“Costa” kitab mükafatının qalibi açıqlandı
Dünya ədəbiyyatının nüfuzlu ədəbi mükafatlarından "Costa” kitab
mükafatının 2017-ci il qalibinin adı açıqlanıb. "Guardian”ın xəbərində qeyd
olunur ki, yanvarın 31-də açıqlanan nəticələrə görə irlandiyalı yazıçı
Sebastian Barri "Sonu gəlməyən günlər” ("Days without end”) əsəri ilə mükafatın
builki qalibidir. ABŞ-da yaşanan gizli bir münasibətdən bəhs edən hekayənin
müəllifi bu il "Costa” mükafatının qalibi olmaqla, adını mükafat tarixinə
yazdırıb. Belə ki, Sebastian Barri bu mükafata ikinci dəfə layiq görülən ilk
yazıçıdır.
Barrinin əsəri bu mükafata "hekayədəki duyğuların qüsursuz təsvirinə
görə” layiq görülüb. Müəllifin 2008-ci ildə yazdığı "Gizli müqəddəs yazı” ("The
secret scripture”) romanı da, bu dəfəki kimi ona həm "Costa” diplomu, həm də
30000 funt sterlinq (75000 manat – red.) məbləğində pul mükafatı qazandırmışdı.
Londonda keçirilən təntənəli təqdimetmə mərasimində çıxış edən
müəllif duyğularını dilə gətirməkdə çətinlik çəkib: "61 yaşında bir adam üçün
bu sevinc, bu həyəcan təhlükəlidir. İkinci dəfə belə bir mükafata layiq
görülmək, fərqləndirilmək, bu qədər şərəflə qarşılanmaq insanı təpədən-dırnağa
kimi silkələyir. Sevincdən insan dəli də ola bilər, mən belə bir təhlükə ilə
qarşı-qarşıyayam. Səkkiz il əvvəl mənə mükafatla birgə verilən pulu hələ də
xərcləməmişəm. Yazıçıların iqtisadi vəziyyətləri çox qarışıq olur. İlk 10-15
ili heç nə qazanmadan yazırıq, çətinlik çəkirik. Mən mükafat alanda dedilər ki,
bu mükafatı bir də almayacaqsan. Mən də kitabdan, dərc olunan yazılardan gələn
pullarla yaşadım ki, birdən bu pul çox vacib bir şey üçün lazım olar. Bəlkə də,
bu sözlərlə sizi təəccübləndirəcəyəm, amma bu mükafatlar insanın sadəcə mənəvi
yox, elə maddi vəziyyətini də yaxşılaşırır. İndi bütün təəccüb və həyəcandan ayrılmadan,
evimə gedib, xanımımla sevimli divanımıza uzanıb, bu sevincin və rahatlığın sevincini yaşama istəyirəm. Mən bu gün çox
xoşbəxtəm”.