• cümə, 29 Mart, 13:26
  • Baku Bakı 14°C

Cəbhədəki gərginliklərin arxasında strateji niyyət var

28.04.16 11:36 4317
Cəbhədəki gərginliklərin arxasında strateji niyyət var
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə olub. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olmağa başlayıb. 1996-cı ilin dekabrından isə Minsk qrupunun Rusiya, ABŞ, Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir və münaqişənin sülh yolu ilə həllini tapması üçün danışıqlar aparır. Əfsuslar olsun ki, Ermənistan tərəfi ötən 22 il ərzində müxtəlif bəhanələrlə münaqişənin həllini uzadıb, cəbhə xəttində atəşkəsi dəfələrlə pozub, hətta mülki əhalini də hədəfə alıb. Cari ilin aprel ayında da erməni silahlı birləşmələri növbəti dəfə atəşkəsi pozub, təxribat törədərək mövqelərimizə soxulmağa cəhd edib. Lakin Azərbaycan ordusunun güclü müqaviməti və əks-hücumu nəticəsində düşmən geri otuzdurulub, ona sarsıdıcı zərbə vurulub, bir sıra strateji yüksəkliklər işğaldan azad edilib. Aprelin 5-də tərəflər arasında yenidən atəşkəs haqqında razılıq əldə edilib. Buna baxmayaraq, Ermənistan silahlı birləşmələri yenə də razılaşmaya əməl etmir, cəbhəyanı yaşayış məntəqələrimizi iri çaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan və zirehli texnikadan atəşə tuturlar. Cəbhə xəttində, xüsusən də Tərtər rayonu istiqamətində vəziyyətin yenidən gərginləşməsi, Ermənistan prezidentinin danışıqlardan imtina etmək barədə bəyanatı, Rusiya xarici işlər nazirinin həll planı və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili, siyasi şərhçi Sahib Alıyev cavablandırır.
- Sahib müəllim, son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib və düşmən hərbçiləri yaşayış məntəqələrimizi hədəfə alıblar. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin kobud şəkildə pozulması, hətta onların yeni təxribatlara əl atmaları nə ilə əlaqədardır? Rəsmi İrəvan bu addımları ilə nə demək istəyir?
- Cəbhədə vəziyyətin gərginləşdirilməsində isə iki məqsəd var. Birincisi, düşmən görür ki, həmsədr dövlətlər, beynəlxalq qurumlar cəbhədə baş verən proseslərdən narahatdırlar. Ermənistan fikirləşir ki, cəbhədə vəziyyəti gərginləşdirməklə bəzi erməni havadarlarının irəli sürdüyü təkliflər reallaşacaq. Həmin təkliflərə görə, cəbhə xəttində atəşkəsə nəzarət edəcək xüsusi nəzarət avadanlıqları quraşdırılmalıdır. Bunun reallaşmasını istəməklə, Ermənistan status-kvonu daha bir neçə ilə dəyişməz olaraq saxlamağa çalışır. Hazırda bütün gərginliklərin arxasında dayanan strateji niyyət budur. Digər bir səbəb Sarkisyanın rəhbərlik etdiyi Ermənistan ordusunun aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ağır məğlubiyyətə uğradılmasıdır. Sarkisyan və komandası məğlubiyyətlə barışmaq istəmirlər. Can atırlar ki, "4 günlük müharibə” zamanı əldən verdikləri strateji yüksəkliklərdən heç olmasa birini, yaxud müəyyən bir ərazini geri qaytarsınlar, bununla da "şanına” dastanlar qoşduqları "güclü erməni ordusu” mifini yaşatsınlar, nəyəsə qadir olduğunu göstərsinlər. Lakin bu istiqamətdə də onların bütün cəhdləri uğursuz alınır. İki-üç gündür ki, cəbhə boyu yaşayış məntəqələrimiz ən müxtəlif silahlardan atəşə tutulur, dinc sakinlərin əmlakına, şəxsi təsərrüfatına ziyan dəyir. Bununla belə, düşmən öz məqsədinə çata bilmir. Bunu hiss etdikdən sonra Sarkisyan öz müdafiə nazirini Moskvaya göndərib ki, müttəfiq hesab etdikləri, amma aksiyalar zamanı bayrağını yandırdıqları, təhqir etdikləri Rusiyadan əlavə silah-sursat dilənsin. Reallıq budur ki, həm cəbhədə, həm də regionda reallıqlar dəyişsə də işğalçı Ermənistanın mahiyyəti dəyişməyib. Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta işğalçılıq niyyətindən daşınmayıb. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞ PA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri bu günə qədər yerinə yetirilməyib. Təəssüf ki, Ermənistan dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, böyük güc mərkəzlərini heçə sayaraq işğalçılıq siyasətini bu gün də davam etdirir. Cəbhə xəttində yaşanan son hadisələr də bu siyasətin tərkib hissəsidir.
- İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar yolu ilə həllinin mümkünlüyünü bəyan edən Serj Sarkisyan bir neçə gün bundan öncə "Blomberg” agentliyinə verdiyi müsahibə bildirib ki, Ermənistan hazırda danışıqlara getmək istəmir. Ermənistan prezidentinin bu mövqesizliyi nə ilə bağlıdır, məgər rəsmi İrəvan müharibəyə hazırlaşır?
- Ermənistan ümumiyyətlə müharibəyə başlamaq niyyətində deyil. Ən azından ona görə ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə biləcək ordusu yoxdur. Aprel ayının ilk günlərində tərəflər arasında baş verən qısamüddətli müharibə, ermənilərin geri oturdulması, düşmənin strateji yüksəklikləri əldən verməsi, çoxsaylı canlı qüvvəsini, hərbi texnikasını itirməsi, silah-sursatını qoyub panika içində qaçması buna sübutdur. Ermənistan prezidentinin iki gün bundan öncə bir neçə generalı tutduğu vəzifədən azad etməsi də erməni ordusunun vəziyyətindən xəbər verir. Əgər Ermənistanın güclü ordusu olsaydı günü bu gün müharibəyə başlayar, niyyət etdikləri kimi düz Kür çayına qədər ərazilərimizi işğal edərdilər. Ancaq bir qədər əvvəl qeyd etdiyim kimi, onların belə bir gücü, qüvvəsi, potensialı yoxdur. Danışıqlardan qaçmağın yalnız bir səbəbi var: status-kvonu qoruyub saxlamaq. Bununla onlar ehtimal edirlər ki, Azərbaycanda Qarabağı, işğal altındakı rayonlarımızı görməyən yeni nəsil formalaşır və onlar bu ərazilər uğrunda savaşmayacaqlar, torpaqlar unudulacaq və sair. Ancaq yanılırlar. Aprelin əvvəlindəki döyüşlər göstərdi ki, kiçikdən böyüyə bütün Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi üçün mübarizəyə, silaha sarılmağa hazırdır.
- Fikir vermisinizsə, son günlər cəbhə xəttində atəşkəsin pozulması halları Rusiya rəsmilərinin İrəvana səfərlərindən sonra olub. Burada hər hansı əlaqə varmı, yoxsa sırf təsadüfi hal sayılmalıdır?
- Burada söhbət yalnız Rusiya rəsmilərindən getmir. Ümumiyyətlə, həmsədr ölkələr münaqişənin tənzimlənməsində açıq prinsipiallıq göstərmirlər. Misal üçün, fransalı həmsədr yenə də cəbhə xəttində tənzimləyici mexanizmlərin quraşdırılmasından danışır. Rusiya rəsmisi isə 5 aprel tarixində Azərbaycan və Ermənistan baş qərargah idarə rəisləri tərəfindən əldə edilən razılaşma ilə tarixin arxivinə qovuşmuş Bişkek protokolunun müddəalarından söhbət açır. Bu qəbildən olan hadisələr işğalçıya müəyyən mənada stimul verir. Ermənistanda ümid yaranır ki, status-kvo qorunub saxlanacaq. Ona görə də rəsmi İrəvan istər cəbhə xəttində, istərsə də diplomatiyada müəyyən təxribatlara əl atır. Əgər Minsk qrupunun həmsədr dövlətləri beynəlxalq prinsipləri, beynəlxalq hüququ, BMT-nin və digər qurumların qətnamələrini əsas götürərək prinsipial mövqe ortaya qoysalar, inandırıram sizi ki, bütün bu təxribatlar baş verməz. Təəssüf doğuran digər məqam budur ki, hazırda ABŞ prezidenti Barak Obama həm bizim regionda baş verənlərə yanaşmada, həm də bir çox qaynar regionlarda baş verənlərə yanaşmada özünü super güclü bir dövlətin rəhbəri kimi aparmır. Hətta öz ölkəsinin milli maraqlarının zərbə altında qalmasının da fərqinə varmır. Halbuki, ABŞ bu proseslərdə fəal olmalıdır. Con Kerrinin bəyanatına gəlincə, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, həmsədr dövlətlərdən istənilən birinin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə istənilən hərəkəti Azərbaycan tərəfindən alqışlanır. Ərazisinin 20 faizi işğal altında saxlanılan, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycan qədər bu münaqişənin həllində maraqlı olan ikinci bir dövlət yoxdur. Amma işğalçı Ermənistan istəmir ki, status-kvo dəyiºsin. Çünki, bu, onun maraqlarına cavab vermir. Bir həmsədr dövlət münaqişə tərəfi olan hər iki dövlətə təzyiqlər göstərməklə problemin birdəfəlik həll olunmasını istəmir. Digər həmsədr dövlət erməni diasporunun dəstəyini itirməmək, yaxud Dağlıq Qarabağ probleminin regionda xaos yaratmaq imkanını əldən verməmək üçün münaqişənin həllini tapmasını istəmir. Ona görə də problemin sülh yolu ilə tənzimlənməsində daha çox seyrçi mövqe tuturlar.
- "Dörd günlük müharibə”dən sonra Rusiya və Ermənistan mətbuatında tez-tez "Lavrov planı”ndan söhbət açılır, Dağlıq Qarabağ münaqişəsinin bu plan əsasında həllini tapacağı iddia olunur. Belə bir plan mövcuddurmu, nədən ibarətdir bu plan?
- Münaqişənin tənzimlənməsi üçün Rusiyanın planları çox ola bilər. Bunun əvəzində Azərbaycandan çox şey istənilə bilər. Lakin Rusiya, eləcə də Fransa və Amerika nəzərə almalıdır ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Azərbaycan öz torpağında heç bir kənar dövlətin hərbi bazasının olmasını istəmir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına yol verilməyəcək, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsip və tələbləri əsasında həll oluna bilər. Sadalanan ədalətli prinsip və tələblərin kənarında hər hansı plan qəbuledilməzdir və ola da bilməz. İndiki dövrdə milli və dövlət maraqlarımıza zidd hansısa prinsipi və planı Azərbaycana zorla qəbul etdirmək mümkünsüzdür. Əgər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının, onun dövlətinin və milli maraqlarının əleyhinə olan hər hansı plan qəbul edilməyibsə, bu gün də qəbul edilməyəcək. Çünki Azərbaycan o dövrdən fərqli olaraq hərbi, siyasi və iqtisadi baxımdan regionun güclü, lider dövlətidir. Sadəcə, reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində hansı həmsədr dövlət daha böyük rol oynayacaqsa, Azərbaycan həmin dövlətlə münasibətlərini daha da dərinləşdirəcək, inkişaf etdirəcək.
- Siz Tərtər rayonundan Milli Məclisə deputat seçilmisiniz. Hazırda isə cəbhənin Tərtər istiqamətində atəşkəs daha tez-tez pozulur. Son vəziyyət necədir orada?
- Tərtər rayonu indiyə qədər imkan verməyib ki, bir qarış da olsa torpağı düşmən tərəfindən işğal olunsun. 1990-cı illərin ən çətin anlarında Tərtər camaatı rayonu, kəndləri tərk etməyiblər, bütün çətinliklərə mərdliklə sinə gəriblər, ordumuzla birlikdə düşmənə qarşı savaşıblar. Dövlət idarələrinin saat mexanizmi kimi dəqiq işlədiyi bir dövrdə, ordumuzun gücünün bəlli olduğu bir zamanda, müdafiə nazirliyinin tez-tez cəbhə xəttinə baş çəkdiyi məqamda tərtərlilər əvvəlki illərdən daha çox mübarizlik, mərdlik, dəyanət nümayiş etdirirlər. Tərtər camaatı arasında, eləcə də cəbhə xəttindəki hərbçilərimiz arasında mənəvi-psixoloji ruh yüksək səviyyədədir. Ermənistan tərəfin atəşkəsi dəfələrlə pozmasına baxmayaraq, heç bir tərtərli bu gün də öz el-obasını, ev-eşiyini tərk etməyib. Çünki, güclü, qüdrətli Azərbaycan ordusuna, onun qətiyyətli Ali baş komandanına güvənir. İnsanlar gündəlik həyat tərzlərini yaşayır, şəxsi təsərrüfatları ilə məşğul olmaqdadırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər