm öz
qapısını açan adamdır. Hərdən olur ki, söz də onun köməyinə gəlmir. Rüstəmin o
qayıdışı olmasa, yaşaya bilməz. O,
ruhunun qapısını döyür və təkrar həyata qayıdır.
Rüstəm Behrudi:
– Döyməyə bir qapı,
Açmağa bir ev
tapmadım,
Özüm öz qapımı açdım,
ilahi.
Dünya xanım:
– Ağlım kəsəndən bəri mən Rüstəm kimi, ata, qardaş,
Rüstəm kimi bir adam görmədim. Bu adam Tanrının verdiyi ömrü həmişə xərcləməyə
sərf edib. Hamını razı salıb, həmişə də nigaran qalıb. O istəyib ki, insanlar
hüzurlu olsun və onu tək qoysunlar. Təkliyi ilə baş-başa. Nigar, Rüstəm olmasa dünya
maraqsız olar. Mən bir nöqtədə dayanıb qalar və donaram (ağlayır).
– Rüstəm müəllim, sizin üçün bir qadın ağlayır...
– Hər kişinin həyatında elə qadın olmur. Sirli bir
məqamdır, bir qadının sənin üçün ağlamağı.
– Dünya sizin üçün nədir?!
- Mən istəyirəm bu sualın cavabını oxucularım Dünya
xanıma yazdığım "Rüzgar kimisən” şeirindən alsınlar. O misralar bizim
münasibətləri ən gözəl şəkildə ifadə edir.(Söhbətimiz getdikcə şaxələnir və İslam dininə
gəlib çıxır. Behrudinin məni bağışlayacağını bildiyim üçün onun din haqındakı
düşüncələrini yarıda kəsirəm. Bir neçə məqamdan başqa).
– Quran mənim stolüstü kitabımdır. Mən onu hər gün
oxuyuram.
– Mənə elə gəlir ki, bu davanın altında Məhəmməd
Peyğəmbərə çox dəhşətli bir sevgi yatır.
Dünya xanım şairin
sirrini açır:
– Mən sizə bir şey deyim. Rüstəm hər gün evdən
çıxanda "Bismillahir Rəhmanir Rəhim” deyən adamdır.
Rüstəm Behrudi isə razılaşmır və gülür:
– Xanım mənə şər atır. Əslinə qalsa bir şəxsiyyət,
bir insan olaraq Məhəmməd peyğəmbər, doğrudan da, böyükdür. Quranda o qədər
gözəl ədəbiyyat nümunələri var ki. Məsələn, "and olsun gecənin gündüzlə
görüşdüyü ana, and olsun atların nallarından qopan toz dumana, and olsun dönüb
sönən səyyarələrə...” Necə ilahi və gözəl səslənir. Məhəmməd Peyğəmbər Quran
ona nazil olmamışdan əvvəl də yaşadığı şəhərdə haqq və ədalətin üstünlüyünə
çalışan adam idi.
– Bir şairə, qələm adamına sözünə görə hörmət
qoymaq lazımdırmı? Əgər onun ədəbi və
şəxsi yönləri üst-üstə düşmürsə
oxucu nə etməldir?
– İnsan həyat tərzi ilə böyük adam olmalıdır. Bu
mənada Cavid böyükdür, Mirzə Cəlil böyükdür, Əhməd Cavad böyükdür. Onlar nə cür
düşünüblərsə, o cür də yaşayıblar. Əlbəttə, o cür adamlara hörmət etmək
lazımdır. İstisnalar da var. Həyat tərzi oxucunun qəbul etmədiyi formada olan
istedadlı adamlar da ola bilər.Sözü əməli ilə üst-üstə düşməyən çox böyük şairlər
tanıyıram. Böyük mənada ədəbiyyatın iki ilahi başlanğıcı var. Bir Tanrıdan
gələn, bir də şeytandan gələn. İkisi də böyükdür.
– Sizdə hansıdır?
– Məndə ikisi də var. Məni həmişə şeytan üçün əfv
duaları oxumaqda günahlandırırlar. Allah mələkləri ilə söhbət edəndə, hətta
Adəm və Həvvaya nəsihətlər verəndə şeytan kənardan bunları eşidirdi. Və elə
buna görə də şeytanın özündə də bir ilahi başlanğıc var. Sözü ilə əməli
tutmayan şairlər bu qəbildəndir. Mən onları da qəbul edirəm. Çünki zaman keçir
onların yaşadıqları həyat unudulur, amma əsərləri qalır. Məsələn, çox sevdiyim
Bayron, mən həmişə ona oxşamaq istəmişəm. Bayron dünya ədəbiyyatına sanki bir
rüzgar kimi gəldi, nə istədi, elədi, amma o Bayrondur. Bu mənada ədəbiyyatın
iki ilahi başlanğıcı var. Amma Tanrıdan gələn daha gözəldir.
– Amma eyni zamanda insanları yönəldən bir meyardır.
– Mən dünya ədəbiyyatından elə şeirlər bilirəm ki,
o heç kimi heç yerə yönləndirmir, heç kimi heç nəyə çağırmır, amma o qədər
gözəldir ki, adamı ovsunlayır. Məsələn, Artur Rembo. O, sadəcə, şeirlər yazdı.
Böyük millətlər həmişə bunu yaşayıb. Roma və italyanlar imperiya olaraq yer
üzündən siliniblər, amma yenidən dövlət qurublar. İtaliya. Siz bu məqamlara
tamaşaçı kimi baxırsınız. Bir də var o axının içində olmaq. 20 il bundan əvvəl
Kürşadı, Meteni, Oğuzu beş on adam tanıyırdısa, indi Azərbaycanın yarıdan çoxu
onları bilir. Əgər dünyanın çox yerindən Rüstəm Behrudinin məhz Türkün şairi
olduğu üçün əlini öpməyə gələnlər varsa, deməli, bu millətin taleyindən
bədgüman olmaq lazım deyil. Biz hələ yeni başlayırıq.
– Bəs onda niyə
deyirsiniz ki, şair xalqı arxasınca aparmağa borclu deyil?
– Ona görə
deyirəm ki, mənim yaradıcılığım təkcə çağırışdan ibarət deyil. Minşaxəlidir.
Mən bir şair olaraq həm də bu missiyanı daşıyıram.
Dünya xanım:
– Əslində, Nigar, o dar ağacına qədər insanları yovşandan
keçirmək lazımdır. O yovşanı anlayan adam mütləq dar ağacına salam verəcək.
Behrudi:
– Mənim haqqım
var özümü belə çağırım, bir şair, düşüncə, fikir adamı kimi bir missiyam da
milləti tərbiyələndirməkdir, o da şeirlə mümkündür. Ancaq böyük mənada
ədəbiyyat həm də tərbiyə vasitəsi deyil. Bax o "məzarlıqda bitən yovşan”
silsiləsindən yüzlərlə şeirim var ki, əhval-ruhiyyə şeirləridir, gələcəyə
hesablanıb.
– Razı deyiləm
sizinlə. Şeir, ədəbiyyat, mədəniyyət milləti bataqlıqda çıxarmağı bacara bilən
tək qüvvədir.
– Olsun, sən elə
düşün. Mən şeiri həm də bir insanın hüzuru kimi başa düşürəm.
- İlk şeirinizi nə
vaxt yazmısınız?
Mənim çap olunan
ilk şeirim "Sapand daşı” adlanır.
İstəyirəm daş olum,
Üzərimdə yazı olsun.
Düşmənlərə atılacaq,
Sapand daşı.
Üzərində yazı olsun,
Azərbaycan vətəndaşı.
Dünya xanım
mənim yadıma yenə Nazimi saldı. Deyir:
Gecə gələn teleqraf,
dörd hecadan ibarətdir.
Vəfat etdi...
Sən göz yaşlarını göstərmədən ağlayacaqsan,
gecə gələn teleqraflara...
Çox gözəldir,
hə?! Bax mənim bütüm həyatım bu dörd misradadır. Ömrümün 60 ili bu misralara
sığıb. Mən bu misraların içindəki adamam, əslində...
– Hər şey bitdimi ki?
– Yox, hələ yeni
başlayır. Mənim yarımçıq kitablarım var, məsələn, "Ötükəndən gələn qonaq”. Vaxt
lazımdır ki, oturub onu işləyim, möhtəşəm bir əsər olacaq.
– Deyirsiniz ki,
"Sevməyə dəli qalmadı”. Qalmadımı?
– (gülür) Var, niyə yoxdur. Əgər dəlilər
yoxdursa, deməli, dünyanın axırıdır. Mən həmişə düşünmüşəm ki, bütün dəlilər
ağıllılardan həmişə haqlıdırlar. Çünki onlar dəlidirlər, fərqi yoxdur kimin,
nəyin divanəsi.
Səndən mənə o səs baxdı,
Ağıllıdan dəli haxdı,
Olsa da bir fərqi yoxdu,
Kimin, nəyin divanəsi.
– Rüstəm Behrudi
nəyin divanəsidir?
– Xanım mənim
həyat tərzimi anlatdı. Ona təşəkkür edirəm, məni başa düşür. Bir qadının bir
kişini bu cür anlamağı o kişinin xoşbəxtliyidir.
– Ona deyəcəyiniz
nələr var?
– Mən Tanrıdan
bir az ömür istəyirəm. İki eyni cür adamın gəlib bu Yer üzündə bir-birini
tapmağı möcüzədir. Tanrıdan ömür istəyirəm ki, o ömrü yaşayaq. Biz dalaşa da,
küsə də bilərik, amma əsas odur, şeirimdə dediyim kimi Yer üzü adlı görüş
yerində bir-birimizi tapırıq.
– Ananıza sözünüz
nədir?
– Mən ona əlimlə
qoyub gəldiyim və qayıdıb yenidən toxuna bildiyim bir şey kimi baxıram.
Əslində, ad günümü həm də anama görə kənddə keçirmək istəyirəm. Bir dəfə məndən
incimişdi, yazmışdım ki, mənim kimi şairin qardaşı, atası, anası, bacısı olmur.
Və mən bunun nə olduğunu izah eləyəndən sonra oturub ağladı. Ona sözüm, sağ ol
ki, varsan və çalış var olasan. Sən nə qədər varsansa mənim yazdığım şeirlər
tamam başqa cür səslənəcək. O olmayanda mənim kəndə gedən yolum da itəcək.
– Əvvəlki
müsahibələrinizdən fərqli olaraq bu söhbətimizdə kədərli notlar daha çox oldu.
Qocalırsınızmı, şair?
Sualımı Dünya xanım
cavablandırır:
– Nigar, mən bu yaxınlarda bir məclisdə oldum.
Təbəqələrə bölünən insanlar arasında özümü tək və tənha hiss edirdim. Bir
müddət sonra Rüstəm gəldi və gördüm ki, o soyuq adamlar isti əllərlə Rüstəmin
əlini sıxdılar, onunla həyəcanla, sevgiylə görüşdülər, bir az sonra həmin
həyəcanla mən məclisə gələn Ramiz Rövşənlə görüşdüm. Çox qəribədir, heç onlara
aidiyyəti olmayan, kəndindən ilk dəfə qatarların arxasınca baxıb onların
işığına gələn o qız kimi ürəyim uçunurdu və bilirdim ki, arxada iki dənə işıq
var. O işıq bütün salonu nura boyamışdı və ordakı bir məclis boyda adamın
içərisində onların işığı məni qanadlandırdı. O an düşündüm ki, illər keçəcək,
əsrlər keçəcək, burdakıların heç biri qalmayacaq, amma bu salonda iki bəxtəvər
adam var, onun biri Rüstəmdir, biri də Ramiz Rövşən. Gəlib Rüstəmə dedim ki,
Allahdan istəyirəm, o salonun ruhunu dəyişən o iki adamı, ölçüləri itən bu
dünyadakı insanları həyəcanlandıran bu kişiləri, Tanrı mən yaşadığım müddətcə
əksik etməsin. Qoy bu kişilər öz sözləri ilə bu millətin qapısını açsınlar və
bizi yaşatsınlar. Heç olmasa bircə şeir artıq yaza bilsinlər. Bu, həm də mənim
Rüstəmə ad günü təbrikim olsun”.
– Rüstəm müəllim,
bizə, daha doğrusu SÖZə sözünüz nədir?
– Söz haqqında nə deyim? Min ildir hamı danışır.
Bəndə həmən, Allah həmən,
Sözəm, yendim Allaha mən,
İncil, Zəbur, Quran həmən,
O müqəddəs həmən mənəm!
Elə fikirləşirəm
ki, 60 yaşda mənim haqqım var SÖZ haqqında bu sözü deyim.
Yoxdursa
oxucular bağışlasın.
Nigar İSFƏNDİYAR