“Dillə yanaşı ədəbiyyatın dili də dəyişir”

Ana dilimizin saflığının qorunması və zənginləşməsi istiqamətində
meydana çıxan problemlər sırasında bədii ədəbiyyatın dilindəki qüsurlar da
sadalanır. Xüsusən çağdaş dövr ədəbiyyatı və bədii tərcümə sahəsində dil
normalarının daha çox pozulduğu qeyd olunur.Bəzi dilçi alimlər isə ədəbiyyatın dilini hansısa normativlərlə çərçivəyə
salmağı birmənalı qarşılamırlar."Müzakirə”mizdə bədii ədəbiyyatda dil məsələsinə aydınlıq gətirməyə
çalışdıq.
Dil zəngin olarsa...
"Bədii ədəbiyyatın dili zəngin olmalıdır, başqa sözlə, düşünürəm ki,
dil bədii ədəbiyyatda daha çox zənginləşir və inkişaf edir”- deyən filologiya elmləri doktoru, professor Bədirxan
Əhmədovun fikrincə, bədii ədəbiyyatda dilin bütün komponentləri bu və ya
digər şəkildə təzahür edir. Ona görə də dilin inkişafı, zənginləşməsi ilə bağlı
verilən hər bir sərəncam, yaxud fərman onun inkişafına xidmət edir: "Bu mənada
dil komissiyasının yaradılması da yerinə düşür. Lakin mən görürəm ki, sosial şəbəkələrdə
haqlı, ya haqsız dilin lüğət tərkibi ilə bağlı müəyyən tənqidlər var. Bəziləri
yeni sözlərin yaranmasına qarşı çıxırlar. Ola bilsin ki, bəzi sözlər bu gün
qulağa xoş gəlməsin, çünki hələ buna adət etməmişik. Ancaq inanıram ki, yeni
yaranacaq, yaxud hansısa terminin əvəzinə yaranacaq bir çox sözlər dilimizdə
qalacaq və onu inkişaf etdirəcək”. Ədəbyyatşünas alimin sözlərinə görə, bu sahədə
Türkiyə türkcəsində müəyyən islahatlar aparılıb: "Bu islahatların türk dilinin
zənginləşməsində, xüsusilə termin əvəzi sözlərin yaranmasında rolu böyükdür.
Biz də bu sahədə müəyyən işlər görməliyik”.
Bədii ədəbiyyatın dilinə gəlincə, B.Əhmədli hesab edir ki,
zaman-zaman bu dil dəyişir və yeniləşir: "Aydındır ki, bugünkü nəsr dili
60-70-ci illərin nəsr dili deyil. 60-70-ci illərin dili də 20-30-cu illərin
dili deyil. Bu dillərin arasındakı fərq yalnız zamanla məhdudlaşmır, ifadə
vasitələri və imkanları ilə fərqlənir. İndiki dilin lüğət tərkibi, elastikliyi,
bədii-estetik təsir qüvvəsi də bir başqadır. Bu fərqi görmək üçün hər iki
dövrün bədii ədəbiyyatını oxumaq mümkündür. Əgər 60-70-ci illərin dili müəyyən
mənada qəlibə salınmışdısa, bu gün o qəlib yoxdur. Yeni düşüncə sistemi
yazıçıya da yeni dil təklif edir. Yaxud Dostoyevskinin əsərlərinin tərcüməsinə
nəzər salaq: 60-cı illərdəki tərcümə ilə bugünkü tərcüməni müqayisə etdikdə,
indiki dilin zənginliklərini aydın görmək olar. Nəzərə almaq lazımdır ki, dilin
bütün potensialı həm də tərcümədə üzə çıxır, hər bir sözün, ifadənin qarşılığı
tapılıb üzə çıxarılır. Doğrudur, burada yazıçı fərdiyyəti də çox şey deyir. Yəni
yazıçıdan yazıçıya böyük fərq var. Bəzi yazıçıların dili çox bəsitdir, o dillə
böyük mənaları ifadə etmək mümkün deyil. Buna görə də təfəkkürün ifadə vasitəsi
olan dili daim itiləmək, zənginləşdirmək, yeni sözlər əlavə etmək lazım gəlir.
Bu sözlər həm yeni yaranan sözlər hesabına, həm də dialekt hesabına ola bilər”.
B.Əhmədov uzun müddət bizdə dialekt sözlərinin işlənilməsinə birmənalı
münasibət olmadığını təəssüflə bildirir: "Mən Türkiyənin Qars Kafkaz
Universitetində işləyərkən yerli əhali ilə söhbətdə dialektdə işlənən yüzlərlə
sözlər eşidirdim. O sözləri mən yalnız uşaq vaxtı kəndimizdə eşitmişdim. Bu
sözlər çox enerjili idi, adamı cəlb edirdi. Həm də fikrin aydın, dolğun ifadəsində
müəyyən bir rola sahibdir. Əgər biz yazıçıların işlətdiyi sözlərin
statistikasını aparmalı olsaq, aydın bir mənzərə ilə rastlaşarıq. Bəzi
yazıçıların dilində cəmi 2-3 min söz var. Aydındır ki, bu dillə çağdaş münasibətləri,
hadisələri əks etdirən əsər yaratmaq çətindir. Dil zəngin olarsa, ifadə
texnikası, fikir genişliyi, fəlsəfiliyi də artmış olar”. Problemi aradan
qaldırmağa gəldikdə isə, professor deyir ki, övladlarımıza körpəlikdən bədii əsərlər
oxutmalı, onların söz ehtiyatını zənginləşdirməliyik. Söz ehtiyatını zənginləşdirmək
üçün isə ən yaxşı vasitə yazıçılarımızın dilinin zəngin olmasıdır:
"Televiziyalarımızda jurnalistlərin dilinə fikir versək, çox bəsit olduğunu görərik.
Məsələn, türk, rus televiziyalarında jurnalistin dili daha zəngin və çoxtərəflidir.
Hər gün biz televiziyaya qulaq asırıq, ancaq burada səslənən dildən nəyi öyrənirik?
Demək çətindir...”
Əgər yazıçının öz üslubu
varsa...
Yazıçı Elçin Hüseynbəyli hesab
edir ki, bədii ədəbiyyatın dili ədəbi dilin normalarına cavab verməlidir. Belə
ki, hər bir yazı dilin zənginliyinə xidmət edir: "Söhbət dialoqlarda şivələrdən,
dialektlərdən istifadədən gedir. Yazıçının təhkiyəsində də mənsub olduğu
regionun dialektlərindən istifadə
olunduğunu müşahidə edirsən. Mənə elə gəlir ki, əgər yazıçının öz üslubu varsa,
bu, normaldır. Yox, əgər yazıçının üslubu yoxdursa, heç kəsin başa düşmədiyi
dialektdən istifadə etmək doğru deyil”. Yazıçının fikrincə, Azərbaycan
yazıçılarından Mövlud Süleymanlı, rus yazıçılarından Andrey Platonov, Vasili
Belov bu üsullardan uğurla istifadə ediblər. Eləcə də Rasputinin
yaradıcılığında bu üsullara rast gəlmək olar: "Ərəb ölkələri Quranın dilini ədəbi
norma kimi götürüblər. Onların əsərlərində də obrazların dilində dialektlərə
yer verilir». Dilin redaktə zamanı həm zənginləşdiyini, həm də korlandığını deyən
yazıçının fikrincə, xüsusən tərcümə əsərlərinin redaktəsi zamanı bu proses
özünü qabarıq göstərir: "İstər televiziya, istər radio, istərsə də bədii əsər
olsun, bu prosesi izləmək olur. Xüsusən, publisistikanın dilinə fikir vermək
lazımdır. Bəzən stilistika və qrammatikanı qarışdırırlar. Türkiyə türkcəsində
işlənən sözləri bizim dilin qrammatikasına uyğunlaşdırmadan verirlər. Məsələn,
biz «mən onu görəndə» deyiriksə, onlar «mən onu gördüyümdə» deyirlər və bu,
doğru deyil. Düşünürəm ki, biz nə qədər yaxın dil olsaq da, öz dilimizin
quruluşu var və onu istifadə etmək, eyni zamanda, qorumaq lazımdır».
Yazıçı bədii ədəbiyyatın dilinin bərbad olmasının digər bir səbəbini
peşəkar redaktora müraciət edilməməsində görür.: "Yazıçı öz əsərini yazır, özü
redaktə və korrektə edir, daha sonra nəşriyyata təqdim edir. Nəşriyyat isə onu
başdansovdu çap edir. Nəticədə bərbad mətn meydana çıxır. Bu xüsusən bədii tərcümə
əsərində özünü göstərir. Təəssüf edirəm ki, bəzən çox nüfuzlu qurumlar belə bu
qaydalara əməl etmirlər”. E.Hüseynbəyli keçən əsrin 60-70-ci illər ədəbiyyatı
ilə çağdaş ədəbiyyatın dilini müqayisə edərək bu gün bədii ədəbiyyata çoxlu
yeni sözlərin əlavə olunduğunu qeyd edir: "Müstəqillik əldə etdikdən sonra
siyasi leksikonumuz xeyli dərəcədə zənginləşib. O zaman bədii ədəbiyyatın dili
daha yaxşı və oxunaqlı idi. Çünki onların redaktoru yaxşı idi. Redaktor istəsə,
yazıçını yazıçı edər. Əlbəttə, söhbət səviyyəli, istedadlı və dünyagörüşü zəngin
olan redaktordan gedir”. Yazıçı, həmçinin reklamların dilinin bərbad vəziyyətdə
olduğunu bildirir: "Reklam şirkəti peşəkara pul vermək istəmir. Nəticədə məhsulun
reklamında çoxlu səhvlər meydana çıxır”.
Bədii ədəbiyyatın dili
üçün normativlər
Naşir Rafiq İsmayılov bədii ədəbiyyatın
dilinin yaxşı və ya pis olması ilə bağlı fikir yürütməyi birmənalı saymır. Belə
ki, redaktorlar, naşirlər, tərcüməçilər var ki, ədəbi dil normalarına uyğun şəkildə
yazılar yazırlar. Yazarlar da var ki, onları başa düşmək çətindir: "Bəlkə də
ona görə oxucunun çox vaxt onların əsərlərini oxumağa həvəsi olmur. Xüsusən bu,
tərcümə ədəbiyyatında özünü göstərir”. 70-80-ci illərdə yaranan tərcümə mərkəzinin
peşəkar tərcümə redaktorları olduğunu xatırlayan naşir deyir ki, nə qədər
istedadlı yazıçı olsa da, onun əsəri bir neçə dəfə redaktədən keçməli və
korrektə olunmalıdır: "Bəzi nəşriyyatlarda əsərə çox diqqət yetirilmir.
Problemlər bir çox hallarda söz ehtiyatının azlığı ilə bağlıdır. Tərcümə əsərləri
sözbəsöz, hərfi tərcümə edilir. Tərcüməçilər çox vaxt fikri yox, sözü və ya
cümləni tərcümə edirlər. Nəticədə o cür əsərlər oxunmur. Bəzi kitablar türk
dilində də, Azərbaycan dilində də var. oxucu türk dilində olanı oxumağa
üstünlük verir. Yazıçılarımızda bir qədər intellekt azlığı hiss olunur. Əgər əsərin
dili oxucunu özünə çəkmirsə, bu, onun üçün maraqlı olmur”.
Çağdaş əsərlərin daha çox redaktəyə ehtiyacı olduğunu deyən
R.İsmayılov, bununla belə, istedadlı yazıçılarımızın olduğunu qeyd edir:
"Onların maraqlı üslubları var. Heç kəs yazarın dilini öz istədiyi üsluba sala
bilməz. Məsələn, Cəlil Məmmədquluzadə «Eşşəyin itməkliyi» yazanda, bu o demək
deyil ki, o, səhv yazıb. Bu, onun üslubu idi. O zaman yazıçının kəndində belə
deyirdilər. Bu baxımdan, bədii ədəbiyyatın dilini hansısa normativlərlə çərçivəyə
salmaq mübahisəli məsələdir».
Tənqidi yanaşmaq olar
Tənqidçi Tehran
Alışanoğlunun fikrincə, bədii ədəbiyyatın dilinə tənqidi şəkildə yanaşmaq olar və
bu vacibdir: "Yeni dövr bədii ədəbiyyatın qarşısına yeni vəzifələr qoyur. Nəticədə
bədii ədəbiyyat öz bədii üslubunu dəyişməli olur. Elə tendensiyalar yaranır ki,
bədii ədəbiyyatın qarşısında duran vəzifələri kifayət qədər ifadə edə bilmir.
Azadlıq mühitində inkişaf edən ədəbiyyat həyatın nəfəsini əks etdirmək üçün həyat
materiallarından gen-bol istifadə etməyə çalışır. Bu məqamda dilə bir
naturalizm gəlir. Bədii ədəbiyyatın öz spesifik siması, üslubu sanki yaddan
çıxır. Bu baxımdan, bədii ədəbiyyatı tənqid etməyə dəyər”.
Tənqidçinin fikrincə, yazıçı günün nəfəsini daha yaxşı çatdırmaq üçün
danışıq dilindən bəhrələnsə, həyatın müxtəlif sahələrinə məxsus olan təbii dildən
istifadə etsə, daha yaxşı olar: "Sanki ədəbiyyata bir stixiya gəlir. İstər-istəməz,
bu stixiya bədii üslub tərəfindən həzm olunmamış bədii dilin yaranmasına gətirib
çıxarır. Azərbaycan ədəbiyyatı daim çalışır ki, məhəlli danışıq ədəbi dilə və
normalara sirayət etsin. Söyüşlər, vulqarizmlər ədəbiyyatın normalarına daxil
olsun. Bu bugünkü ədəbiyyatın azad tələbi kimi başa düşülür. Bu baxımdan, tənqidi
yanaşmaq normaldır”. T.Alışanoğlunun fikrincə, stixiya ilə gələn prosesləri
geriyə addım kimi qəbul etmək olmaz. Belə ki, onlar zamanın tələbidir. Dil dəyişməlidir,
dillə yanaşı ədəbiyyat və ədəbiyyatın dili, poetikası dəyişir: "Gedən proseslər
ədəbiyyatın dilinin çoxüslubluluğa doğru dəyişməsinə, yeni ifadə vasitələri
axtarılmasına gətirib çıxarır. Tələblər nöqteyi-nəzərindən proseslərə bu cür
yanaşmaq lazımdır. Bədii ədəbiyyatın dilinin inkişafındakı pozitiv
tendensiyaları üzə çıxarmaq, onları təqdir etmək, ifrat şəkildə olan meyilləri
isə tənqid etmək lazımdır».
Təranə Məhərrəmova
