• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

Büdrəyən “erməni soyqırımı” - FOTOLAR

30.04.21 16:00 1679
Büdrəyən “erməni soyqırımı” - FOTOLAR
Ermənistanın nicat yolu tarixi saxtakarlıqdan deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir
Ermənilər daim özlərini məzlum, başqa xalqlar tərəfindən təcavüzə uğramış toplum kimi dünyaya tanıtdırır, bunun üzərindən məskunlaşdıqları ərazilərdə siyasi, iqtisadi dividentlər əldə etməyə çalışırlar. Uydurma erməni soyqırımı da bu məqsədlə ortaya atılmış bir cəfəngiyyatdır. Tarixi faktları təhrif edən ermənilərin uydurmalarına görə, Birinci Dünya Müharibəsinin gedişində Osmanlı İmperiyası guya 1,5 milyon ermənini soyqırımına məruz qoyub. İllər keçdikcə dünyadakı erməni diaspor təşkilatları bu "soyqırımı qurbanlarının” sayını artırmaqdadırlar. Erməni siyasətçiləri, üzdə olan məşhurları indi də iddia edirlər ki, ötən əsrin əvvəllərində 2 milyona yaxın erməni soyqırımına məruz qalıb. Lakin reallıq tamam başqa mənzərəni ortaya qoyur. Belə ki, rəsmi İrəvanın 2018-ci ildə açıqladığı statistik məlumatlara görə, hazırda Ermənistanda 3 milyona yaxın əhali yaşayır. Amma qeyri-rəsmi məlumatlar onu göstərir ki, bu ölkədə yaşayanların ümumi sayı 2 milyon nəfərə yaxındır. Ümumilikdə isə dünyada 10 milyona yaxın erməninin yaşadığı məlumdur. Belə olan halda, 1915-ci ildə 2 milyona yaxın erməninin öldürülməsi inandırıcı deyil. Bundan başqa, Türkiyənin arxiv sənədlərində, tarixi mənbələrdə açıq şəkildə göstərilir ki, Osmanlı İmperiyasında ermənilərə geniş imkanlar yaradılıb, hətta onlara "milləti-sadiq” adı verilib. Ancaq Birinci Dünya Müharibəsinin gedişində Çar Rusiyası ilə separat danışıqlara gedən ermənilər yaşadıqları dövlətə arxadan zərbə vurub, minlərlə türkü qətlə yetiriblər. Belə olan halda dövlət erməni vətəndaşlarını cəbhəyanı ərazilərdən ölkənin başqa əyalətinə köçürmək məcburiyyətində qalıb.
Reallıqları görməzdən gəlirlər
Üstündən illər keçdikdən sonra daşnaklar bu faktları saxtalaşdıraraq "erməni soyqırımı” adı altında dünya ictimaiyyətinə sırımağa başlayıblar. Halbuki, 1905-1907, 1914-1918-ci illərdə Azərbaycan və Türkiyədə, həmçinin indiki Ermənistan ərazisində erməni silahlı birləşmələri tərəfindən yüz minlərlə müsəlman-türk qəddarlıqla qətlə yetirilib, ən dəhşətli işgəncələrə məruz qoyulub. 1920-ci ildən sonra azərbaycanlılara qarşı bu qətliamlar repressiyalar, kütləvi həbslərlə müşayiət olunub. 1948-1953, 1988-ci illərdə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunub. 1988-1994-cü illərdə Dağlıq Qarabağda erməni separatçılığının baş qaldırması, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, işğal nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə günahsız insan qətlə yetirilib. Ermənilər Azərbaycanın Qaradağlı, Başlıbel, Xocalı kimi yaşayış məntəqələrində soyqırımlar törədiblər. Erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən Türk Hava Yollarının Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb. Təəssüf ki, bəzi dünya dövlətləri bu həqiqətlər fonunda, yenə də erməni uydurmalarına dəstək verir, reallıqları görməzdən gəlirlər.
Türkiyəyə siyasi təzyiq cəhdi
Heç kimə sirr deyil ki, ermənilərdən daim alət kimi istifadə edən həmin dövlətlər bu "soyqırımdan” öz məqsədləri üçün yararlanmağa çalışıblar. Bu gün də "erməni soyqırımı” Qərbin, Avropanın əlində Türkiyə Cümhuriyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. ABŞ prezidenti Co Baydenin aprelin 24-də çıxışı zamanı öz nitqində "erməni soyqırımı” ifadəsini işlətməsi qeyd olunanlara daha bir misaldır. Maraqlıdır, Co Baydenin bu açıqlaması Türkiyəyə təzyiq rolunu oynamaqdan başqa, ermənilərə hər hansı xeyir, divident gətirəcəkmi? Bu ədalətsiz, qeyri-obyektiv açıqlama Ermənistanda yaşayan sadə erməninin həyatında nəyi isə dəyişəcəkmi?Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Ramin Məmmədov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Co Baydenin "erməni soyqırımı” ifadəsini səsləndirməsi Ermənistana, orada yaşayan hansısa erməniyə bəxtəvərlik gətirməyəcək. Onun sözlərinə görə, ABŞ prezidentinin soyqırımı ifadəsini işlətməsi heç bir tarixi fakta və dəlilə əsalanmır. Deputat deyib ki, bu, bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə siyasi təzyiq cəhdidir.

Sonda sağlam düşüncə qalib gələcək
YAP təmsilçisinin fikrincə, bu cür addımlar Türkiyə kimi böyük tarixə malik bir ölkəni öz yolundan döndərə bilməz: "Qondarma soyqırımı oyunu uzun illərdir ABŞ siyasi elitasının əlində Türkiyəyə təzyiq vasitəsinə çevrilib və artıq rəsmi Vaşinqton bu vasitədən istifadə edib. Baydenin bu ifadəni işləməsinin hansısa hüquqi nəticələr doğurması mümkün görünmür. Lakin şübhəsiz ki, ciddi siyasi nəticələri olacaq. Bu nəticələrdən biri ABŞ-ın çox güclü, etibarlı tərəfdaşlarından birini itirməsi ola bilər. Unutmaq olmaz ki, Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə əhəmiyyətli rol oynayan vacib dövlətdir. Görünür ,ABŞ siyasi elitasında bu reallığı düzgün qiymətləndirə bilməyən dairələr var. Bu cür açıqlamalar, mahiyyət etibarilə regionda əməkdaşlıq mühitinin yaradılmasına da mənfi təsir göstərə bilər. Hansıki son dövrlərdə bu istiqamətdə çox ciddi təşəbbüslər ortaya atılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Türkiyənin də fəal iştirakı ilə regionda bütün kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası istiqamətində bəzi addımlar atılmağa başlayıb. Belə bir zamanda Baydenin məlum açıqlaması Ermənistanda keçmişlə yaşamaq meyillərini gücləndirə, əməkdaşlıq təşəbbüslərinə qarşı müqavimətin artmasına xidmət edə bilər. Bu isə Ermənistana heç nə qazandırmayacaq. Ümid edək ki, sonda sağlam düşüncə qalib gələcək”.

"Erməni kartı” kimi saxta və gülünc iddia
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da hesab edir ki, Co Baydenin "erməni soyqırımı” ifadəsini dilə gətirməsi heç nəyi dəyişməyəcək və hazırda yaranan səs-küy ABŞ-Türkiyə münasibətlərində növbəti nifaq motivləri yarananadək sakitləşəcək: "ABŞ prezidentinin "erməni soyqırımı” ifadəsini dilə gətirməsindən qətiyyən təəccüblənmədim. Bu, ümumən Amerika dövlətçiliyinin mahiyyətindən irəli gəlir. Bayden deməsəydi də, hansısa başqa Bayden məsələni dilə gətirəcəkdi. ABŞ özünə qarşı alternativləri, güclü müstəqil meylləri qəbul etmir, onu əzmək istəyir, bir sözlə, hegemonluq iddiasındadır. Səbəb isə sadədir. Bu gün Türkiyə son 100 ildə olmadığı qədər güclüdür. Onun reginodakı tarixi nüfuzunu bərpa etmək əzmi, bu əzmi ən müxtəlif qlobal meydanlarda göstərməsi, Suriyadakı, Qara dənizdəki mövqeyi, Ağ dənizdəki, Kiprdəki qətiyyəti göz önündədir. Bəli, Ankaranın Qarabağda, 30 ilə yaxın müddətdə davam edən konflikdəki dirəniş missiyası daha konkret nəticədir. Belədə Vaşinqton sancmaq yollarını axtarmalıydı. Tapdığı isə budur - "erməni kartı” kimi saxta və gülünc iddia. Bu cür nəhəng ölkənin belə miskin yol tutmağı yalnız və yalnız təəssüf doğura bilər”.

Dünya gücün dünyasıdır
Şura sədri ABŞ siyasəti üçün soyqırımı mövzusunun nəyə görə aktual olmasına da aydınlıq gətirib. Qeyd edib ki, Birləşmiş Ştatlarda soyqırımın nə olduğunu, necə həyata keçirildiyini, hansı dəhşətlər doğurduğunu gözəl bilirlər: "Çünki bunu ediblər. Hindulara qarşı, eyni zamanda dünyanın dörd bir yanında həyata keçirdikləri hərbi əməliyyatlarda belə qeyri-insani davranışın ləkəsi boyunlarındadır. Təəssüf ki, ləkə utanc gətimir. Əksinə onu başqalarının üstünə atırlar. Harada, necə etməsindən asılı olmayaraq törətdikləri amansızlıqlara görə cavab verməli olacaqlar. İndi obrazlı desəm, köhlən atları düzdədir. Amma nə vaxtsa yolları çınqıla düşəcək. Necə ki, bütün imperiyaların yolu düşüb. İndiyədək 29 dövlət qondarma "erməni soyqırımı”nı tanıyıb. Nə dəyişib? Bu, Ermənistanı inkişaf etdiribmi? Türkiyəni sarsıdıb yolundan döndəribmi? Bu səs-küy ABŞ-Türkiyə münasibətlərində növbəti nifaq motivləri yarananadək sakitləşəcək. Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyədir. Bunu bütün beynəlxalq məsələlərə münasibətdə görürük. Yenə də gördük. Belədə ortaya sual çıxır – biz nə etməliyik? Türkiyə və Azərbaycan birlikdə inkişaf etməli, bütün sahələri, belə desək, "bayraqdarlaşdırmalıyıq”. Biz güclü olmalıyıq. Dünya gücün dünyasıdır. Və biz daha güclü olmaq yolunda əzmlə irəliləyirik”.

Bu, bəşəriyyət üçün müsbət heç nə vəd etmir
Politoloq Şəbnəm Həsənova isə bildirib ki, son illərdə Türkiyə ilə ABŞ arasında bir çox məsələlər üzrə fikir ayrılığı müşahidə olunub, ziddiyyətlər yaşanıb. Onun fikrincə, S-400 və F35 məsələsi ətrafında yaşanan olaylar, Türkiyənin son illərdə apardığı uğurlu hərbi əməliyyatlar və bütün bunları tək bir sözlə xülasə etsək, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin müstəqil xarici siyasət yürütməsi, eyni zamanda, Qarabağ məsələsində qeyri-şərtsiz Azərbaycanın yanında dayanması erməniləri, onların havadarlarını ciddi surətdə narahat edib. Politoloq deyib ki, türkün gücünə qarşı çıxa bilməyənlər son nəticədə tarixi yanlışlığa yol veriblər: "Yaranmış reallığı qəbul etmək istəməyən dairələr hər bir vəchlə belə addımlar atmaqla öz geosiyasi maraqlarını təmin etmək istəyirlər. Əslində isə tarix boyu ermənilər türkə nifrət bəsləyib, onlara qarşı soyqırımı törədib. 1915-ci ildə türklərə, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımları, eyni zamanda, 1992-ci ildə bütün dünyanın gözü önündə törədilən və insanlığın üz qarası kimi qiymətləndirilməli olan Xocalı soyqırımı bu qəbildəndir. Dar bir qrupun maraqlarını təmin etməkdən ötrü regionda və dünyada Türkiyə kimi güclü bir müttəfiqi qarşıya almaq qəbulolunmazdır. Əsassız faktlarla tarixin saxtalaşdırılması yolverilməzdir. Bu, həm o dövlətin özünün dünyada olan imicinə ziddir, həm də tarixin bu cür saxtalaşdırılması gələcək nəsillər, daha qlobal kontekstdə isə bəşəriyyət üçün müsbət heç nə vəd etmir”.

Tarixi və hüquqi əsası olmayan iddia
Ş.Həsənova qeyd edib ki, "erməni soyqırımı” ifadəsinin işlədilməsi Türkiyə-ABŞ münasibətlərinə fundamental zərbə olmaqla yanaşı, həm də Vaşinqton üçün tarixi yanlışlıqdır: "Türkiyə tərəfi dəfələrlə tarixi arxivlərin açılmasını və araşdırılmasını tələb etsə də, Ermənistan rəhbərliyi buna getmir, çünki arxivlərdə belə bir fakt yoxdur. O zaman bunun tarixi və hüquqi əsası da yoxdur. Bu baxımdan ABŞ kimi bir dövlətin erməni diasporunun əsirinə çevrilməsi təəssüf doğurur. ABŞ siyasi xadimlərinin özləri də bir neçə dəfə bəyan ediblər ki, arxivlərin araşdırılmasına görə, ermənilərin "soyqırımı” ittihamı əsassızdır, ümumiyyətlə, Osmanlı İmperiyası dövründə köçürülmə zamanı ölən və itkin düşənlərin sayı ermənilərin iddia etdikləri qədər deyil. Bir sözlə, reallıq odur ki, Türkiyənin inkişaf edən hərb sənayesi, İkinci Qarabağ savaşında dastan yazan pilotsuz uçuş aparatları dünyanın, türkü gözü götürməyən qüvvələrin canına qorxu salıb. Belə bir fonda Azərbaycan dövlətinin "erməni soyqırımı” ilə əlaqədar prinsipial mövqeyi xüsusilə diqqət çəkir. Azərbaycan belə bir addım atılmasının birmənalı olaraq əleyhinədir. Çünki Türkiyəyə qarşı hər hansı bir qərarı biz də özümüzə qarşı qərar kimi qəbul edirik. Nə Türkiyə, nə də Azərbaycan olaraq biz bu açıqlamanı qəbul etmir, qətiyyətlə pisləyir, eyni zamanda, bunu tarixin təhrif olunması istiqamətində dünya siyasi tarixi üçün müsbət nəticə və fayda gətirməyəcək olduqca yanlış bir addım kimi qınayırıq. ABŞ kimi böyük dövlət erməni lobbisinin əlində alət olmalı deyil. Ermənistanın bir dövlət kimi taleyinin müsbət olması tarixi saxtalaşdıraraq digər dövlətlərə, onların siyasətlərinə müxtəlif təsir rıçaqları ilə təzyiqdən deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər