• şənbə, 20 Aprel, 06:05
  • Baku Bakı 14°C

Deputat: "Fransalı deputatının qətnamə layihəsi həqiqətləri təhrif etmək cəhdidir"

28.04.21 23:59 610
Deputat: "Fransalı deputatının qətnamə layihəsi həqiqətləri təhrif etmək cəhdidir"
"Fransa Milli Assambleyasının deputatı Fransua Pupponinin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini "hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsi təqdim etməsi həqiqətləri təhrif etmək cəhdidir".
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat qeyd edib ki, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa parlamentinin bəzi üzvlərinin bu cür qərəzli təkliflərlə çıxış etməsi bu ölkənin tərəfsizliyinə uyğun olmamaqla yanaşı, ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etmir.
Soltan Məmmədov bu günə qədər Fransa parlamentinin üzvlərinin minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı bir dəfə də olsun təşəbbüslə çıxış etmədiyini xatırladaraq vurğulayıb ki, bu cür birtərəfli mövqe Azərbaycan ictimaiyyətinin dərin təəssüfünə səbəb olub. O deyib: "2020-ci ilin noyabrından etibarən işğaldan azad olunmuş ərazilərdə baş verən mina partlayışı nəticəsində 21 Azərbaycan vətəndaşı həlak olub, 87 nəfər isə yaralanıb. Vətən müharibəsi günlərində Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrinə raket və artilleriya hücumları nəticəsində 101 dinc sakin həlak olub, 423 nəfər isə yaralanıb. Lakin bu faktların heç biri fransalı deputatların etirazına səbəb olmayıb. Bu, bir daha Fransa parlamentinin bəzi üzvlərinin qeyri-obyektiv, qərəzli mövqedən çıxış etdiyini göstərir”.
Milli Məclisin deputatı Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu adından Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərinə etiraz məktubunun göndərildiyi barədə də məlumat verib. Onun sözlərinə görə, məktubda Ermənistan hökumətinin də imza atdığı üçtərəfli Bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvlərinin beynəlxalq humanitar hüquqa uyğun olaraq "hərbi əsir” hesab olunmadığı vurğulanıb. Azərbaycan dövlətinin Bəyanatda əksini tapmış bütün öhdəliklərə sadiq qaldığı və sənədin müddəalarının icrası istiqamətində konkret addımlar atdığı qeyd olunub. Məktubda Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və taleyi hələ də naməlum qalan azərbaycanlılarla bağlı məsələyə də toxunulub. Ermənistanın azərbaycanlı əsir və girovlara münasibətdə 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozduğu, həmvətənlərimizin ağır işgəncələrə və alçaldıcı rəftara məruz qaldığı qeyd edilib.
Soltan Məmmədov bildirib ki, Fransanın bəzi parlament üzvləri və yüksək vəzifəli şəxslərinin artıq davamlı xarakter alan bu cür təşəbbüsləri, verdiyi qərəzli açıqlamalar Azərbaycanla Fransa arasında münasibətlərin gələcəyinə kölgə salır. O qeyd edib ki, üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazisinə göndərilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə məsuliyyət daşıyır və onlara münasibətdə beynəlxalq insan hüquqları hüququ və Azərbaycan qanunvericiliyinin müvafiq tələblərinə istinad olunur. "Təəssüf hissi ilə bildirirəm ki, biz Fransanın ikili standartlar siyasətini davam etdirdiyini müşahidə etməkdəyik. Azərbaycan öz tərəfdaşları ilə əlaqələrdə, xarici siyasətində açıq, birbaşa münasibətlərin tərəfdarı kimi çıxış edir. Artıq Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın tərəfsizliyinə çox ciddi inamsızlıq yaranıb. Düşünürəm ki, bu inamsızlığı aradan qaldırmaq çox çətin olacaq. Ən əsası da ona görə ki, Fransa parlamentinin bəzi üzvlərinin bu cür addımları, dövlət rəsmilərinin açıqlamaları bu inamsızlığın aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə xidmət edir”, - deyə deputat vurğulayıb. (Azərtac)
banner

Oxşar Xəbərlər