• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

Böyük qayıdış: Ərazilərin bərpası Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi və nəzarəti altında aparılır - TƏHLİL

28.04.21 13:22 386
Böyük qayıdış: Ərazilərin bərpası Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi və nəzarəti altında aparılır - TƏHLİL
Tarixi adların qaytarılması
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər.
Əvvəlcə Cəbrayıl rayonuna gələn dövlət başçısı bu rayonun girişində bərpa edilən "Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsi ilə tanış oldu. Prezident qeyd etdi ki, burada Sovet vaxtı qoyulmuş bu abidə işğal dövründə tamamilə sökülüb, paslanıb. Tarixi ədalət bərpa olunaraq, Cəbrayıl rayonunun girişində yerləşən "Xoş gəlmişsiniz!” lövhəsi, abidəsi yenidən bərpa edilib.
Prezidentin Cəbrayıl rayonunun girişindəki bu yazıya diqqət yetirməsi tarixi zərurətdən irəli gəlir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin adları, yol göstəriciləri dərhal dəyişdirilməyə başlanmışdır. Gələcək nəsillərin tarixi yaddaşı üçün yaşayış məskənlərinin həqiqi adlarının yenidən özlərinə qaytarılması vacib məsələdir.
İşğaldan sonra dərhal bu bölgələrdə yenidənqurma işlərinə və tarixi toponimlərin qaytarılmasına start verilib.
Hərbi hissənin açılışı
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Bildirilib ki, DSX-nın yeni hərbi hissəsi ən müasir standartlara cavab verir və ərazisində bütün infrastruktur yüksək səviyyədə qurulub. Burada xüsusiylə qeyd etmək lazımdır ki, sərhəddə yaxın yerləşən hərbi hissə ən müasir silahlarla təchiz edilib. Hərbi hissədə yerləşən silahlar içərisində dəqiqlik qabiliyyəti 97 faiz olan İsrail istehsalı "Harop” dronlarını xüsusi qeyd etmək olar. Hansılar ki, 44 günlük müharibə zamanı Cəbrayıl rayonunda da ermənilərin bir çox hərbi texnikası ilə yanaşı, S-300-lərini də məhv edib.
Qeyd edək ki, Cəbrayıl-Zəngilan istiqamətləri işğaldan azad edilən bir çox yaşayış məntəqələri kimi olduqca vacib strateji önəm daşıyırlar. Müharibə bitdikdən sonra biz Azərbaycan-İran sərhədinin 132 kilometrlik sərhədinin tam bərpa edilməsi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməsi və hərbi hissənin fəaliyyətə başlamasının şahidi olduq. Prezident İlham Əliyevin"Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır”fikirləri kifayət qədər önəmlidir. Bununla da, Azərbaycan öz cənub qonşusuna bəyan edir ki, rəsmi Bakı işğaldan azad edilmiş bu sərhədyanı bölgələrin yaxın perspektivdə İran-Azərbaycan arasında dostluğun və mehriban qonşuluq siyasətində körpü rolunu oynayacağından əmindir və bu istiqamətdə lazımi işlər görüləcək. Unutmaq olmaz ki, 30 ilə yaxın ərzində bu bölgələrbeynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya və insan alveri məkanına çevrilmişdi. Nəzarətsiz sərhədlər bütün bölgənin, o cümlədən İranın təhlükəsizliyinə də ciddi təhdid, böyük risk idi. Bu baxımdan Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
İran və Azərbaycan arasında daha bir dostluğun rəmzi olan və bizim üçün tarix rəmz daşıyan Xüdafərin körpüsünü çıxışında yada salan Dövlət Başçısı Xudafərin körpüsününMüstəqillik Günündə - keçən il oktyabrın 18-də düşməndən azad edildiyi xatırlatdı.
Prezident İlham Əliyev Cəbrayılda sərhəd xidmətinin hərbi hissəsinin açılış nitqində Ermənistanı bir daha xəbərdar etdi. O bildirdi ki, bir müddət əvvəl Zəngilan istiqamətində ordumuza qarşı baş verən təxribat təkrarlanarsa, o zaman Azərbaycan həmin qüvvələri yerindəcə məhv edəcək:"Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”.
Xatırladaq ki,aprelin 21-də Ermənistanın Prezidenti Armen Sarkisyanın, Baş nazir Nikol Paşinyanın Zəngəzurun qərbinəsəfər etmələrindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədildi. Həmin vaxtDövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSXbölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan RF FTXSərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub. Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək, təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.
Azərbaycan Prezidentinin məhz həmin bölgəyə gələrək Ermənistanda baş qaldıran revanşist qüvvələrə"Bu çirkin əməllərdən əl çəkilsinlər, yoxsa onların axırı pis olacaq”xəbərdarlığından qorxu və kədər içində olan erməni silahlıları nəticə çıxarmalıdır.
Prezident eyni zamanda Azərbaycan və Ermənistan arasında sərhədlərin bərpası məsələsinə toxunaraq 500 kilometrə yaxın olan sərhəddə bütün lazımi infrastruktur işlərinin aparıldığını, bütün texnikanın səfərbər edildiyini bildirdi.
İlk "ağıllı kənd” pilot layihəsi
Prezident İlham Əliyev Zəngilan səfər zamanı Ağalı kəndində "Ağıllı kənd” təməlini qoydu. Ermənistan sərhədləri yaxınlığında yerləşən bu kənddə ən müasir dünya standartlarına cavab verən layihələrin həyata keçirilməsi, kəndlərarası yeni yolların çəkilməsinə başlanılması, təbii ki, qonşuluqda yaşayan ermənilər üçün ciddi sınaq dərsi olacaq. Biz bu gün çox qısa vaxt ərzində Zəngilanın Ağalı kəndi timsalında işğaldan azad olunmuş ərazilərdə ən müasir texnologiyalara əsaslanan quruculuq prosesinə başlanılmasının şahidiyik.
Birinci "Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Yuxarıda sadalananlar onu deməyə əsas verir ki, Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək.
Ağalı kəndində Prezident bu layihələrdə iştirak edən Türkiyə, Çin, İsrail, İtaliyaşirkətlərinin nümayəndələri ilə söhbət apardı. Məlum oldu ki, bir çox şirkətlərlə yanaşı, texnologiyaları sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan"Huawei-Azərbaycan” şirkətiQarabağda "Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. Eyni zamanda Qafqazda ilk dəfə olaraq məhz işğaldan azad edilmiş bölgələrdə şirkət tərəfindən "Qiqabit AirPON” texnologiyası istifadəyə veriləcək. Şirkət "Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, "ağıllı tədris”, "ağıllı səhiyyə” və "ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.
Prezident İlham Əliyevin Ağalı kənd sakinləri ilə səmimi görüşü, vətəndaşların dövlət başçısına minnətdarlığı, kənd sakinlərinin doğma torpaqlarına köçməyə hazır olması hər bir azərbaycanlının qürur duyacağı səhnələr idi.
Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd” layihəsinin təməlini qoydu.
Zəngilanda Beynəlxalq Hava Limanı, Zəngilan-Horadiz avtomobil yolu
Azərbaycan Prezidenti Zəngilana səfəri zamanı bölgənin gələcəyi üçün hərbi-iqtisadi strateji əhəmiyyət daşıyan hava limanının təməlqoyma mərasimində iştirak etdi. Burada xüsusilə vurğulamaq lazımdır ki, inşası sentyabr ayında başa çatması planlaşdırılan Füzuli aeroportu kimi Zəngilandakı hava limanı da bütün növ təyyarələri qəbul edəcək və beynəlxalq hava limanı statusu daşıyacaq.
Prezident İlham Əliyev qeyd etdi ki, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır:"Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.
Qeyd etmək lazımdır ki, Zəngilan və Laçın hava limanları olduqca vacib əhəmiyyət daşıyacaq. Bu aeroportlar həm iqtisadi, həm də hərbi logistika baxımından xüsusi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Zəngilan-Horadiz avtomobil yolunun da təməlini qoydu.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Zəngilanda məscidin bərpası
Prezident İlham Əliyev səfər zamanı Zəngilanda məsciddə olub. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirib, yaxın vaxtlarda tikintiyə start veriləcək. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı Zəngilanda dağıdılmış məscidlə tanışlıqdan sonra məscidin necə olubsa, elə də bərpa etmək lazım olduğunu bildirmələri tarixə verilən qiymətin nümunəsidir. Çünki bu gün bütün dünyada tarixi abidələrin saxlanılması və bərpasının aktual olduğu bir vaxtda öz qədimliyi ilə seçilən ölkəmizdə də belə abidələrə qiymət vermək olduqca vacibdir. Heydər Əliyev Fondu artıq uzun illərdir, Azərbaycanın tarixi-mədəni abidələrinin qorunmasında mühüm rol oynayır.
Zəngilanın iqtisadi əhəmiyyəti
Ümumiyyətlə, Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Habelə, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.Bundan başqa, Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaqdır.
Prezident İlham Əliyevin ailəsi ilə birlikdə işğaldan azad olunmuş rayonlara müntəzəm səfərləri onun göstəricisidir ki, dövlət başçısı şəxsən bütün bu proseslərə rəhbərlik edir və Azərbaycanın bütün torpaqlarına böyük diqqət və qayğı ilə yanaşır. Azərbaycan Prezidentinin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun, dost ölkələrin qabaqcıl şirkətləri cəlb olunmaqla həyata keçirilir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

banner

Oxşar Xəbərlər