• çərşənbə, 04 Dekabr, 07:32
  • Baku Bakı 4°C

“Çirkli əllər mütləq qırılacaq”

26.10.24 04:55 1786
“Çirkli əllər mütləq qırılacaq”

PKK-nın Türkiyədə yeni terror aktına imza atması texniki bir hədə deyil, böyük geosiyasi dəyişikliklərə qarşı verilən reaksiyadır. Türkiyə yeni mərhələni hərbi yolla nəticəyə çatdırmaq üçün Suriya və İraqda yeni hərbi əməliyyatlara start verəcək. 

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının PKK-nın tərksilah edilməsi ilə əlaqədar bəyanatını Abdullah Öcalan üzərindən qurması siyasi gündəmdə Türkiyə mərkəzli xarici siyasətin çəkisini artırdı. MHP lideri Öcalanı PKK-nı ləğv etməyə səsləyir və bunun üçün ona Türkiyə Böyük Millət Məclisində çıxış etmə imkanı təklif edir.  

Baxçalının bəyanatının FETÖ lideri Fətullah Gülənin ölümündən sonraya təsadüf etməsi də diqqət çəkir. Ehtimal ki, bu, ABŞ ilə Türkiyə arasındakı maraqların mübadilə edilə biləcəyi proqramın ibtidai elanıdır. 

Neytrallıq kartı işə yarayırmı?

Çünki Gülənin ölümündən sonra Türkiyəyə qarşı qurulacaq kampaniyada PKK kartından istifadə meyillərinin sürətlənəcəyi şübhəsizdir. Türkiyə iqtidarına yaxın olan və dövlətin paralel xətlərdəki bəyanatlarının ifadəçisi olan Baxçalının indi Öcalanla əlaqədar çıxışı PKK ilə yanaşı, Gülən şəbəkəsinin neytrallaşdırılması narrativləri ilə əlaqəli ola bilər. Ancaq bəyanat verilən kimi PKK terror təşkilatı Ankarada Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücum etdi, hadisə nəticəsində beş nəfər öldü, 22 nəfər yaralandı. 

Türkiyə dövlətinin PKK-nın varlığına sülh yolu ilə son qoyulması ilə əlaqədar planının masada olduğu zamanda buna terrorla cavab vermək iki məqsədi aydınlaşdırır. Birincisi, Türkiyəyə qarşı ölkə daxilində və bununla paralel olaraq İraqda, Suriyada qurulan PKK düşərgələrinin ləğvi regionda maraqları olan bəzi güclərə sərf etmir. Sonuncu terrora nisbətdə bu güclərin konkret olaraq hansı dövlət olduğunu demək kifayət qədər məsuliyyət tələb edir. Ancaq aşkar görünür ki, PKK bu terror aksiyasını özbaşına planlaşdırmayıb və aldığı təlimatlar, direktivlərlə hərəkət edərək Türkiyəyə qarşı geosiyasi alətlərin davamlılığını təmin etməyə çalışır. İkincisi, Türkiyənin sülh çağırışlarından sonra baş verən hadisə Ankaranın Suriyanın və İraqın şimal bölgələrində genişmiqyaslı antiterror əməliyyatlarına zəmin yaradır. 

Məqsədlərinə çata bilməyəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” sosial şəbəkəsindəki paylaşımında Ankaranın gələcək tədbirlərini təsvir edən ölçüləri bu sitatla verib: 

“TUSAŞ-a qarşı terror hücumu millətin hüzurunu və “Tam Müstəqil Türkiyə” anlayışının simvolu olan müdafiə təşəbbüslərini hədəf alan alçaq bir hücumdur. Terror aktının baş verdiyi ilk andan təhlükəsizlik qüvvələri operativ şəkildə müdaxilə edərək terrorçuları zərərsizləşdirib.
Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər mənbəyi öz məqsədlərinə çata bilməyəcək. Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə və çoxölçülü şəkildə davam edəcək”. 

Kürd amili İsrail-Türkiyə gərginliyi fonunda

Diqqəti çəkən başqa bir detal bundan ibarətdir ki, bir müddət əvvəl İsrailin Livana hərbi müdaxiləsi haqqında danışan Ərdoğan “Livandan sonra İsrailin gözünü dikəcəyi yer Türkiyə torpaqları olacaq” demişdi. Bu bəyanat regionda terror hadisələrinə birbaşa işarə etməsə də, bölgədə İsrailin kürd faktoru ilə işləyə bilmək bacarıqlarına, onun perspektivinə verilən sətiraltı qiymət idi. 

Türkiyə PKK kartını birdəfəlik masadan qaldırmaqla İraq Kürdüstanında da olan problemlərin, siyasi konfliktlərin həllinə nail olmağı hədəfləyir. Lakin regionda Türkiyə ilə yanaşı, İsrailin də maraqları mövcuddur və Təl-Əviv İraq Kürdüstanı ilə ittifaqı gücləndirəcək oxşarlıqlara malikdir. 

İsrailin Yaxın Şərqdəki müharibələrin müşayiətində müttəfiqi ABŞ-nin maraqlarından kənara çıxmaq meyilləri isə onun kürd siyasətinə də təsirsiz ötüşmür. Bu mənada Suriyada, İraqda və hətta İranda kürd faktorları ilə regional siyasətini şəkilləndirən İsrailin strategiyasının Türkiyə ilə kəsişən nöqtələrini tapmaq lazımdır. Aydın məsələdir ki, Türkiyənin problemi kürd xalqı ilə deyil, əksinə, kürdlərin PKK buxovundan qurtulması və onların təhlükəsizlik qarantiyasına alınması Ankaranın məramıdır. 

Burada başqa bir oyunçunun başı görünür, yəni İsrail kürdlərlə ABŞ arasında görüşləri, koordinasiyanı asanlaşdıran əməliyyatları həyata keçirir. Bu, təbii ki, Türkiyənin İraqın və Suriyanın şimal bölgələrində qurmaq istədiyi təhlükəsizlik zonasına maneə yaradan ABŞ-nin əl-qolunu genişləndirən faktordur. 

Çünki ABŞ PKK-nı terror təşkilatı kimi tanısa da, Suriyada, İraqda terror təşkilatının qanadları olan silahlı dəstələri himayə edir ki, bu da Türkiyənin işini çətinləşdirir. 

Genişmiqyaslı əməliyyatlara start verilə bilər

Bu mənada PKK-nın Türkiyədə yeni terrora imza atması texniki bir hədə deyil, böyük geosiyasi dəyişikliklərə qarşı verilən reaksiyadır. Baxçalı əslində kürd amilinin yaratdığı geosiyasi və təhlükəsizlik problemlərinə cavab olaraq Türkiyədə hərtərəfli planın olduğunu dilə gətirmişdi. Belə görünür, buna terrorla cavab verilməsi həmin planın reallaşmasının asan olmayacağı görüntüsü yaratmağa hesablanıb. 
Ehtimal etmək olar ki, Türkiyə kürd açılımı ilə əlaqədar başlatdığı yeni mərhələni hərbi yolla nəticəyə çatdırmaq üçün Suriya və İraqda genişmiqyaslı əməliyyatlara start verəcək. Hər nə qədər ABŞ ilə Türkiyə arasında gərgin münasibətlər olsa da, hər iki dövlətin problemin həllində ortaq nöqtələr tapması üçün müzakirələr aparacağı şübhələr doğurmur. 

Aqşin Kərimov 

 

banner

Oxşar Xəbərlər