• cümə axşamı, 25 aprel, 20:14
  • Baku Bakı 21°C

Bu il Azərbaycanda ÜDM-in 3 faizədək artacağı realdır

12.11.19 19:10 2857
Bu il Azərbaycanda ÜDM-in 3 faizədək artacağı realdır
İqtisadçılar bu dinamikanın növbəti illərdə də davam edəcəyinə əmindirlər

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ilin yekunlarına əsasən, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2,8 faiz artacağını gözləyir. Trend bu barədə bankın hesabatına istinadən məlumat verir. Hesabatda qeyd olunur ki, 2020-ci ildə ölkə ÜDM-i 2,4 faiz artacaq. Hesabata əsasən, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə başlamış bərpası 2019-cu ildə də davam edir. Bu ilin ilk 8 ayı ərzində ÜDM illik müqayisədə 1,4 faizdən 2,4 faizədək yüksəlib. Buna qeyri-neft sektorunun hesabat dövründə 1,9 faizdən 3 faizədək artması kömək edib.
Üçüncü dövrün sonuna olan vəziyyətə görə, qeyri-neft-qaz sənayesi, kənd təsərrüfatı və xidmətlər sahəsində istehsalın artımı göstəriciləri müsbətdir. Bundan başqa, kredit aktivliyi bərpa olunur, 2019-cu ilin yanvar-avqust aylarında inflyasiya aşağı səviyyədə - 2,6 faiz səviyyəsində qalıb. Bu, Mərkəzi Banka uçot dərəcəsini 200 baza punktu azaltmağa imkan verib. Bundan əvvəlki hesabatda qeyd olunurdu ki, neft qiymətlərinin artımının dəstəklədiyi sabit məzənnə fonunda inflyasiya orta hesabla 2017-ci ildəki 12,9 faizdən 2018-ci ildə 2,3 faizədək azalıb.

Bəs görəsən bu göstəricilər həqiqətən də reallığı əks etdirirmi? Ümumiyyətlə, növbəti illər üçün proqnozlar nə vəd edir?
İqtisadçı-ekspert Pərviz Heydərov söylədi ki, beynəlxalq maliyyə qurumlarının və reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı barədə son açıqlamaları ardıcıl olaraq müsbət xarakter daşıyır: "Ölkə iqtisadiyyatı haqqında söylənilən rəyləri və verilən proqnozları analiz etsək görərik ki, nəticələr müsbətə doğru dəyişib. Bunun da özlüyündə bir neçə səbəbi var. Son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunub, istehsal olunan ümumi daxili məhsul (ÜDM) həcmində onun xüsusi çəkisi üstünlük təşkil etməyə başlayıb, rəqabətqabiliyyətli, ixrac imkanlı məhsulların istehsalı genişlənib. Ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər daha da sürətləndirilməkdədir. Hesab edirəm ki, ixracımız getdikcə daha da genişlənəcək. Bunun nəticəsində xarici ticarət dövriyyəmizdəki müsbət saldo daha da böyüyəcək. Bütün bunlar isə son nəticədə ölkəyə yeni investisiya axını cəlb etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Ona görə də ÜDM-in çəkisində artıma nail olmaq bizim üçün çox vacibdir. Real şəraitdə isə bu, Azərbaycan iqtisadiyyatı üçün xüsusən tələb olunan bir amildir”.
İqtisadçı qeyd etdi ki, Azərbaycanda böyük iqtisadi islahatlar start götürüb. Ölkədə böyük struktur islahatları davam etdirilməkdədir: "Bu isə iqtisadi artımın dayanıqlılığını təmin etmək baxımından mühüm rol oynayır. 2019-cu ilin yanvar-sentyabr ayları üzrə statistik göstəricilərinə baxsaq görərik ki, ÜDM-in artımı 2,5 faiz səviyyəsində təşkil edib. Bu isə o deməkdir ki, ilin sonuna qədər bu göstərici bir qədər də yüksək ola bilər. Ötən illə müqayisədə ÜDM-in artım həcmində yaxşı nəticə əldə etmişik. AYİB-in proqnoz etdiyi rəqəmlər reallığı əks etdirir. Bu dinamikanın növbəti illər ərzində də davam etdiriləcəyi gözlənilir. Çünki həm xarici, həm də daxili iqtisadi amillər ölkə iqtisadiyyatının daha da inkişafına təkan verir. Belə bir şəraitdə ÜDM-in 2,8 faiz artımı olacağına dair heç bir şübhə yeri qalmır”.
İqtisadçı ekspert Rəşad Həsənov söylədi ki, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkə iqtisadiyyatı ilə bağlı açıqladığı proqnozu ilkin qiymətləndirmə kimi qəbul etmək olar: "Təbii ki, bu göstəricilər hesablanarkən iqtisadiyyatın müxtəlif sferalarında, xüsusilə qeyri-neft sektorunda gedən artım tempi nəzərə alınır. Həmçinin dünya bazarlarında neftin qiyməti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində son dövrlərdə həyata keçirilən strateji yol xəritələri də bu göstəricilərə təsir edən amillərdəndir. AYİB dövlət büdcəsinin xərclərinin artmasından qaynaqlanan məcmu tələbin artımı kimi məqamlara da diqqət edir. Hesab edirəm ki, növbəti illərdə də iqtisadiyyatın artım tempi 2 faizdən çox olacaq. Hal-hazırda növbəti illər üçün konkret göstəriciləri söyləmək düzgün deyil. Xüsusilə ÜDM-in formalaşmasında əsas rol oynayan komponentlərdən biri - xarici ticarət saldosunun neftin qiymətindən birbaşa asılı olması növbəti qiymət dəyişikliklərinin ÜDM-in həcminə təsir imkanlarını qüvvədə saxlayır. Yəni hələ də ölkə iqtisadiyyatı xarici amillərdən asılıdır. İndiki halda ÜDM-də təqribən 2 faiz artım var. Növbəti illərdə bu göstərici iqtisadi proseslərin inkişaf səviyyəsindən asılı olaraq dəyişəcək”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər