Dərman bazarına nəzarət artırılır
Azərbaycanda dərman bazarına nəzarəti daha da
gücləndirmək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsini təmin etmək
üçün yeni sənədlər hazırlanır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Bioloji aktiv
əlavələrin ekspertizadan keçirilməsi qaydaları” artıq hazırlanaraq aidiyyəti
qurumlara göndərilib. Hazırda isə "Dərman vasitələrinin idxalına icazənin verilməsi
qaydaları” hazırlanır. Qeyd edək ki, hazırda Azərbaycanda dərman vasitələrinin
idxalı və ixracı "Dərman vasitələri haqqında” qanun əsasında həyata keçirilir. "Lisenziyalar
və icazələr haqqında” qanuna əsasən isə sahibkarlıq fəaliyyətinə verilən icazələrin
siyahısında dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə də öz
əksini tapıb.
Bəs görəsən bu qaydaların hazırlanması dərman
bazarına necə təsir göstərəcək? Ümumiyyətlə, qanuna edilən dəyişikliklər bazarı
nizamlamağa kifayət edəcəkmi?
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət
vəkili Musa Quliyev bildirdi ki, belə bir qaydaların
qəbul edilməsi qanuna edilən dəyişikliklə bağlıdır: "Dərman bazarına nəzarət
güclü olmalıdır. Çünki demək olar ki, hər bir insan dərmandan istifadə edir. Dərman
xəstə insanlar üçün əvəzolunmaz əlac vasitəsidir. Ona görə də dərmanların
keyfiyyəti dozası və işləmə qaydaları nəzarət altına alınmalıdır. Düzdür,
son illərdə bioloji aktiv əlavələr dünyada geniş yayılıb.
Bir çox hallarda ondan dərman əvəzi kimi istifadə edirlər. Amma bioloji aktiv
əlavələr dərman deyil və xəstəliyi müalicə etmir. Onlardan orqanizmin
gücləndirilməsi üçün, daha çox köməkçi vasitə kimi istifadə olunur. Təəssüflər
olsun ki, bəzi hallarda həkimlər xəstələrinə
dərman əvəzinə bioloji aktiv əlavələr tövsiyə edirlər. Çünki onların
qiyməti dərmanlarınkından baha olur. Ona görə də nəzarət gücləndirilməlidir”.
Millət
vəkili bildirdi ki, "Dərman vasitələri haqqında” qanun layihəsinə edilən
dəyişiklik mövcud reallıqlardan doğur: "Dəyişikliyə görə bioloji aktiv
maddələrin üzərində «dərman vasitəsi deyildir» yazılmalıdır v ə əhəmin əlavələr
dərmanlar üçün nəzərdə tutulan reseptlərə qeyd oluna bilməz. Bioloji aktiv
vasitələr dərmanları əvəz edə bilməz. Onların satışı apteklərlə yanaşı marketlərdə
də aparıla bilər. Yəni bu artıq dərman deyil, qida əlavəsidir. Son dövrlərdə
Nazirlər Kabinetinin qəbul etdiyi qərar və Səhiyyə Nazirliyinin müəyyən etdiyi
qaydalar da həmçinin, qanuna edilən dəyişikliklərlə bağlıdır”.
Tibb üzrə ekspert Adil
Qeybulla deyir ki,
hazırda Azərbaycanın
dərman bazarında vəziyyət qənaətbəxş deyil: "Dərmanların qiyməti gün-gündən
artır. Ona görə də bu məsələyə ciddi müdaxilə vacibdir. İlk növbədə ölkə
ərazisində istifadə edilən dərman maddələrinin hər biri Dövlət Reyestrinə daxil
edilməlidir. Dövlət Farmakopeyası olmalıdır. Təəssüflər olsun ki, bu gün
bazarda bir çox dərman preparatları aşağı keyfiyyət parametrləri ilə
xarakterizə olunur. Bu, həm əhalinin şikayətlərindən, həm də həkimlərin
təcrübəsindən bilinir. Ona görə də bu məsələləri qaydaya salmaq lazımdır. Bu
məsələləri nizama salmaq üçün isə dünya təcrübəsinə müraciət etmək lazımdır. Ən
başlıca məqam dərmanların qiyməti insanların gəlirlərinə uyğunlaşdırılmalıdır.
Hesab edirəm ki, dərman bazarında qayda-qanun yaratmağın vaxtı çatıb”.
Ekspert
bəzi məqamlara da aydınlıq gətirdi: "Bioloji aktiv əlavələr Ümumdünya Səhiyyə
Təşkilatının reyestrinə daxil deyil. Ümumiyyətlə, qida əlavələri və bəzi
dərmanlar bu təşkilatın reyestrinə daxil deyil. Amma etibarlılığına güvən olan
tanınmış firmaların dərman preparatları istifadə oluna bilər. Amma bu da mütləq
qeydiyyatdan keçirilməlidir. Ən azından, bioloji aktiv əlavələr haqqında farmakopeya
kitabında məlumat olmalıdır. Dünyada dərmanın kimyəvi tərkibi ilə bağlı konkret
rəylər olmalı və müəyyən tədqiqatlar aparılmalıdır. Bəzən arıqlamaq və digər məqsədlər üçün qida əlavələrindən
istifadə edilir. Bu vəziyyət isə narahatedicidir. Ona görə də belə bir
qaydaların hazırlanması faydalıdır. Ancaq bu məsələnin təkcə sanksiyaları
sərtləşdirməklə həll etmək olmaz. Çünki qanun yeganə həll yolu deyil. Bunun
üçün işlək mexanizm lazımdır”.
Şəbnəm Mehdizadə