Cəsədi Fransada, ürəyi Polşada basdırılan dahi
Polşanın böyük bəstəkarı, virtuoz
pianoçu Frederik Şopenin adını daşıyan Varşava hava limanına enəndə dahi musiqiçinin
polyaklar üçün necə dəyərli şəxsiyyət olduğunu anlamaq çətin deyil. Sevgi və
azadlıq şəhərinə həmçinin "Şopen şəhəri” deyirlər. Hava limanından şəhərin
mərkəzinə aparan yollarda Şopenin adına addımbaşı rast gəlinir: konsert
afişaları, abidələr, memorial lövhələr... "Frederik Şopen bu ölkə üçün
əvəzolunmaz sərvətdir”- polyaklar qürurla deyirlər. Şopenin adının tarixdə 100 ən çox öyrənilən bəstəkarlar siyahısında
olması bu sevgiyə əsas verir.
"Şopenin izi ilə” marşrut sxemi bəstəkarla
əlaqəli bütün məkanlara baş çəkməyə bələdçilik edir. Elə meydanlarda qoyulan
multimedialı oturacaqlarda düyməni basıb bəstəkarın musiqilərinin sehrinə
düşmək olur. Oturacaqlarda fotokodla Şopenin həyatı və səyahəti haqqında
informasiya almaq, hətta musiqiləri mobil telefonlara köçürmək də mümkündür. Kral
Lazenkasındakı Friderik Şopenin abidəsi isə bəstəkarın dünyada ən məşhur
abidəsi sayılır. Yay vaxtı abidənin ətrafında açıq səma altında Şopenin əsərlərindən
ibrət pulsuz konsertlər keçirilir. 1959-cu ildən davam edən bu ənənə məşhur
pianoçuların ifası ilə baş tutur. Təkcə polyaklar deyil, şəhərin qonaqları da
böyük bəstəkarın musiqilərini həvəs və böyük zövqlə dinləmək üçün bu məkana
gəlirlər. Polşa hər addımda böyük bəstəkarın musiqisini dilləndirir. Xüsusən
paytaxt Varşava Şopenin musiqisi ilə nəfəs alır.
Şopenin
müqəddəs əşyaları
F.Şopen haqqında ən mükəmməl məlumatları isə
bəstəkarın vaxtilə yaşadığı, hazırda muzeyə çevrilən evində öyrənmək olur. Polşaya
səfər edən turistlər bu məkanı mütləq ziyarət edirlər.Polşa milli musiqi məktəbinin yaradıcısı Friderik
Şopenin muzeyi 2010-cu ildə açılıb. Bu məkana tələsən turistlərin heç də klassik musiqi həvəskarı olması vacib deyil.
Onlar üçün əsas olan böyük bəstəkarın sərhəd tanımayan bəşəri musiqisi,
şəxsiyyətinin böyüklüyüdür.Muzeyə giriş elektron biletlə həyata keçirilir. Hər
bir ziyarətçi Şopen muzeyini görmək üçün özünə uyğun plan qura bilər. Elektron
bələdçi bu işdə ziyarətçilərə kömək edir. Muzeydə bəstəkara aid nadir əşyaları
görmək və Şopenin əsrarəngiz musiqilərini dinləmək mümkündür.
Muzey ümumilikdə 15 otaqdan ibarətdir. Mini muzey olan hər bir otaq bəstəkarın
yaşadığı müxtəlif vaxtlara və yerlərə aiddir.Otaqları gəzdikcə Şopenin yaşadığı mühitlə yaxından
tanış olmaq, köhnə və qədim Varşavanı seyr etmək, bəstəkarın dostlarını və
yaxın qohumlarını görmək mümkündür.Muzeyin ekspozisiyasında Şopenin şəxsi əşyaları, məktubları, not yazıları,
pianinoları saxlanılır. Hər həftənin istirahət günləri Okulnik küçəsində
yerləşən bu məkanda böyük polyakın əsərlərindən ibarət kamera konsertlərinin
keçirilməsi ənənəyə çevrilib.
Muzeydə
uşaqlar üçün də xüsusi otaq var. Otağın interyeri maraq doğurur. Bəstəkarın vaxtilə
Jelyazovoy Voledə yaşadığı otağın interyeri sanki 19-cu əsrdəki reallığı əks
etdirir. Otaqda bəstəkarın çox sevdiyi bənövşələrin qoxusu duyulur, quşların
nəğməsi eşidilir...
Muzeyin eksponatları keçən əsrin 30-cu illərindən
toplanmağa başlanıb. Dünya mədəniyyətinin məşhur təmsilçisi kimi Frederik Şopen
İnstitutu kolleksiyanı toplayıb. O cümlədən, institut bəstəkarın yaxın
qohumlarından onlarla qiymətli əşyanı almağa müvəffəq olub. Bu baxımdan,
muzeydəki eksponatları "Şopenin müqəddəs əşyaları” adlandırırlar. Hazırda muzey
dünyada ən böyük Şopen kolleksiyası olan məkandır. Həmçinin Avropada müasir bioqrafik muzey kimi
tanınır.
Muzeyin bu yaxınlarda təmir olunduğunu deyən bələdçi Joanna Patuch nadir eksponatlar haqqında həvəslə danışır:
"Şopenlə bağlı əşyalar hələ keçən əsrdən yığılmağa başlanıb. Bu nadir
eksponatlar muzeyin əsas ekspozisiyasını təşkil edir. Hazırda 4600 kv.m ərazini
əhatə edin muzey dünyanın ən müasir muzeyləri səviyyəsində xidmət göstərir”.
Muzeydə ekspozisiyalar interaktiv təşkil olunub. Orijinal əl yazıları, musiqi
alətləri, bəstəkarın saçı, Şopenin öz əli ilə yazdığı avtoqrafı - əsərlərinin əlyazması, məktubları var. Ölümündən
sonra üzə çıxan iki maskası nadir əşya kimi qorunur.
Muzeyin ən qiymətli əşyaları isə bəstəkarın
barmaqlarının toxunduğu pianolardır. Bunlar Frederik Şopenin sonuncu
pianolarıdır.
Multimedia ekspozisiyası, taktil ekranlar
(toxunmaqla duyulan) ən müasir formada təqdim olunur. Elektron biletlər
ziyarətçiləri bu sehrli dünya ilə yaxından görüşdürür. Həmçinin monitorlardan bir
neçə dildə şərhləri oxumaq mümkündür. Şopenin fotoları içərisində ailəsinin nadir
fotoları da yer alıb. Uşaqlığı, gəncliyi, tələbəlik illəri, dünyanın onun
musiqisinə məftun kəsildiyi vaxtların fotoları və məşhur fransız yazıçısı Jorj
Sandla yaşadığı illərin fotoları. Şopen bir çox şah əsərlərini
məhz Jorj Sandla yaşadığı illərdə yaradıb.Şopenin İngiltərə, Şotlandiya və s. ölkələrə
səfərləri isə ”Şopenin səyahətləri” kimi təqdim olunur.
"Fortepianonun
şairi”
Şopenin tərcümeyi-halı ilə elektron ekrandan tanış
olmaq mümkündür. Dahi bəstəkar 1810-cu ildə Varşava yaxınlığındakı Jeilazova
Volya qəsəbəsində anadan olub. Anası Yustina Kşijanovska polyak, atası Nikolay
fransız idi. Atası fransız dili və
ədəbiyyatı müəllimi idi. Evdə tələbələrə dərs keçirdi. Atasına liseydə dərs
demək təklif olunandan sonra ailə Varşavaya köçür. Onda Frederik Şopen çox
balaca idi.
Ailənin musiqiyə böyük həvəsi vardı. Atası skripka,
fleyta, anası isə piano çalır və mahnı oxuyurdu. Frederikin Lüdvika və İzabella
adlı bacıları da böyüyürdü. Frederik hələ 5 yaşında ikən fortepianoda kiçik
pyesləri çalmağa başlayır. Şopen artıq 7 yaşında Polşanın kübar salonlarının
sevimlisinə çevrilir. Birinci konsertindən sonra "Polşanın Motsartı” adlanan
gənc ilk təhsilini Varşavada alır.
F.Şopen 20 yaşına qədər
Varşavada yaşayır. O, vətənini tərk edəndə bir də dönməyəcəyini ağlına
gətirməzdi. Bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, yaradıcılığında
da bu hissləri aşılayır. Bəstəkar vətəninin musiqisini dünya musiqi
mədəniyyətinin dəyərli bir hissəsinə çevrilməsi üçün çalışır və buna nail olur.
Polşa musiqisinin klassiki öz yaradıcılığını bütünlüklə fortepianoya həsr edən
yeganə bəstəkar kimi sevilir. Bu səbəbdən onu "fortepianonun şairi”
adlandırırlar. Fortepiano onun ifasında sanki bütöv orkestrin, eləcə də insan
səsinin tembr çalarlarını özündə cəmləşdirib. Etüdlər, prelüdlər, noktürnlər,
ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar,
balladalar... bu alətin dillərindən süzüldükcə dinləyənləri məftun edib. Şopen
fortepiano musiqisinə hətta yeni janrlar da gətirib.
"Şopen musiqisinin obrazlar
dünyası öz müxtəlifliyi ilə diqqəti cəlb edir. Çılğın ehtiraslar, dərin
düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada
necə də ustalıqla əks etdirilir! Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi
Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol
tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və
sevilən bəstəkarlardan biridir”- deyə musiqişünaslar dahi bəstəkarın sənəti
haqqında yazıblar.
Şopenin
ürəyi
Bəstəkarın Parisdəki həyatı onun
yaradıcılığının mühüm dövrünü əhatə edir. 1831-ci il - konsert salonlarından
birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. İlk
konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər
sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada
şöhrət qazanmış List, Berlioz, Bellini kimi bəstəkarlar, Heyne, Balzak kimi
məşhur yazıçılar, Delakrua kimi dünya şöhrətli rəssamla bir sırada çəkilir.
Onun musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli
səhifəsini açır.
F.Şopen 1849-cu il oktyabrın 17-də ağır vərəm
xəstəliyindən vəfat edib. Parisdə dünyasını dəyişən bəstəkar "Per-Laşez”
qəbiristanlığında dəfn olunsa da, ürəyinin vətənində basdırılmasını vəsiyyət
edib. Böyük bəstəkarın vəsiyyətinə əməl edilib. F.Şopenin ürəyi Varşavada,
Müqəddəs Xaç Kilsəsində saxlanır. Bəstəkarın,
1880-ci ildən kilsəyə qoyulmuş Leonarda Markoninin əsəri olan mərmər abidəsinin
altındakı lövhədə "Sənin xəzinən hardadır, sənin ürəyin ordadır. Friderik
Şopenə-həmvətənlərindən” sözləri yazılıb.
Hər gün minlərlə insan bu kilsəyə gəlir.
Böyük bəstəkarın ürəyi onlara musiqinin əbədiliyindən, Şopenin bəşəriliyindən
danışır.
Təranə Məhərrəmova
Bakı-Varşava