• cümə axşamı, 18 aprel, 19:53
  • Baku Bakı 21°C

Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər

06.05.21 13:30 614
Deputat: Beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər
Qırx dörd günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıq münasibətlərinin bərqərar olması üçün fəal təşəbbüslərlə çıxış edir. Amma görünən odur ki, Ermənistan və onun havadarları hələ də öz xislətlərindən əl çəkmək niyyətində deyillər. Bu baxımdan, Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək Azərbaycandan "erməni əsirlərin” qaytarılmasının tələb etməyə çağırması qəbuledilməzdir.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata böyük əhəmiyyət verir və onun bütün müddəalarının tam yerinə yetirilməsinə sadiqdir. Azərbaycan bu vaxtadək üçtərəfli Bəyanata uyğun olaraq, bütün erməni hərbi əsirləri qaytarıb. Bu, Azərbaycan Prezidentinin humanist siyasətinin göstəricisidir. Azərbaycanda hələ də saxlanılan bir qrup erməni hərbçiyə gəldikdə, onlar Birgə Bəyanat imzalanandan xeyli sonra Azərbaycan torpaqlarına yerləşdiriliblər. Bu təxribat qrupu Azərbaycanın azad edilmiş ərazilərində aparılan antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilib. Ermənistan isə onları "hərbi əsir” kimi təqdim etməyə cəhd göstərir. Burada müharibə əsirlərindən söhbət gedə bilməz, onlar cinayətkardırlar. Bu erməni təxribat qrupu Azərbaycan Ordusu və mülki əhaliyə qarşı terror fəaliyyəti təşkil etmək məqsədilə azad olunmuş ərazilərimizə qanunsuz yerləşdirilib, hərbçilərimizi və dinc insanları qətlə yetirib. Bu məsələ Azərbaycanın qanunları çərçivəsində həllini tapa bilər.
Ölkəmizin müvafiq dövlət qurumlarının Azərbaycanın Xocavənd rayonunda antiterror əməliyyatı keçirərək bu terrorçuları həbs etdiyini diqqətə çatdıran deputat deyib: "Avropa Parlamentində erməni lobbisinin təmsilçilərinin bu addımı tamamilə əsassızdır və hüququn aliliyinə ziddir. Bu kimi addımlar bölgədə sülhə deyil, gərginliyin artmasına xidmət edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən əsir və girov götürülən 4 min nəfərə yaxın azərbaycanlının taleyindən heç bir xəbər yoxdur. Ermənistan bu barədə məlumat vermir. Yaxşı olardı ki, Avropa Parlamentinin üzvləri bu məsələyə də münasibət bildirsinlər. Digər tərəfdən, hələ də mülki, günahsız insanlarımız Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olur. Ermənistan minalanmış ərazilərin xəritəsini hələ də təqdim etməyib. Erməni tərəfinin bu hərəkəti insanlığa qarşı cinayətdir, o, belə cinayətləri davam etdirir. Buna görə də beynəlxalq birlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiq etməlidirlər. Amma biz hələ də demokratiyadan və insan haqlarından danışan bir çox avropalı siyasətçinin Ermənistanın cinayət əməllərinə göz yummasının və terrorçuları dəstəkləməsinin şahidi oluruq”.
Fransanın rəsmi şəxslərinin ermənipərəst mövqe nümayiş etdirmələrinə gəlincə, S.Fətəliyeva qeyd edib ki, bu davranış yolverilməzdir. Bütün məsələlərin həlli hüququn aliliyinə əsaslanmalıdır. Eyni zamanda, beynəlxalq təşəbbüslər regionumuzda gərginliyə yox, sülhə, əməkdaşlığa və təhlükəsizliyə xidmət etməlidir.

banner

Oxşar Xəbərlər