• şənbə, 20 Aprel, 13:42
  • Baku Bakı 23°C

Deputat: Azərbaycan Prezidenti mətbuat konfransı ilə informasiya cəbhəsindəki mövqeyimizi daha da möhkəmləndirdi

28.02.21 20:30 800
Deputat: Azərbaycan Prezidenti mətbuat konfransı ilə informasiya cəbhəsindəki mövqeyimizi daha da möhkəmləndirdi
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə 4 saatlıq geniş mətbuat konfransı keçirdi. Dövlətimizin başçısı bu müddət ərzində 30-dan artıq jurnalistin çoxlu sayda suallarını cavablandırdı.
Bu mətbuat konfransının keçirilməsinə böyük ehtiyac var idi. Çünki 44 günlük Vətən müharibəsi bitdikdən sonra müəyyən suallar meydana çıxmışdı. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu suallara aydınlıq gətirdi. Dövlətimizin başçısı bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verərək, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin məhz 26 fevral – Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. Dövlətimizin başçısı dünya istimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltdi və mesaj verdi ki, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımını törədənlərin cəzası verilməlidir. Prezident suallara yorulmadan, səbirlə, təmkinlə, faktlarla cavab verdi. Prezidentimiz həmişə olduğu kimi, mətbuat konfransında da yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdi. O, dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.
"Prezident İlham Əliyev hazırda Ermənistantanın düşdüyü vəziyyətin səbəblərini izah edərək dünya birliyinin diqqətinə çatdırdı ki, bütün bunlar Köçəryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə, qonşu ölkənin ərazilərini zəbt etməklə əslində, özünü iflic vəziyyətinə salıb. Bu gün Ermənistanda siyasi vəziyyət demək olar ki, dövlət çevrilişi həddinə çatıb. Onlar özləri də bilmirlər nə istəyirlər. Dövlətimizin başçısı bildirdi ki, bu gün Ermənistanda mövcud olan revanşist qüvvələr anlasınlar, Azərbaycan geri çəkilən deyil və ölkəmiz üçün təhlükə yarandığı təqdirdə, biz yenidən düşmənin başını əzməyə hazırıq”, - deyə İqbal Məmmədov vurğulayıb.
Deputat qeyd edib ki, dövlətimizin başçısı mətbuat konfransında qeyd edib ki, 10 noyabr Bəyanatına əsasən sülh məramlılarının bölgədə yerləşdirilməsi müvəqqəti xarakter daşıyır. Rusiya hərbçiləri Dağlıq Qarabağda beş il xidmət edəcəklər. Rəsmi Bakı vəziyyətə uyğun olaraq beş ildən sonra qərar vermək səlahiyyətinə malikdir. Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından da danışdı və qeyd etdi ki, nə qədər ki, ermənilər soyqırımı məsələsini gündəmdə saxlayacaqlar, sərhədlərin açılması sual altındadır.
"Prezident İlham Əliyev 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın detalları barədə də jurnalistlərin suallarına ətraflı məlumat verdi. Prezident qeyd etdi ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq. Prezident bununla da həm Ermənistanın, həm də özümüzdən olan bəzi qaragüruh qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri barədə fikirlərini alt-üst etdi.
Qarabağımızda hazırda bərpa-quruculuq işləri gedir. İnanırıq ki, 30 ildən xeyi müddətdə işğal edilən torpaqları 44 günlük Vətən müharibəsi nəticəsində xilas edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev doğma Qarabağımızı cənnətə çevirəcək və bütün dünya bu diyarı daha da yaxından tanıyacaq”, - deyə İqbal Məmmədov fikirlərini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər