Danışan sükutun teatrı - pantomima...

Bu günlərdə, yəni 16 may tarixində 23 yaşını qeyd
edən Dövlət Pantomima Teatrı Azərbaycan teatr mədəniyyətinin üslub, məna və
yaradcıllıq formasına görə tək, yeganə teatrıdır. Əvvəlcə nədir pantomima:
tarix və zamanla...Pantomima yunanca panto-bütün və mimos-aktyor, rəqqas-sözlərindən
alınıb, söz istifadə etmədən, bədənin plastikası vasitəsilə obrazı ifadə etmə sənətidir.
Müstəqil teatr sənəti kimi pantomima Romada imperator Avqustun (e.ə 27-b.e 14)
meydana gəlib. Roma rəqqası Pilad Kilikiyskiy ilk dəfə mifoloji süjetlər əsasında
ciddi solo nömrələrlə çıxış etməyə başlayıb. Yunan yazıçı-satirik Lukian
Samosatskiy (125-180) özünün rəqs haqqında yazdığı traktatda qeyd edirdi ki,
yaxşı mim aktyoru əzələli bədənə, mükəmməl yaddaşa, dərin mifoliji biliyə,
ciddi musiqi təhsilinə sahib olmalıdır.
Adrianın (117-138) hökmranlığı dövründə pantomim
aktyorları sarayda mövqeyə sahib idilər. Lakin 534-cü ildə imperator
Yustinianın təkidi ilə rəqslər və tamaşalar kilsənin əxlaq nöqteyi-nəzərindən
qadağan edildi. Kilsənin qadağası pantomimaya olan sevgini söndürə bilmədi və
pantomim sənəti orta əsrlərdə səyahət edən mimlər və menestrlərin sayəsində
qorunub saxlandı.
16-18-ci əsrlərdə pantomim sənəti səyyar italyan
komedi del arte farslarında yenidən çiçəkləndi. İtalyadan komediantlar hər kəsin
anladığı jestlər dilində oynayaraq Fransaya, Almaniya və İspaniyaya səyahət
etdilər. Klassik mifologiyanın və komedi del arte teatrının təsiri nəticəsində
"Druri-Leyn” teatrının baletmeysteri D. Uiver (1673-1760) 1702-ci ildə pantomim
tamaşa səhnələşdirdi. İngiltərə pantomiması daha çox teatrlaşdırılmış baleti
xatırladırdı.
Avropa klassik pantomima sənətində məşhur fiqurlar:
Batist Debyuro (XIX əsr), Marsel Marso, Etyen Dekru, Jan-Lui Barro ( hamısı
Fransa), Adam Darius (ABŞ).
XX əsrin başlanğıcında və ortalarında Avropada və
Şimali Amerikada pantomim sənətinin mənimsənilməsində və inkişafında aşkar və
acınacaqlı təfriqələr baş verdi. ABŞ-da "mim” (mime”) kəliməsi bu gün də
sarkastik xarakter daşıyır. Pantomim sənəti Avropada və SSRİ-də sintetik sənətə
yönləndirilmiş teatrda və A.Arto, B.Brext, V. Meyerxold, A. Tairov,
E.Qrotovski, E.Barba kimi nəhənglərin teatr sistemlərində ciddi surətdə istifadə
olunmağa başlandı.
1950-ci illərdə Rudolf Slavskiy SSRİ-də ilk
pantomim studiyasını yaratdı ki, V. Polunin, B. Aqeşin, N. Samarina kimi isimlər
bu studiyada yetişdilər. Studiya Robert Qorodeçkinin yaradıcılığına da ciddi təsir
göstərdi. Studiyanın iş təcrübəsi əsasında Slavskiy 1962-ci ildə "Pantomima sənəti”
adlı kitabını nəşr etdirdi və kitab bir çox dillərə tərcüməolundu.
1960-cı illərdə Polşa, Çexoslavakiya və SSRİ-nin
Pribaltika respublikalarında pantomim teatrı fenomeni meydana gəldi ki, bu
fenomenin öndə gedən isimləri Henrix Tomaşevski (Polşa), Ladislav Fialka
(Çexoslavakiya), Modris Tenison (Litva SSR) oldu. Rəssam-qrafik Modris Tenison
pantomima sənətinə yeni energetika gətirdi.
70-ci illərdə ABŞ-da pantomimanın yeni səviyyədə və
yeni seyirciyə doğru yüksəlişi üçün bir çox cəhdlər edilsə də bu cəhdlər boşa
çıxdı. Bu isə başa düşülən idi. Çünki, ABŞ-da xoreoqrafik teatrların çoxluğu və
müxtəlifliyi seyircinin 30-35 il öncə plastik sənətə olan marağ dairəsini artıq
doldurmuşdu.Və... bizim Pantomima... 16 may 1994-cü ildə Azərbaycan
Mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı” Pantomim Teatr-Studiyası
kimi yarandı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət
göstərməyə başladı. Azərbaycanın xalq artisti Bəxtiyar Xanızadənin əsasını
qoyduğu "Dəli yığncağı” pantomim teatr-studiyasına 2000-ci ildə Dövlət statusu
verildi.
Və.. bu günədək Teatrın səhnəsində "Ümid”
(S.Bekket) "Bir aktyor üçün mim”, "Pantomim buketi” (B.Xanızadə), "Gəldim ki,
olam ğəmin hərifi” (M.Füzuli "Leyli və Məcnun” poeması əsasında) pantomim
balet, "Şəngül, Şüngül, Məngül” (M.Musabəyov) divertisment tamaşa, "Manqurt”
(Ç.Aytmatov "Gün var əsrə bərabər” povestinin motivləri əsasında), "Dulusçu”
(Ü.Hacıbəyov "Biz nə tövr iş görürük?” flyetonu əsasında), "Zibillik pərvanələri”,
"Çərçivə” və s. onlarla pantomim tamaşa hazırlandı, ölkəmizi onlarla beynəlxalq
festivalda layiqincə təmsil etdi.
Və... bu gün də Pantomima teatrının varlığı mədəniyyət,
mədəniyyət tariximizdə alternativi olmayan sənət məkanı kimi var olmaqdadır.
Pantomima teatrı Azərbaycan teatr sənətinə Bəxtiyar Xanızadə, Elman Rəfiyev,
Nargilə Qəribova və s. kimi dəyərli sənətçilər, üslub, forma və janrı ilə fərqlənən
teatr və onları daim izləyən, sevən, fərqli teatr seyricisi verdi. Həqiqətən bu
çox önəmli tarixdir, bu tarix teatr təqvimində qırmızı rəqəmlə 23 qeyd olunacaq tarixdir. Nə
yaxşı ki siz varsız. Əziz pantomimçilər, sizi ürəkdən təbrik edirik!!!
Niyaz Cəfərov
teatrşünas
