• cümə axşamı, 18 aprel, 08:51
  • Baku Bakı 12°C

Britaniyanın Azərbaycandakı səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib

30.01.23 17:45 553
Britaniyanın Azərbaycandakı səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak edib.

“Report”un əməkdaşı xəbər verir ki, səfir Bakının Yasamal rayonunda qurulmuş yas çadırına gəlib. O, yas mərasimində iştirak edib və şəhidin atasına başsağlığı verib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Xatırladaq ki, Orxan Rizvan oğlu Əsgərov 5 noyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindəndir. 1989-cu ildə 4 saylı Gəncə şəhər tam orta məktəbə daxil olub, 1998–1999-cu illərdə ABŞ-da təhsil alıb. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər” fakültəsində bakalavr, sonradan isə həmin universitetdə magistr təhsili alıb.

Azərbaycanın Rusiyada (2014–2015-ci illər), Ukraynada (2015–2016-cı illər) və Gürcüstandakı (2016–2017-ci illər) səfirliklərində hərbi diplomatik xidmət edib. 2018-ci ildə mühafizə rəisi vəzifəsinə yüksəlib və Türkiyənin İstanbul şəhərinə ezam olunub. 2021-ci ildən etibarən İran İslam Respublikasının Tehran şəhərində yerləşən səfirliyində hərbi diplomatik xidmətə başlayıb.

O.Əsgərov ailəli idi, bir oğlu, bir qızı yadigar qalıb.

banner

Oxşar Xəbərlər