• cümə, 29 Mart, 05:53
  • Baku Bakı 7°C

DÜNYAYA FƏLSƏFİ BAXIŞIN DÜŞÜNDÜRÜCÜLÜYÜ

05.12.16 10:59 2737
DÜNYAYA FƏLSƏFİ BAXIŞIN DÜŞÜNDÜRÜCÜLÜYÜ
Üslub və bədii ifadə zənginliyi ilə diqqət çəkən çağdaş təsviri sənətdə çox vaxt süni "şou” elementlərinə üstünlük verilməsinin nəticəsidir ki, "müasir sənət” adı ilə ictimaiyyətə təqdim olunan bədii nümunələr duyğulandırıcı və düşündürücü olmaq əvəzinə, tamaşaçısını özündən "küsdürməkdədir”. Realizmlə onu özünə rəqib hesab edən üslubların əsrlər boyu davam edən və bu gün də öləziməyən mübarizəsinə şahidlik edən tanınmış fırça ustası İlham Mirzəyevin bu mənada bütün yaradıcılığı boyu yaratdığı əksər tabloların rəng qatını fəlsəfi tutuma bələməsi çoxlarına qəribə də görünə bilər. Bu gün həm də zövqlərin sınağa çəkildiyi aydın duyulan zamanda tamaşaçıya hansı "cəlbedici” və yaxud da düşündürücü mövzunun gərəkliliyi, eləcə də onların bədii həllinin təqdim olunması sual doğuran məsələdir. Bununla belə İlham Mirzəyev yaradıcılıq kredosuna sadiq qalaraq, ərsəyə gətirdiyi müxtəlif mövzulu və janrlı əsərlərini düşüncə qaynağına çevirməkdədir...
Tanışlıq üçün deyək ki, qədim Naxçıvanda dünyaya göz açan İlham Mirzəyev (1965) ixtisas təhsilini Bakıda – məşhur "Əzimzadə məktəbi”ndə (1980-1984) almışdır. Burada Bağır Maratlı, Sabir Şıxlı və Lətif Feyzullayevdən sənətin sirlərini öyrənən gənc rəssam, təhsilsonrası Naxçıvan Dövlət Dram Teatrında quruluşçu-rəssam kimi fəaliyyətə başlamışdır. 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv seçilən rəssam, sonrakı illərdə müstəqil yaradıcılıqla məşğul olmaqla yanaşı, 1992 (Naxçıvan) və 1993-cü (Bakı) illərdə təşkil olunan fərdi sərgiləri ilə Azərbaycan təsviri sənət məkanına dünyaya özünəməxsus baxışı olan yaradıcının gəldiyini nümayiş etdirmişdir. Bununla belə, onun bu cür uğurlu başlanğıcdan sonra rənglər dünyasından uzaqlaşması çoxları üçün gözlənilməz oldu. Əsl sirri yalnız özünə bəlli bu fasilənin 2008-ci ildə bitməsi və onun yenidən molbert qarşısında dayanması da onun rənglər üçün çox qəribsəməsinin, bu "ayrılığa” dözmək iqtidarında olmamasının nəticəsi idi. İlham Mirzəyevin 2010-2014-cü illər ərzində Rusiya, Ukrayna, Almaniya, Bolqarıstan, Çernoqoriya və b. ölkələrdə keçirilmiş müxtəlif müsabiqələrin iştirakçısı olması və əsərlərinin yüksək mükafatlara layiq görülməsi də onun qayıdışının səbəbsiz olmadığını sərgilədi. İlham Mirzəyevin həm də sənətkar "mən”inin təsdiqi olan bu uğurlardan sonra onun 2014-cü ilin mayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına salonunda təşkil olunmuş fərdi sərgisi göstərdi ki, çağdaş milli təsviri sənətimiz çox ciddi yaradıcılıq vəzifələrini gerçəkləşdirə biləcək bir sənətkar qazanıb. Elə həmin ilin yanvar ayında bu məkanda onun əqidə dostu, əməkdar rəssam Mircəlil Seyidovun (1948-2009) da xatirə sərgisindən sonra ictimaiyyətə təqdim olunan bu hesabat Naxçıvan rəssamlıq məktəbi ənənələrinin yeni uğurlarının nümayişinə çevrildi...
Doğrudan da? həm də İlham Mirzəyevin 50 illik yubileyinə təsadüf edən bu sərgi bir daha onun yaradıcılığının kamillik dövrünü yaşadığını təsdiqləmiş oldu. Bu günlərdə onun yaradıcılıq emalatxanasında baş tutan söhbətimizdə də hamının, xüsusilə də, həmkarlarının maraqla qarşıladığı həmin sərgini yada saldıq, sənətlə və yaradıcılığı ilə bağlı müxtəlif məsələlərə toxunduq. Elə bu yazı da həmin təəssüratın nəticəsidir...
Bu gün İlham Mirzəyev Azərbaycan rəssamları arasında düşüncələrini daha çox diptix və triptix formasında ifadə edən rəngkardır, desək, həqiqəti söyləmiş olarıq. Onların sayı iyirmini keçib. Öncədən deyək ki, fikirlərini yan-yana qoyulmuş iki-üç tabloda ifadə etmək, heç də onun başqalarından fərqlənmək istəyinin göstəricisi deyil. Əslində, bu onun müraciət etdiyi mövzuların miqyasının duyulası dərəcədə böyük olmasının ifadəsidir. Bəşəri duyğuların düşündürücü fəlsəfi tutuma bələnməsinin nəticəsidir ki, rəssam məna-məzmun daşıyıcıları olan fiqurları, detal və elementlərin kətandan-kətana "daşınması”na üstünlük vermiş və bununla da bütövlüyü əldə olunmuş triptixin (üçlüyün) eyni ovqata köklənməsini şərtləndirmişdir. İlham Mirzəyevin yaradıcı uğuru fəlsəfi idrakın çoxqatlılığını rənglərlə bədiiləşdirməklə, kətan səthindən "boylanan” görüntülərin tamaşaçını dialoqa cəlb etməsinə nail olmasıdır. Bədii şərh baxımdan reallıqla irreallığın vəhdəti olan bu triptixlərdə çoxumuza məlum olan mövzulara və müdrik deyimlərə çox fərqli bədii münasibət mövcuddur. Bu da müəllifin bir ifadə vasitəsi kimi reallıqla mücərrədçilik arasında ən münasib-məntiqli ortaq nöqtə tapa bilməsində və bu bucaqdan dünyaya və onun hadisələrinə göz qoymasında ifadə olunmuşdur. Başqa sözlə desək, rəssam bu baxışla, təbiəti ilə səsləşən rəng-yaxı coşqunluğu ilə tamaşaçını cəlb etmək və duyğulandırmaqla yanaşı, həm də onu düşündürmək istəyir...
İlham Mirzəyevin "Anaların cənnəti” (2013), "Sivilizasiya” (2016), "Sinesteziya-hisslər arasında rabitə” (2012), "Varlıq” (2013), "Zərrəciklər” (2012-2013), "Yeni həyat” (2012), "Balansın bərpası. S.Dalinin xatirəsinə” (2015), "İnteqrasiya” (2012), "Fəsillərin melodiyası”(2012), "Nəzər nöqtəsi” (2015) və s. triptixlərində nə qədər zaman müxtəlifliyi mövcud olsa da, müəllif təxəyyülünün nəhayətsizliyi bir-birindən fərqli olan bu mövzuların fəlsəfi yozumu ilə diqqətçəkənliyi danılmaz olan motivlərə özünəməxsus bədii tutum verə bilmişdir. Yox, bu triptixlərdə nə dünyamız öz ənənəvi görkəmini, nə də onun insanlarını baş-başa qoyduğu problemləri dəyişməyib. Dəyişən və yeniləşən onlara yaradıcı insanın münasibətidir. İndiki halda İlham Mirzəyev bu yaradıcının rolunda çıxış etməklə, tamaşaçısını "aysberq”liyi birmənalı olan görünənlərin görünməyən alt qatlarına dəvət edir, başdan-başa "psixoloji qatlar məcmusu”ndan ibarət olan və ürəyi qidalandıran fikir daşıyıcılarını fəlsəfi kontekstdə şərh etməyə çalışır. Bu lövhələrdə tükənməz insan yaşantılarına fəlsəfi-bədii dildə əyanilik gətirən rəssam, zamanın axarında işığı artmaqda davam edən insanın artıq ona "qaranlıq” görünən gerçəkliyi "bədii qanunlar” vasitəsilə duymaq və yaxşılaşdırmaq istəyi var. Bir sözlə, bütün əsərlərində ən azı işartı qədər mövcud olan Xeyirlə Şərin mübarizəsinin qaçılmazlığına və əbədiliyinə tamaşaçısını inandırmaq istəyir.
İlham Mirzəyevin qənaətincə, mayasında dərin məna olmayan deformasiya əhəmiyyətsiz bir şeydir. Bunu onun "İblis ittifaqı” (2013), "Nəfəs dərmə” (2013), "Polifoniya” (1992), "Adəm və Həvva” (2013), "Duyğu” (2013), "Rəssamım masası” (2015), "Yurdumuzun yazı” (2016) və s. müxtəlif janrlı görmək mümkündür. Bu əsərlərdə bədii stilizələrin təsirliliyin gücləndirilməsinə köklənməsi də onun hər bir cizgi və yaxını mənalandırmaq niyyətini əyaniləşdirir.
Ümumiyyətlə, İlham Mirzəyevin yaratdığı bir çox əsərlərə dərki məna tutumu xasdır. Bunu həm süjetli tablolarında, həm də portretlərində müşahidə etmək olar. Onun təqdimatında müxtəlif peşə sahiblərinin obrazları gah güclü sarsıntıların, gah da incə və əlçatmaz hisslərin ifadəçisi kimidirlər. Belə əsərlərində o, zərgər dəqiqliyindən çox, daxili həqiqətin ifadəsinə meyllidir. Bu mənada "Ulu Öndər” (2014), "Ustad Şəhriyar” (2009), "Ana məhəbbəti” (2016), "İncə baxışlar” (2013), "Həsrət” (2013), "Tanrıya məhəbbət” (2013), "Bahar fəlsəfəsi” (2010) və s. əsərlərinin adını çəkmək olar. Onun akvarellə çəkdiyi "Ulu Öndər” əsərinin bu yaxınlarda respublika müsabiqəsində I mükafata layiq görülməsi də onun bu texnikanın gözəl ustası olmasının göstəricisidir.
Rəssamın qrafik irsində də onun gerçəkliyə rəngkarlığında müşahidə etdiyimiz bədii münasibət mövcuddur. Akvarelin şəffaflığını və təravətini bütün vərəq boyu qorumağa nail olan İlham Mirzəyev müxtəlif mövzulu əsərlərinin duyğulandırıcı tutum almasına nail olmuşdur. "H.Əliyev” (2016), "Yurdum” (2016), "Fırtınalı dəniz” (2016), "Bəbəklər” (2014), "Cənnət yuxusu” (2016), "Narlar” (2014), "Səhər mənzərəsi” (2016) və s. lövhələrində buna əmin olmaq mümkündür.
Yaradıcılığı kifayət qədər zəngin olan İlham Mirzəyevin kətana münasibəti də onu ən azı bu gün çoxlarından fərqləndirir. Rəngli astardan istifadə edən rəssam, bununla da çox müxtəlif faktura effektlərinə nail olmaqla, bütünlükdə mövzunun bədii şərhinin cəlbediciliyini və təsirliliyini əldə etmiş olur. Bütünlükdə keçmişi tarixi xatirələrdən, gələcəyi isə xəyallarından əxz edərək bədiiləşdirən İlham Mirzəyevin yaradıcılıq axtarışları duyğuların mübarizəsinin ifadəsidir. Onun başlıca istəyi iç dünyası ilə içində yaşadığı dünyanın uyğun gəlməsinə nail olmaqdır. Odur ki, bütün əsərlərində onun zəmanəsi bəzən görünən tutumda, çox vaxt isə "arzu qanadlarında” – ilğım kimidir....
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər